Fuad Əhmədovun apellyasiya şikayəti təmin edilmədi
Featured

04 Oktyabr 2018

Bu gün (oktyabrın 4-də) Bakı Apellyasiya Məhkəməsində AXCP fəalı, siyasi məhbus Fuad Əhmədovun növbəti məhkəmə prosesi keçirilib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, açıq keçirilən məhkəmədə KİV nümayəndələri, ictimai-siyasi fəallar, siyasi məhbus ailələri və Fuad Əhmədovun ailə üzvləri iştirak edib.  

Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən məhkəmədə F.Əhmədlinin cəza müddətinin üçdə birini çəkməsi ilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılması haqqında Suraxanı rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli qərarından verilən apellyasiya şikayətinə baxılıb.

 F. Əhmədlinin vəkili Əsabəli Mustafayevin vəkillik fəaliyyəti Vəkillər Kollegiyası tərəfindən birillik dayandırıldığı üçün ötən məhkəmə iclasında hakim ona dövlət tərəfindən vəkil təyin edilməsini təklif etmişdi. Bu gün keçirilən iclasda siyasi məhbusu dövlətin təyin etdiyi vəkil müdafiə edib.

Fuad Əhmədli çıxışı zamanı bildirib ki, istintaqın gedişi zamanı 3 dəfə cəzalandırılıb. Amma bunların cəzaçəkmə müəssisəsinə dəxli olmayıb. Lakin müşavirədən sonra hakim konkret dəlil-sübut gətirməsə də Suraxanı rayon Məhkəməsinin qərarının qüvvədə qaldığını bildirdi. 


YADDAŞ

AXCP fəalı Fuad Əhmədli 2016-cı ilin avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq Fuad Əhmədlinin "Azərfon" MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürdüyünü bildiriblər.

İttiham aktında onun mənzilində axtarış zamanı türkiyəli din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapıldığı da öz əksini tapıb. Fuad Əhmədli CM-nin 302 (əməliyyat və axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham edilir.

16 iyul 2017-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsi gənc fəalın 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

17 avqust 2017-ci il tarixdə bu qərardan verilən apellyasiya şikayəti təmin edilməyib. Ali Məhkəmə 7 mart 2018-ci il tarixdə kassasiya şikayətini təmin etməyib.

Top
JoomlaLock.com All4Share.net