"2019-cu ildə Azərbaycanda qorxu, inamsızlıq və iqtisadi böhran daha da artacaq"
Featured

30 Dekabr 2018

"2018-ci ilin ən gərgin siyasi hadisələrdən biri də Gəncə hadisələri oldu"

2018-ci ili geridə qoyduq. Maraqlıdır, 2018-ci il azərbaycanlıların yaddaşında daha çox hansı olaylarla qaldı?

Biz daha bir ili yola salıb, yenisini qarşılayırıq amma işğalda olan torpaqlarımızın azad ediləcəyi ili hələ də gözləyirik. Sizcə, daha neçə il "Lazım gələrsə..." bəhanəsini eşidəcəyik?

2018-ci il dünyada və Azərbaycanda hansı siyasi, iqtisadi yeniliyin başlanığıcını qoydu?

Bütün bunlara rəğmən, qarşıdan gələn 2019-cu ildən gözləntiləriniz varm?

Vetenugrunda.az bu suallarla tanınmışlara müraciət edib. Onların cavablarını oxuculara təqdim edirik:

Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı: "Bir ümumi sözlə ifadə etsək, ötən il Azərbaycan, həm iqtisadi, həm sosial, həm də siyasi sahədə geriyə doğru daha bir addım atdı. 2017-ci illə müqayisədə Ümumimilli Daxili Məhsulun artımı cəmi 0,8% oldu. Bu hətta MDB ölkələri içində ən sonuncu göstəricidir.

Hökumət çevrilişləri yaşayan rəqib Ermənistanda bu artım 6% oldu. 2018-ci ildə heç bir effektiv iqtisadi islahat aparılmadı. Nə monopoliyalar azaldıldı, nə total korrupsiya. Hökumətin idarəetmə sistemində də heç nə dəyişmədi.

Neçə illərdir davam edən əhalinin az qazanclı hissəsinin yoxsullaşması 2018-ci ildə daha sürətləndi.

Bütün bu proseslər hakimiyyətin onsuz da aşağı olan nüfuzunun daha da itməsi ilə nəticələndi.

2018-ci il Azərbaycan hakimiyyətinin dünyada mənfi imicinin daha da artması ilə müşayət olundu. Bir-birinin ardınca dünyanın diqqət mərkəzinə gələn ifşaedici faktlar ortaya çıxdı. Panama kağızlarının ardınca ortaya çıxan Laundramat ən ifşaedici faktlardan idi. Azərbaycandan Bakıtelekom adlanan heç kəsin tanımadığı bir şirkətə hakim ailənin idarə etdiyi təsdiq olunan offşor şirkətə qısa zaman içində 1 milyard yarım mənbəyi bəlli olmayan çirkli pullar keçirilib.

Ən maraqlısı odur ki, Azərbaycanda bu pullari sorğu sual edən heç bir qurum, vəzifəli şəxs ortaya çıxmadı.

Azərbaycan hakimiyyəti eyni zamanda bütün dünyada qəddar, repressiv rejim imicini daha da möhkəmləndirdi. Çoxsaylı siyasi məhbuslar üzərinə yeniləri əlavə olundu. İşğəncə və digər qanunsuzluqlarla müşayət olunan çoxsaylı həbslər siyasəti davam etdi.

Bu il həm də ən çılpaq saxtakarlığı göz deşən daha bir prezident seçkiləri keçirildi. Tələm-tələsik...

Ən gərgin siyasi hadisələrdən biri də Gəncə hadisələri oldu. Bunu xaricdən hazırlanıb idarə olunduğunu iddia etsələr də, daxildə yetişdiyi və bəzi daxili güclərin bu işdə məharətlə rol oynadığı aydın sezilirdi.

2019-cu ildə yuxarıda göstərdiyim neqativ proseslər təəssüf ki, həm iqtisadi, həm sosial, həm də siyasi sahədə daha da güclənəcək.. Hakimiyyət hər hansi islahat aparmaq qabiliyyətində olmadığını ötən illərdə göstərdi.

