Əbülfəz Sadıqovun apellyasiya şikayəti təmin edilmədi
Featured

26 Noyabr 2018

Bu gün (26 noyabr) Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqovun həbsi ilə bağlı apellyasiya şikayətinə baxılıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə vəkil Osman Kazımov məlumat verib.

Cinayət Məcəlləsinin 178 ( dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham edilən Əbülfəz Sadıqovun apellyasiya şikayəti təmin edilməyib. Apellyasiya Məhkəməsi müdafiə tərəfinin şikayətini təmin etməyərək Səbayel Rayon Məhkəməsinin noyabrın 21-də Ə.Sadıqov ilə bağlı çıxardığı 3 aylıq həbs qət-imkan tədbirini qüvvədə saxlayıb.

O, "Nikoil" bank adından saxta sənəd hazırlayıb, ondan istifadə etməkdə suçlanır. İttihama görə, gənc fəal bankın kreditilə aldığı "Niva" markalı avtomobilə görə, borclu qaldığı 5 min 100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək, avtomobili öz mülkiyyətinə keçirib, daha sonra satıb. İstintaq orqanı həmin arayışın saxta olduğunu iddia edir.

Lakin Ə.Sadiqovun qardaşı Vasif Sadıqlı bu ittihamın qurama olduğunu bildirib: "Əbülfəz o arayışı özü hazırlamayıb, bankdan alıb. Bankın möhürü Əbülfəzdə nə gəzirdi ki, belə arayış da hazırlaya bilsin? Ekspertizanın da rəyi var ki, sənəddəki möhür də, imza da saxta deyil, bircə reyestr-qeydiyyat nömrəsi uyğun gəlmir. Araşdırmalıdırlar ki, o sənədi bankın daxilində kim hazırlayıb.

Əgər arayış saxta olubsa, bu üç il ərzində niyə bank tələb etməyib ki, borcunu ödəsin, niyə məhkəməyə müraciət etməyib? Deməli, həqiqətən Əbülfəz pulu banka ödəyib və arayışı alıb".

Gənc Müsavatçı ittihamı qəbul etmir. Müsavat partiyası da bəyanat verərək həbsin siyasi motivlərlə gerçəkləşdirildiyini bəyan edib.

Top
JoomlaLock.com All4Share.net