Taleh Bağırzadə: Mənə işgəncə veriləndə həzz alırdım
Featured

05 Noyabr 2018

"Bu hakimiyyət islah olunan deyil"

Günün ikinci yarsında çıxışını davam edən T.Bağırzadə deyib ki, Nardaran hadisələrindən əvvəl onlara bir seçim qoyulub:

"Ya bu hakimiyyətlə razılaşmalı,ya da cəzalanmalı idik. Biz Azərbaycan xalqının xilas yolunu demişik. Bir gün xalq öz hakimini seçəcək. Bu hökumətdə ədalət deyilən şey yoxdur. Əvvəllər ümid edirdim ki, islahatlar olacaq. Ancaq "Bandotdel"ə düşəndən sonra onların əsl simalarını gördüm. Bu hakimiyyət islah olunan deyil.

Mən oraya inamlı, sivil adam kimi girmişdim. Çıxanda inqilabçı kimi çıxdım. Biz inqilab edəcəyik və bu sivil yolla olmalıdır. "Bandotdel"də Əbülfəz Bünyadovun sinəsinin üstündə oturub ağzına zorla araq tökürdülər. Bunlar yezid xislətlidirlər. Bu, Azərbaycan hakimiyyətinin simasını göstərir. Biz dünyada mühakimə olunaq, amma axirətdə yox.

Biz buna razıyıq. Biz olmasaq da, başqaları gələcək. Deyirlər ki, siyasi məhbus yoxdur. Necə yəni yoxdur? Xalq öz rəhbərini seçməlidir. Konstitsiyaya əməl olunmur. Hakimiyyəti mənimsəmək ən böyük cinayətdir. Onlar öz layiqli cəzalarını alacaqlar. Biz istəyirik qanunlara əməl edilsin. İlham Əliyevin əlacı olsa Ramil Usubovu bu uğursuz əməliyyata görə "Azneft"də asar. Mən xalqı ayıq olmağa çağırıram. Ya ayağa qalx, ya tamam yan Azərbaycan!"

İlham Əliyevə müraciət

Daha sonra İlham Əliyevə müraciət edib: "Nardaran qətliamının törədilməsində əsas rolu oynayan Ramil Usubovun düşüncə və əməlləri haqqında bir neçə mühüm məqamı çatdırmaq istəyirəm. Azərbaycan cəmiyyəti bu şəxsi atanızın və sizin rəhbərliyiniz dövründə çox ziqzaqlı fəaliyyəti ilə tanıyır.

Belə ki, 2005-ci ildə onun rəhbərlik etdiyi nazirlikdə yuva salmış poqonlu quldurlar ifşa olunanda əsl polis işçisinə məxsus qürurla istefa verib getmək əvəzinə, dünyasını dəyişmiş və bu səbəbdən həmin vaxt özünü müdafiə edə bilməyən atanız Heydər Əliyevi şantaj edərək, hansısa cinayətkarın onun göstərişi ilə azadlığa buraxıldığını bildirdi və beləcə, şantajla postunda qalmağı bacardı.

Daha sonra 2015-ci ilin noyabrında Nardaranda baş vermiş qətliamda yenə özünü hər şeydən kənarda qoymaq məqsədilə cəmiyyətə sizi nişan verərək, mətbuatda "qəsəbədə baş vermiş qanlı əməliyyatın keçirilməsinə göstəriş prezidentdən gəlib" açıqlamasını verdi.

Hər şeyi başa düşmək olar, lakin cənab Usubovun hərəkətlərini anlamaq çox çətindir. Lap deyək ki, o cinayətkarı buraxmağa sizin atanız göstəriş verib, lap tutaq ki, Nardaranda o qanlı əməliyyatın keçirilməsinə şəxsən siz göstəriş vermişdiniz, bəs bütün bunları xəbər verməkdə Usubovun niyyəti nədir? Axı müdrik atalar deyir ki, kişinin yanında baş kəsərlər...

Cənab Əliyev, naziriniz Ramil Usubovun hərəkətləri bununla bitmir. Belə ki, bizim məhkəmə prosesində qondarma cinayət işinin materiallarına əlavə edilmiş "Tale Bağırzadənin müraciəti" adlı kitabçada ulu naziriniz Usubovun sizin və hakimiyyətinizin haqqında olan ürək sözləri öz əksini tapıb. Hətta həmin Əlövsət Abbasov belə, bu məşhur kitabçanın tədqiq olunmasından imtina edərək, Ramil Usubovun qəzəbinə tuş gəlməkdən qorxdu.