Neftin qiyməti iqtisadi və maliyyə böhranını dərinləşdirəcək. Əhalinin yoxsullaşması davam edəcək. Sosial gərginliyin artımı hakimiyyəti polis rejimini daha da amansızlaşdırmağa sövq edəcək. Nəticədə qorxu və inamsızlıq daha da artacaq.

Qarabağ məsələsinin həlli üçün hakimiyyətin hər hansı real addımlar atacağı ağlabatan deyil. Yalnız diqqətyayındırıcı, böhranötürücü hansısa real nəticələri olmayan addımlar ata bilərlər.

Erməni ordusu öz-özlüyündə elə də zəif deyil, aprel döyüşləri göstərdi ki, onlar ciddi müdafiə oluna bilirlər və normal idarə olunurlar.

Bizim bütün üstünlüklərimizə, maddi və insan resurslarımıza baxmayaraq, müharıbəni qısa zamanda həll edə biləcək güc yarada bilməmişik hələ.

Qarabağda psixoloji üstünlük qazanmaq istəyiriksə, ordumuz minimum itkilərlə düşmənin müdafiəsini dağıdıb onları tutduğu mövqelərdən geri atmağı bacarmalıdır.

Əğər ağıllı siyasi və hərbi, diplomatik addımlar atılarsa, nə Putin, nə də başqaları bir xalqın ağlı və gücü qarşısında dura bilməzlər.

Məsələn, qaçqınların ayağa qalxıb uzun illərdir uzanan status kvoya etiraz etmələri və hakimiyyəti sorğu suala çəkmələri hakimiyyətə adekvat addımlar atmaq üçün hətta Putinin belə etinasızlıq edə bilməyəcəyi mandat verə bilərdi. Heç kim yox, heç bir hakimiyyət yox, məhz xalq Qarabağın həllində həlledici ola bilər. Sadəcə hakimiyyət xalqdan o dərəcədə çəkinir ki, onun hər hansı fəallığını anındaca boğmağa üstünlük verir. Boğulmuş, susdurulmuş xalqa heç kim heç nə verməyəcək heç zaman."

Tofiq Yaqublu siyasi fəal: "2018-ci il Cumhuriyyətimizin 100 illiyi idi. Lakin iqtidar bu 100 illiyi xalaxətrin qalmasın, çox biabırçı şəkildə keçirdi. Azərbaycan Parlamentinin 100 illiyini həqiq vaxtından 3 ay qabaq qeyd edildi və Parlament qurucularının heç birinin adı çəkilmədi.

Yalnız Heydər Əliyevin və İlham Əliyevin təbliğatı aparıldı.

Müxalifət isə bu 100 illik tarixi layiqli şəkildə keçirməyə çalışdı.

2018-ci il eyni zamanda heç bir əsas olmadan növbədənkənar president seçkiləri keçirildi. Bu dəfə də İlham Əliyev özünü daha 7 illiyə Azərbaycanın padişahı élan etdi. Bu seçkinin nəticələrini nə yerli ictimaiyyət, nə də beynəlxalq aləm tanımadı.

2018-ci ilin daha bir özəlliyi Azərbaycan iqtisadiyyatının geriləməsi ilə yadda qaldı. İqtidar nə qədər yalançı rəqəmlər versə də bütün iqtisadçılar sübut etdi ki, ölkənin itqisadi durumu çox pis vəziyyətdədir. Bu günlərdə iqtisadçı ekspert Qubad İbadoğlu da açıqlamasında elan etdi Azərbaycan keçmiş MBD ölkələri arasında iqtisadi baxımdan ən geridə qalanıdır.

