Abbas Hüseynin anası məhkəmədə etiraz etdi-VİDEO
Featured

01 Mart 2018

''Nardaran işi''-nə görə həbs edilənlərin kassasiya şikayəti təmin edilməyib.

Bu gün saat 10:00-da Ali Məhkəmədə "Müsəlman Birliyi" Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə və onlarla birlikdə mühakimə olunan digərlərinin kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, hakim Şahin Yusifovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərdən Abbas Hüseyn və Abbas Quliyev iştirak edib. Hər iki şəxs və təqsirləndirilən Şamil Abduləliyev ötən iclasda məhkəməyə ərizə yazaraq iclasda iştirak etmək istədiklərini bildirmişdilər. Onlardan Şamil Abduləliyev səhhətində yaranan problemə görə iclasda iştirak edə bilməyib. Yaxınlarının verdiyi xəbərə görə, Nardaran olayları zamanı aldıı güllə yaralarından sağlamlığını itirən Şamilin ayaqlarında çürümə gedir. 

Xatırladaq ki, Ş.Abduləliyev Nardaranda keçirilən əməliyyat zamanı güllələnib və həmin güllələr onun bədənində indiyə kimi qalır. Vəkillər bu gün iclasda bildiriblər ki, Ş.Abduləliyev hərəkət qabiliyyətini itirə bilər.

Abbas Hüseyn çıxışı zamanı ədalətsiz yerə həbs edildiklərini və bütün məhkəmələrin sifarişlə işlədiyini bildirib. O, vəkillərinin yanında əyləşməsi, digər təqsirləndirilən şəxslərin də məhkəmədə iştirakının təmin edilməsi barədə vəsatətlər verib.

A.Hüseynovun sonda hakimlərə müraciət edib:

"Bir var, Allahın dostu olub haqqı müdafiə edəsən, bir də var Şeytanın dostu olub nahaqqı. Bunlardan birini özünüz seçin".

İclasda vəkil Nemət Kərimli çıxış edərək deyib ki, təqsirləndirilən şəxslər barəsində çıxarılan hökm əsassızdır. Vəkil birinci instansiya məhkəməsində bir çox vəsatət verdiklərini, lakin təmin edilmədiyini bildirib. Onun sözlərinə görə, məhkəmə iclas protokollarında təhrifə yol verilib:

"İstintaq və məhkəmə bu işə qərəzlə yanaşıb. Şamil Abduləliyevin bədənindən niyə güllələri çıxarmırlar? Niyə ona zülm eləyirlər? Faşizm əsirliyində belə hallar olurdu.

Əməliyyat zamanı saxlanılan şəxslərdə silah olmayıb. Həmin evə hücum edib adamları güllələyiblər".

Vəkil həmin şəxslərə bərəat verilməsini istəyib.

Müşavirədən sonra hakim şikayətlər təmin edilmədiyi haqqında qərarı elan edib. Qərarın elanı Abbbas Hüseynin anası Rəhimə Hüseynovanı qıcıqlandırıb. O, hakimiyyətin öz xalqına olan nifrətinin, qəzəbini lənətləyib. 

Top
JoomlaLock.com All4Share.net