İlk olaraq, bu kitabçanın mənə aid olmadığını sizə açıq dəlillərlə sübut etdikdən sonra əsas mətləbə keçirəm.

Cənab Əliyev, siz ali təhsilli, ingilis dilində danışmaq bacarığına malik şəxssiniz, yəqin bu kitabçanın mənə aid olmaması ilə bağlı gətirdiyim dəlilləri anlamaqda çətinlik çəkməyəcəksiz. Dəlillər isə bundan ibarətdir ki, bu məşhur kitabçanın mətnində Nardaran hadisələrinə işarə olunur. Məlumunuz olsun ki, Nardaran hadisələri 26 noyabr 2015-ci ildə baş verib. Şübhəsiz ki, bu kitabçanı Nardaran əməliyyatının keçirildiyi zaman kəsiyində yazmağım qeyri-mümkündür.

Deməli, bu kitabça mən həbs olunandan sonra yazılıb. Mənim də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında bu kitabçanı hazırlamağım qeyri-mümkün olduğuna görə, deməli, bu kitabçanın müəllifi də mən yox, sizin naziriniz Ramil Usubovdu.

Niyə Ramil Usubov? Ona görə ki, Nardaran əməliyyatında bizim qardaşlarımızı güllə atəşinə tutaraq, məzlumcasına şəhid edən polis cildində quldurların içində şəxsən Ramil Usubov yoxdu. Lakin hadisədən sonra Usubov televiziya kanalları vasitəsilə Nardaranda şəhid edilən qardaşlarımıza hörmətsizlik edərək, "beş nəfəri məhv etdik" açıqlamasını verdi.

Buna əsasən, "Hacı Tale Bağırzadənin müraciəti" adlı kitabçanın da birbaşa Ramil Usubov tərəfindən yazılması məlum olmasa da, onun rəhbərlik etdiyi qurumun bu kitabçanı təşkil etməsinin məsuliyyəti birbaşa Usubovun boynundadır. Bu səbəbdən də həmin kitabçanın müəllifinin Ramil Usubov olduğunu qeyd edirəm.

İndi isə keçək nazirinizin bu kitabçada mənim adımdan istifadə edərək, sizin və hakimiyyətinizin haqqında yazdığı ürək sözlərinə. Kitabçada sizin haqqınızda "oğru İlham Əliyev", hakimiyyətiniz haqqında da "fahişəliyin tərənnümü olan hakimiyyət" ifadəsi işlədilir.

Bundan əlavə, məhkəmə prosesi zamanı verilən ifadələrə əsasən, xanımınız Mehriban Əliyevanın yüksək çinli polis məmurları tərəfindən ağır formada təhqir olunması haqda çox ciddi məlumatlar açıqlandı.

Yadınıza salım ki, 2013-cü ilin mart ayının 31-də Ramil Usubovun şər maşını məni şərləyərək, cibimə narkotik vasitə atıb həbs edəndə görkəmli sənətkar Zeynəb Xanlarovanın adından istifadə etmək istədilər. Ancaq həmin vaxtlar millət vəkili Zeynəb xanım cəsarətlə "kimi tutmaq istəyirsizsə, kişi kimi öz adınızdan tutun, mənim adımı bu işə qatmayın" - dedi.

Zeynəb xanımın bu cəsarəti müqabilində sizin ictimai-siyasi məsələlər üzrə köməkçiniz, "Nardaran əməliyyatı"nın əsas ssenaristlərindən biri olan Əli Həsənov Zeynəb xanımı yetkin siyasətçi olmamaqda ittiham etmişdi. Yəqin Əli Həsənovun nəzərində yetkin siyasətçi üçün kriteriyalarda "üzə durmaq" əsas şərtlərdən hesab olunur.

Mən də öz növbəmdə Zeynəb xanımın cəsarətli mövqeyindən çıxış edərək, Ramil Usubov və komandasına deyirəm ki, mənim adımdan istifadə edib İlham Əliyev və onun xanımı Mehriban Əliyevaya ürək sözlərinizi deməyin. Kişiliyiniz çatırsa, öz adınızdan o sözləri deyin.

