Azad Həsənovu narkotik ittihamı ilə həbs ediblər
Featured

15 Oktyabr 2018

Ölüm ayağında olan atasını görmək üçün Litvadan Azərbaycana dönən və hava limanındaca həbs edilən siyasi mühacir Azad Həsənovun ittihamı bəlli olub.

Bu barədə A.Həsənovun vəkili Osman Kazımov məlumat verib: "Oktyabrın 11-də saxlanılan A.Həsənov barəsində Xətai Rayon Məhkəməsi 4 aylıq həbs-qətimkan qərarı verib: "Azad Həsənov Azərbaycan Cinayət Məcəlləsinin 234.4.3-cü (Narkotik vasitələri hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddəsi ilə ittiham edilir. Cinayət işini Bakı Şəhər Baş Polis İdarəsi aparır".

Həmin maddədə qeyd edilən əməllər sübuta yetirilərsə, A.Həsənovu əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək həbs gözləyir.

Vəkilin bu açıqlamasını, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Xatırlatma
A.Həsənov 2014-cü ildən Litvada yaşayırdı. Bakıya oktyabrın 11-də səhər saatlarında gəldiyi bildirilir. Gəlişinə səbəb kimi isə atasının onkoloji xəstə olması göstərilir. Yaxınlarının deməsinə görə, oktyabrın 11-i Hövsanda atası evinin yaxınlığında onu mülkigeyimli şəxslər saxlayıb.

A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürdükdə A.Həsənov onun Seçki Qərargahının üzvü olub. Müsavat Partiyası bəyanat verərək həbsi siyasi motivli sayıb. Hərçənd rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

Top
JoomlaLock.com All4Share.net