Xədicə İsmayılovanın ölkədən çıxışına icazə verilmədi

09 Oktyabr 2017

Oktyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi araşdırmaçı-jurnalist Xədicə İsmayılovanın ölkədən çıxışına qadağanın aradan qaldırılması ilə bağlı müraciətinin təmin edilməməsi barədə Binəqədi rayon Məhkəməsinin qərarından verdiyi şikayəti təmin etməyib.

X.İsmayılova Binəqədi rayon Məhkəməsinə müraciət edərək, ölkədən çıxışına qadağanın aradan qaldırılmasını istəmişdi.

Jurnalist müraciətində göstərib ki, peşə fəaliyyəti ilə əlaqədar bir sıra beynəlxalq tədbirlərə dəvət olunsa da, bu məhdudiyyət üzündən iştirak edə bilmir.

Binəqədi Rayon Məhkəməsi avqustun 10-da jurnalistin iddiasını təmin etməyib. Apellyasiya şikayəti də həmin qərardan verilib.

Bakı Apellyasiya Məhkəməsində Namiq Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası Binəqədi rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

X.İsmayılova ölkədən çıxışının məhdudlaşdırılması ilə bağlı daha bir müraciətinə isə oktyabrın 10-da yenə Binəqədi Rayon Məhkəməsində baxılacaq.

X.İsmayılova bundan öncə də iki dəfə məhkəməyə müraciət edib. Jurnalist beynəlxalq tədbirlərə qatılmasına imkan yaradılmasını xahiş edib. Ancaq hər dəfə araşdırmaçı-jurnalistin müraciəti rədd olunub.

Jurnalistin ilk müraciəti üzrə iş artıq Avropa İnsan Hüquqları Məhkəməsinin icraatındadır.

X.İsmayılova 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası alıb. O, ittihamları qəbul etmir, araşdırma yazılarına görə sifarişlə həbs olunduğunu bəyan edir.

Jurnalist 2016-cı il mayın 25-də Ali Məhkəmənin qərarı ilə həbsdən buraxılıb. Əvvəlki hökm 3 il 6 ay şərti cəza ilə əvəz edilib. Avqustda isə Cinayət Məcəlləsinə dəyişikliklərdən sonra şərti cəzanın müddəti 2 il 3 aya endirilib. Ancaq şərti cəza ilə əlaqədar jurnalistə Ali Məhkəmənin təyin etdiyi 5 il sınaq müddəti elə olduğu kimi saxlanılıb. X.İsmayılovanın ölkədən çıxışına məhdudiyyət üzərindəki şərti cəza ilə əsaslandırılır.(amerikanın sesi)

Top
JoomlaLock.com All4Share.net