Cənab Əliyev, yəqin ki, sizə mənim haqqımda müxtəlif məlumatlar verilib. Lakin istərdim kimliyim haqqında sizə özüm məlumat verim ki, kiminlə qarşı-qarşıya gəldiyinizin fərqinə varasınız.

Mən yetkinlik yaşına çatdıqdan, özümü qismən dərk etdikdən sonra İmam Hüseynlə (ə) tanış oldum. O böyük inqilabçı şəxsiyyətin məhəbbəti qəlbimi alovlandırdı, ali məqsəd və məramımı, əqidəmi, düşüncələrimi möhkəmləndirdi.

Həzrəti Hüseyn (ə) bizə Allahı xalisanə sevməyi, Ona təslim olmağı, Onun yolunda canından, malından, bir sözlə, hər şeyindən keçməyi, zülmlə, zalımlarla barışmamaq, qətiyyətlə mübarizə aparmağı eşq yolu ilə öyrətdi. Allah nəsib etdi, müqəddəs Kərbəla ziyarətinə gedərək, könüllərin sultanı Həzrəti Hüseynlə (ə) son nəfəsimizə qədər bu mübarək yolda sabitqədəm olacağımıza and içərək, sədaqət əhd-peymanı bağladıq. Uca Allahdan o böyük şəxsiyyətin ehtiramına xatir şəhadətin nəsibimiz olmasını təmənna etdik. Həzrəti Hüseyn (ə) məktəbi həyatımızın mənasına çevrildi.

Cənab Əliyev! Sizin və hakimiyyətinizin illərdi Taleh Bağırzadəyə qarşı zülm və haqsızlıqlarının əsas səbəbi Taleh Bağırzadənin şəxsindən qorxmağınızda deyil. Hakimiyyətinizi qorxudan və sarsıdan Taleh Bağırzadənin qəlbində daşıdığı nəcib İmam Hüseyn (ə) sevgisi və Hüseyni düşüncələridi.

Əslində, haqqınız da var qorxasınız. Çünki 1400 ildir bu əzəmətli Hüseyni düşüncə – "Ölümü səadət, zalımlarla yaşamağı zillət sayıram" pıçıltısı zalım hakimlərin yuxularını ərşə çəkib, həyatlarını kabusa çevirib.

Sizi əmin edirəm ki, Nardaran faciəsini törətməklə, günahsız insanların qanını axıtmaqla öz hakimiyyətinizin sonunu yaxınlaşdırdınız. Əgər bir hakimiyyət yersiz güc nümayiş etdirərsə, həmin güç onun məhvinə səbəb olacaqdır.

Sonda sizdən tələb edirəm ki, əgər cəsarətiniz varsa, mənə veriləcək ömürlük həbs cəzasını başqa bir cəza növü ilə əvəz etməyəsiniz.

Biz bu şərəfli xalqın azadlığı uğrunda, gələcək xoşbəxtliyi naminə nəinki ömürlük həbs cəzası almağa, hətta edam olunmağa, tonqalda diri-diri yandırılmağa hazırıq. Qoy Allah bizim və sizin aranızda Hakim olsun".

"Demədiyim sözləri ifadəmə yazıblar"

Daha sonra Cahad Babazadə son sözlə çıxış edib. O, bildirib ki, ruhaniyə ömürlük cəza verən hakimiyyət onun kimi dinc sakinə qarşı hər şey edə bilər:

"Mən azad sözümü xalqa çatdırıram. Mənim demədiyim sözləri ifadəmdə yazıblar. Bütün ittiham saxtadır. Burada sifariş verənin sözü keçir. Bizə də ömürlük verin bizi hacıdan ayırmayın.

Bizim dörd qardaşımızı öldürmüsünüz, amma onların ruhu bizimlədir". Daha sonra Etibar İsmayılov çıxış edib. O, bildirib ki, məhkəmə müstəqil deyil:"Bizim hamımıza ömürlük verin bitsin. Biz şəhid olmalı idik, amma olmadıq. Demək, Allahın istəyi belədir. Mən Qarabağda döyüşmüşəm, bir qəlpəli qumbara görməmişəm. Əli Həsənov, İlham Əliyevin bizə qoyduğu silahlarla Qarabağı almaq olardı.

