Müxalifət nümayəndələri Avropa İttifaqının rəsmisi ilə görüşüblər
Featured

06 Noyabr 2017

Cəmil Həsənli: ''Cəmiyyət Avropa Birliyi ilə imzalanacaq sənədin bütün detallarını bilməlidir''

Azərbaycanın müxalif qüvvələrinin təmsilçiləri noyabrın 6-da rəsmi Bakıya danışıqlar üçün səfər edən Avropa Birliyinin rəsmisi Andrean Paulla görüşüb.

Görüş Avropa Birliyi ilə Azərbaycan arasında hazırlanan əməkdaşlıq sazişinin müzakirəsi ilə bağlı olub.

Müzakirələrdə Milli Şuranın sədri Cəmil Həsənli, ReAL İH-nin üzvü Natiq Cəfərli və Müsavat Partiyasının başqanının müavini Tofiq Yaqublunun iştirak edib.

Məlumatı Meydan TV-ə verən C.Həsənli bildirib ki, görüş Avropa Birliyi ilə imzalanacaq sazişin hazırlıq mərhələsində hakimiyyətlə olan danışıqlarda müxalifətin mövqeyin öyrənmək məqsədi daşıyıb.

“Biz Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığı vacib hesab etdiyimizi və Azərbaycanı qurumun tərkibində görmək istədiyimizi ifadə etdik. Bu, strateji hədəfdir. Amma hökumətin siyasi, iqtisadi və sosial islahatlar aparmasına ehtiyacın olduğunu da vurğuladıq”, - C.Həsənli deyib.

Milli Şuranın sədri bununla paralel olaraq bildirib ki, hazırkı Azərbaycan standartları Avropa Birliyinin tələblərinə uyğun deyil.

“Yanaşmamız o oldu ki, Azərbaycan yalnız iqtisadi və enerji məsələlərində deyil, demokratiya, insan haqlarına münasibətində də Avropa Birliyi ilə əməkdaşlığa hazır olmalıdır. Elə Milli Şuranın son iki ayda üç miitinqində Azərbaycan bayrağından başqa Avropa Birliyinin bayrağı da qaldırılıb. Bu amil Milli Şuranın Azərbaycanı harda olmasının ifadəsidir”.

C.Həsənli deyib ki, Avropa Birliyi rəsmisi ilə seçki, insan haqları, Qarabağ problemində ərazi bütövlüyünün təminatı, korrupsiyanın məhdudlaşdırılması, siyasi məhbusların azad olunması, mətbuatın təqibi, sərbəst toplaşmaq azadlığı əsas müzakirə mövzusu olub.

İmzalanacaq sazişin detalları Andrean Paulla görüşdə müzakirə edilməyib. C.Həsənli bildirib ki, sazişin detalları açıqlanmasa da, yaxın üç ildə Avropa Birliyi-Azərbaycan arasında əməkdaşlığın konturlarının müəyyən edilməsi istiqamətində bəzi fikir mübadiləsi aparıldı.

Milli Şura sədri düşünür ki, Avropa Birliyi ilə imzalanacaq sazişin detalları ictimailəşməli, cəmiyyət Avropa Birliyi ilə imzalanacaq sənədin bütün detallarını bilməlidir.

“Biz 2001-ci ildə Avropa Şurasına üzv olanda sadəlöhvcəsinə hesab edirdik ki, qurum Azərbaycanı öz standartlarına uyğunlaşdıracaq. Təəssüf ki, əksi oldu. Bu mənada oxşar vəziyyətin Avropa Birliyi ilə baş verməsini istəməzdik. Ona görə cəmiyyət sazişdə söhbətin hansı istiqamətdə getdiyini bilməlidir. Məsələ ondadır ki, rəsmi təbliğatda Avropanın qorxunc obrazı yaradılır. Halbuki, tamam başqa mənzərədir. Faktiki olaraq, Azərbaycan vətəndaşlarının Avropa haqda məlumatları yoxdur. Ona görə azərbaycanlıların “köhnə qitə”yə səfərləri intensivləşməlidir, bunun üçün viza məsələsi sadələşməlidir”, - C.Həsənli deyib.

Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlıq haqqında müqavilə 1996-cı ildə bağlanıb. 2017-ci ilin fevral ayında AB ilə Azərbaycan arasında yeni müqavilənin bağlanması üçün danışıqların başladığı elan edilib. Bildirilib ki, müqavilə bütün sahələri, siyasi, iqtisadi, insan haqları və demokratiya, və sairi əhatə edəcək.

Avropa İttifaqının nümayəndələri qeyd ediblər ki, bu tip müqavilələr üçün danışıqlar adətən iki ilə yaxın davam edir.

Top
JoomlaLock.com All4Share.net