Gözəl Bayramlının həbs müddətini 2 ay azaltdılar-VİDEO
Featured

14 Noyabr 2018

Noyabrın 14-də Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə AXCP sədrinin müavini Gözəl Bayramlının Gəncə Apellyasiya Məhkəməsinin 20 aprel 2018-ci il qərarından verilən kasasiya şikayətinə əsasən məhkəmə prosesi keçirilib.

Məhkəmədə G. Bayramlının özü iştirak etməsə də, onun hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov, dövlət ittihamçısı Süleyman Atakişiyev, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vəkil Elçin Sadıqov Gözəl Bayramlının həbsinin onun siyasi fəaliyyəti ilə bağlı olduğunu, əvvəlki instansiya məhkəmələrində müdafiə tərəfin verdiyi vəsatətlərin heç birinin təmin olunmadığını deyərək, ona qarşı qaldırılmış cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini məhkəmədən istəyib.
Dövlət ittihamçısı S. Atakişiyev verilmiş kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu, şikayətin təmin edilməməsini məhkəməyə bildirib.
Qısa sürən müşavirədən sonra məhkəmə tərkibi şikayətin qismən təmin olunduğunu, G. Bayramlıya verilmiş həbs müddətinin iki ay azaldııması barədə qərar elan edib.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata əsasən, 25 may 2017-ci il tarixində, saat 22:00 radələrində Azərbaycan vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb.

G.Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb. Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

G.Bayramlı 26 may 2017-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məhkəmə qərarları əsasında G.Bayramlının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki və Nərimanov rayonunun Təbriz küçəsindəki mənzillərində axtarış aparılıb və mənzillərdən 1000 avro məbləğində nağd pul, G.Bayramlının adına Gürcüstan banklarının birindən 17 aprel 2015-ci il tarixli qəbzlə 100 min rus rublu, həmin tarixli digər qəbzlə isə 2 min ABŞ dolları məbləğində nağd pul almasına dair bank çıxarışları, ayrı-ayrı şəxslərin adlarına 8 aprel 2015-ci il tarixdə 270 min rus rublu və 4 min 700 ABŞ dolları məbləğində vəsaitlərin müvafiq olaraq 5.076 və 4.982 manata dəyişdirilərək qəbul edilməsinə dair bank çıxarışları və digər sənədlər aşkar edilərək götürülüb.

23 yanvar 2018-ci il tarixdə Qazax rayon Məhkəməsi G. Bayramlının 3 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. 20 aprel 2018-ci ildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib.

Top
JoomlaLock.com All4Share.net