İlham Əliyevlə Ramil Usubov bilsinlər ki, biz qanımızla onları boğacağıq. Hanı bizim barmaq izləri, sizin hal şahidləri? Biz söz azadlığına görə həbs olunmuşuq. Onların etdikləri Yezidin hərəkətlıri ilə eynidir. Bizim qanımız ölkədəki çirkabı təmizləyəcək. Bu xalq nə vaxta kimi yatacaq?Nardaran hadisələri bunların iç üzünü açdı".

Daha sonra Fərhad Balayev çıxış edib. O da ittihamları saxta adlandırıb:

"Deməyə sözüm çoxdur. Ancaq bir kəlmə deyim ki, bu hakimiyyət çox şərəfsiz hakimiyyətdir". İclasda Ramin Yarıyev də çıxış edib. O bildirib ki, ölkədə zülm ərşə çəkilib və hakimiyyət öz kölgəsindən qorxur.

Proses yanvarın 18-də davam edəcək.

"Nardaran işi"nə görə təqsirləndirilənlər son söz deyir

"Təəssüf ki, biz burda müttəhim kimi çıxış edirik, lakin zərərçəkmişik.Deyilənlərin hamısı böhtan və absurddur. Bunlar şahid ifadələrindən də sübut edildi".
Bu fikirlər "Nardaran işi"ndə təqsirləndirilən Bəhruz Əsgərovun son sözündəndir.

Xalq bizim bəraətimizi verib

Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə və digərlərinin məhkəməsi davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda təqsirləndirilən Bəhruz Əsgərov son söz deyib. O, ittiham üzrə özünü təqsirli bilməyib:

"Nardaranda polislər qadınlara, uşaqlara, bizə atəş açıb, güllə yağışına tutublar. Bədənimdə hələ də güllə yaraları qalmaqdadır. Məni xəstəxanaya polis yox, kənd adamları aparıb. Bizi xəstəxanada həbs etdilər. Orada məni vurmaq istədilər, lakin polislərdən biri qoymadı. Orada bildim ki, bizi həm də polis ölümündə ittiham edirlər. Reanimasiyada məndən ifadə alıblar. Həmin vaxt mənə morfi vurmuşdular. Ağlım başımda deyildi. Yazılanlara qol çəkdim. "Bandotdel"ə aparılanda dedilər, səndə qumbara olub. Mən də dedim, yalandır. Həmin vaxt bir ayağım gipsdə idi.

Mənə heç bir yardım göstərilmədi. Heç təbii ehtiyacımı da ödəyə bilmirdim. Mən məhkəmədən heç nə gözləmirəm. Çünki məhkəmə hər şeyə göz yumdu. Siz bu işə sifarişlə baxırsınız. Xalq bizim bəraətimizi verib. Azərbaycanın elə görkəmli xadimləri olub ki, onlara həbs verilib. Lakin onlar hər zaman yad edilir. Hökm oxuyan hakim isə lənətlənir". Hakim isə deyib ki, bu məhkəməyə təzyiq kimi qiymətləndirilir.

"Bu xalq qeyrətli xalqdır. İnanıram xalq öz sözünü deyəcək. Xalq artıq bezib rüşvətxorluqdan, haqsızlıqdan. Polislər qorxu mənbəyinə çevrilib. Bizi həbs qorxuda bilməz. Siz bizim səsimizi kəsə bilməzsiniz. Biz zalım top-tüfənginin qarşısında kişi kimi dayanmışıq. Həqiqət sonda yerini tapacaq. Axirətdə Allah hökm verəcək, siz son söz deyəcəksiniz. Sizin hökmünüzün heç bir əhəmiyyəti yoxdur. Hökm Allaha məxsusdur" - Bəhruz Əsgərov fikrini yekunlaşdırıb.

