İlham Əliyev: “Özünü müxalifət adlandıran ünsürlərin kitabı çoxdan bağlanıb”-VİDEO
Featured

14 Noyabr 2017

“Azərbaycanda bundan sonra da bütün azadlıqlar təmin ediləcəkdir. Biz demokratik cəmiyyət qururuq. Yeni Azərbaycan Partiyasının yaradılması demokratiyanın təzahürü idi. Buna baxmayaraq, o vaxt hakimiyyəti dövlət çevrilişi nəticəsində zəbt etmiş AXC-Müsavat cütlüyü ən antidemokratik addımlar atmağa hazır idi ki, bu partiyaya əngəllər törətsin. Ancaq Yeni Azərbaycan Partiyası o vaxt ölkədə siyasi sistemin yaradılmasına da çox böyük töhfə vermişdir. Bu gün biz demokratiya yolu ilə gedirik”.

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev YAP-ın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir: “Lakin sərbəst toplaşma azadlığından istifadə etməyə çalışan, özünü müxalifət adlandıran bir dəstə hesab edir ki, onlara qarşı hansısa süni əngəllər törədilir. Halbuki bu, qətiyyən belə deyil, o uğursuz mitinqlərin səbəblərini onlar özlərində axtarmalıdırlar. Xalq o ünsürlərə çoxdan yox deyib. Onlar üçün Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Ona görə yox ki, biz onlara maneçilik törədirik. Ona görə ki, onların, necə deyərlər, kitabı çoxdan bağlanıb. Qeyri-konstruktiv hərəkətləri, aqressiv davranışları onlara xalqın nifrətini birə-on artırır.

Xüsusilə indiki şəraitdə, internet dövründə nəyisə gizlətmək mümkün deyil. Azərbaycan xalqı çox yaxşı bilir ki, bu gün özünü müxalifət adlandıran bir dəstə xaricdən idarə olunur. Onlara xaricdən komandalar verilir. O komandalar nəticəsində müəyyən dövrdə hərəkətə keçirlər, fəallaşırlar. Sonra da görəndə ki, mitinqlərinə min nəfərdən az adam gəlir, necə deyərlər, suyu süzülə-süzülə yenə kənara çəkilirlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı xaricdən idarə olunan ünsürlərin - beşinci kolonun ölkəmizdə hansısa mövqelərə sahib olmasına heç vaxt imkan verməyəcək.

Metodologiya da çox bəsitdir, çox sadədir. Xaricdə bir yalan uydurulur, bir şər-böhtan kampaniyasına rəvac verilir. Ondan sonra bu yalan, böhtan xarici mətbuatda dərc edilir. Daha sonra bunun əsasında da müəyyən tərpənmə, - mən canlanma deməzdim, - müşahidə olunur. Bu tərpənmə bir-iki mitinqdə özünü göstərir. Həmişə olduğu kimi, axırıncı mitinq onun təşkilatçıları üçün məyusedici olur, bununla da məsələ qurtarır.

Yəni, bu gün siyasi mübarizəni bu formada aparmaq istəyən dəstəyə, - bunlara heç qüvvə də demək olmaz, - heç nə dərs olmur. Vaxt dəyişir, insanlar dəyişir, Azərbaycan dəyişir, siyasi mübarizə metodları dəyişir, onlar isə hələ də köhnə təfəkkürlə yaşamaq istəyirlər və öz mənasız həyatlarını bu işlərə sərf edirlər”, - deyə, dövlət başçısı əlavə edib.

Top
JoomlaLock.com All4Share.net