Beynəlxalq təşkilatlar Azərbaycana etiraz ediblər
Featured

12 Noyabr 2017

"Qanuna dəyişikliklər Azərbaycanın insan haqları sahəsində götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir''

İnsan Haqları üçün Beynəlxalq Tərəfdaşlıq təşkilatı oktyabrın 31-də qəbul edilən və məhkəmələrdə vətəndaşların təmsilçiliyini tənzimləyən düzəlişlərlə bağlı narahatlığını bildirib.

"Turan" İnformasiya Agentliyinin yaydığı məlumata görə, təşkilat qeyd edir ki, bunun qanun kimi təsdiq olunması narahatlıq doğurur.

İnsan Haqları üçün Beynəlxalq Tərəfdaşlıq təşkilatı bildirir ki, Azərbaycanda yalnız kollegiyanın üzvü olan vəkillər Ali və Konstitusiya məhkəmələrinə apelyasiya verə bilərlər.

“Təməl insan haqları və azadlıqlarının tez-tez pozulduğu və siyasi məhbusların sayının artmaqda olduğu bir ölkədə belə düzəlişlərin qəbulu geriyə doğru addım sayıla bilər”, təşkilat qeyd edib.

Bəyanatda deyilir ki, Vəkillər Kollegiyası Azərbaycan hökumətinin təsiri altındadır və onun 934 üzvündən çox azı siyasi motivli işləri üzərinə götürür.

Bu da qeyd olunur belə işlərlə məşğul olmaq istəyən vəkillər isə elə Kollegiyanın vasitəsilə məhkəmə proseslərindən “vəkillik etikası prinsipinin pozulması” bəhanəsilə kənarlaşdırılır.

“Müstəqil vəkil Xalid Bağırov indiyədək bir neçə siyasi məhbusun müdafiəsi ilə məşğul olub. Onu Şəki Apellyasiya Məhkəməsinin şikayəti ilə məhkəmə prosesindən kənarlaşdırıblar. Vəkil özü bunu tanınmış müxalifətçi lider İlqar Məmmədovu müdafiə etməsi ilə əlaqələndirir.

Bu yolla vəkillik fəaliyyətindəm uzaqlaşdırılmış başqa hüquqşünasların arasında Elçin Namazov, Fərhad Mehdiyev, Aslan İsmayılov, Müzəffər Baxışov və Əlaif Həsənov da var”, təşkilat bəyan edib.

Bəyanatda deyilir ki, bütün bunlara görə qanuna dəyişikliklər Azərbaycanın insan haqları sahəsində götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir.

İnsan Haqları üçün Beynəlxalq Tərəfdaşlıq təşkilatı bunları nəzərə alaraq Azərbaycan parlament və hökumətini təklif edilmiş düzəlişləri ləğv etməyə çağırır.

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak da öz növbəsində Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünasların məhkəmələrdə nümayəndə kimi çıxış etməsini məhdudlaşdıran dəyişikliyi tənqid edib.

O, bildirib ki, Azərbaycan Vəkillər Kollegiyası vətəndaşların ədalətli mühakimə imkanlarını məhdudlaşdıran alət ola bilməz. 

Qanunun qəbulundan sonra Qeyri Hökumət Təşkilatları Forumunun təşkilatçılığı ilə keçirilən müzakirələrdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İradə Cavadova bildirmişdi ki, islahatlar Avropa Şurasının təkidi ilə aparılır. 

Məhkəmələrdə Nümayəndəlik institutunun ləğvini nəzərdə tutan dəyişikliklər oktyabrın 31-də parlament tərəfindən qəbul edilib. Bir qrup hüquqşünas prezident İlham Əliyevə müraciət edərək, qanunu imzalamamağa çağırmışdılar. İlham Əliyev noyabrın 7-də qanunu təsdiqləyib. Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir. 

Qanuna görə, məhkəmə proseslərində yalnız Vəkillər Kollegiyasına üzv olan vəkillər iştirak edə bilərlər.

Mülki və inzibati məhkəmə proseslərində nümayəndə kimi yalnız yaxın qohumların iştirak edə biləcəyi nəzərdə tutulur. 

Qanuna etiraz edən bir qrup vəkil bildirib ki, bu Azərbaycanda müstəqil vəkillərin fəaliyyətini məhdudlaşdırcaq.

Top
JoomlaLock.com All4Share.net