Siz mənim cismimi həbs etmisiniz

Daha sonra iclasda Taleh Bağırzadə son sözlə çıxış edib. O, onları müdafiə edən vəkillər, təşkilat, partiya və digər dəstək olan insanlara təşəkkür edib:

"Qərb ölkələrinin səfirliklərinin nümayəndələri gəlib bizə dəstək oldular. Mən hesab edirdim ki, müsəlman ölkələri bizi müdafiə edərlər. Xüsusi təşəkkürümü zərif qəhrəmanım olan Leyla Yunusa bildirirəm. Mən dəfələrlə şərlənib həbs edilmişəm. Həmişə bir-iki maddə ilə ittiham verirdilər. Bu dəfə 21 maddə ilə ittiham veriblər.

Ona görə hər şeydən danışa bilərəm. Nardaran hadisələri tarix yazdı. Bizim üçün bu şərəfli tarixdir. Siz mənim cismimi həbs etmisiniz. Mənə işgəncə veriləndə həzz alırdım. Allah özü mənə belə güc vermişdi. Mən çoxdan Fuad Qəhrəmanlı ilə tanış olmaq istəyirdim.

Onun həbsi bizim nə qədər xeyrimizə oldu. Bu ailə bizə yardımçı oldu. Mən özümə bacı olaraq Zümrüd Yağmuru tapmışam. Onun yazılarını oxuyurdum. O kişi qeyrətli qadındır".

"Bandotdel"də 47 gün məni hamama getməyə qoymadılar

T.Bağırzadə ifadəsində bildirib ki, Nardaran hadisəsi əqidə formalaşdırıb:

"Mənə dəstək məktubları gəlir. Hər kəsə təşəkkürümü bildirirəm. Mənə prokuror iş istədi. Mən tək-tük hallarda bəddua edirəm. Bu gənc prokurora bəddua etməyəcəm. Çünki sistem düzgün olsa, bunlar olmazdı.

YAP yaradıcısı olan Siruz Təbrizli deyirdi ki, YAP simasız quldurların partiyasıdır. Lakin mən deyərdim ki, simalı quldurlar partiyasıdır. Biz quldur hökumətlə baş-başa gəlmişik. Tarix təkrarlanır.

Bu, 37- ci ildir. Sadəcə o zaman xalq müstəqil deyildi. Nardara hadisəsi Allahın bir lütfüdür. Məndən Əli Kərimli əleyhinə ifadə almaq istəyirdilər. Çünki bizim birliyimizdən qorxurlar. Hakimiyyət bizi cəzalandırmaq istədi, lakin bacarmadı. Bu gün xalq quyudadır. Xalqı çıxarmaq üçün hamımız bir olmalıyıq.

Bu gün xalqın bugünə düşməsinə səbəb devalvasiya və banklar yox, rəhbərliyin zülmüdür. Xalq bu zülmlərdən qorxur. Xalq Allahdan qorxmur, amma bu quldurlardan qorxur. Biz də onlara çatdırdıq ki, qorxmaq lazım deyil. Türkiyədə polis şəhid olanda adamlar yas saxlayır.

Ancaq burada polis insanları şərləyir, işgəncə verir. "Bandotdel"də 47 gün məni hamama getməyə qoymadılar. Mən paltarımı yuyub yaş geyinirdim. İşgəncə verənlər də deyirdi ki, biz öz paltarımızı sənə verək. Mən razı olmadım. Xalq Allahdan qorxmalıdır. Niyə bütpərəstliyə şərait yaradırsınız? Məmurlar gəlir Heydər Əliyevin məzarı önündə baş əyirlər. Mən erməni tərəfdə qalan əsgərin meyidinə görə narahatam.

Ermənilər bu hakimiyyətə görə sevinirlər. Ona görə sevinirlər ki, bilirlər bunlar Qarabağı alan deyil. Görün biz necə hakimiyyətlə qarşı-qarşıyayıq. Bu hakimiyyət oğurluğu, rüşvətxorluğu dövlət siyasətinə çevirib. Bununla fəxr edirlər. Bu hakimiyyət əvvəl-axır gedəcək. Azərbaycan hökumətində milli maraq yoxdur".

Proses davam edir

Əvvəlki prosesdə dövlət ittihamçısı Nəsir Bayramov Taleh Bağırzadənin ömürlük, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının isə 11 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Prokuror həmçinin Abbas Hüseynovun 20, Cabbar Cabbarovun 19, Rasim Cəbrayılovun 17, Ramin Yarıyevin 10, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

T. Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırzadə da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib.

O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Top
JoomlaLock.com All4Share.net