Ölüm ayağındakı atasını görməyə gələn siyasi mühacir həbs edilib
Featured

12 Oktyabr 2018

Azad Həsənlinin harada saxlanıldığı bilinmir

Müsavat Partiyasının Suraxanı rayon təşkilatının üzvü Azad Həsənli oktyabrın 11-də saxlanılıb. Məlumatı onun yaxınları və partiyadaşları sosial şəbəkələrdə yayıblar.

Vetenugrunda.az Azad Həsənlinin yaxınlarının paylaşdığı məlumata istinadən bildirir ki, siyasi mühacir Azad Həsənli ölüm ayağında olan atasını görmək üçün oktyabrın 10-da Azərbaycana gəlib 11oktyabrda, səhər saatlarında həbs olunub.

Azad Həsənlinin xanımı Təranə Həsənovanın "Bastainfo"-ya verdiyi məlumata görə, o, Bakı hava limanında problemlə üzləşməsə də, sonradan həbs edilib:

"Azad dünən saat 9-da Bakıya zəng vurdu. Dedilər, atan can verir. O, təcili bilet aldı və saat 3-də Bakıya çatdı. Problemsiz sərhədi keçib, günortaya qədər atasıyla bir yerdə olub. Sonra məscidə gedib namaz qılmağa. Orada 662 nömrəli qara “Hundai” maşından düşən mülki formalı şəxslər, onun qollarını burub maşına oturdublar. Qardaşı yaxınlaşıb kömək etmək istəyəndə, onu sinəsindən itələyib deyiblər ki polisdənik".

Azad Həsənlinin harada saxlandığı bilinmir.

Müsavat Partiyası mətbuat xidmətinin verdiyi məlumata görə, Azad Həsənli 2003-cü ildən Müsavat Partiyasının fəal üzvüdür. O, 2014-cü ilin fevral ayından mühacirətdədir, ailəsi ilə birgə Litvada siyasi sığınacaq alıb.

Top
JoomlaLock.com All4Share.net