2018-ci il yadda qalan hadisələrdən biri də APA informasiya agentliyinin bağlanması oldu. Düzdür, APA əslində iqtidar mətbuatı idi, amma bir günün içində bu qədər işçisi olan informasiya agentliyinin bağlanması ölkədə qanunların işləmədiyini bird aha sübut etdi. APA klanlararası çəkişmənin qurbanı oldu. APA-nın bağlanması eyni zamanda iqtidarın daha bir eybəcərliyini ortaya qoydu. Deməli, özünə aid olan bir agentlik ilə belə davranırsa, görün onu tənqid edən müxalifətlə necə rəftar edir.

2018-ci ilə öz damğasını vuran olaylardan biri də Şəhid ailələrinə qanpulunun verilmədiyi üçün Şəhid ailələrinin etiraz aksiyaları və bu aksiyalarda onlara qarşı zorakılığın olması idi. 2018-ci il eyni zamanda küçə süpürən qadınların avtomobillərlə vurulub öldürülməsi ilə yadda qaldı."

Ağ Partiya başqanının birinci müavini Əhəd Məmmədli: "Azərbaycanda baş verən siyasi hadisələr haqqında onu deyə bilərəm ki, ən yadda qalanı prezident seçkilərinin keçirilməsi, Gəncə icra başçısının güllələnməsi, Mingəçevir SES-ində baş verən qəza və Qarabağ şüarları ilə keçirilən mitinq oldu.

Düşünürəm ki, Gəncə və Mingəçevir hadisələrinin qaranlıq məsələləri tam açılmadı. Təəssüf ki Qarabağ məsələsində bu ildə heç bir irəliləyiş olmadı. Dünyaya gəldikdə isə, ən yaddaqalan hadisə Avropanı bürüyən "Sarı Jiletlilər Hərəkatı" oldu.

ABŞ-ın Suriyada çıxmaq qərarının verilməsi və Türkiyə də keçirilən prezident seçkilərini də ilin hadisələri sırasında göstərə bilərəm. Türkiyə də prezident böyük səlahiyyətlərə malik oldu.

Kataloniyanın İspaniyaya qarşı dirənişini də unutmaq olmaz.

Regiona gəlincə, Gürcüstanda keçirilən prezident seçkiləri və Ermənistanda baş verən inqlabı da önəmli hadisə hesab edirəm. İstanbulda Səudiyyə Ərəbistanı konsulluğunda jurnalist Qaşıqçının vəhşicəsinə öldürülməsini də qeyd etməliyik.

Qüds məsələsində BMT-də səs verməsində ABŞ-ın azlığda qalmasına rəğmən bu ölkənin Qüdsə səfirliyini köçürməsi də mühüm hadisə idi. Dünyada baş verən hadisələr barədə onu deyə bilərəm ki, dünya tək və ikiqütblükdən çox qütblükə doğru gedir. Dünyada yeni güclər yaranır. Köhnə güclərlə, yeni güclər arasında qarşıdurmalar, anlaşmalar davam edəcək.

2018-ci ilin sonu neft qiymətlərinin yenə enməsi ilə müşahidə edildi. Həmçinin digər dövlətlərin dollardan asılığının qaldırılması cəhdlərini gördük.

2018-ci il pərdəarxası ABŞ- Britaniya, Rotşild-Rokfeller qarşıdurması ilə yadda qaldı. Əsasəndə dünyanın yavaş - yavaş bir və ikiqütblükdən çoxqütbülüyə doğru getdiyini müşahidə edildi.

Azərbaycana gəldikdə, 2018-ci il, pərdəarxası klanlar arası mübarizənin daha üst səviyyədə getdiyi il kimi yadda qaldı.

Qarabağ Komitəsi adında yeni təşkilat quruldu. Qarabağ şüarları altında Qarabağ Komitəsi son illərin ən uğurlu mitinqini keçirdi. İlin sonunda böyük əksəriyyət müxalifət partiyalarının “Zirvə toplantısı”nı keçirdi.

2019-cu ildə əsasən Qarabağ məsələsində ciddi irəliləyişlər gözləyirəm. 2019-cu ilə Qarabağı qaytarmaq ili kimi baxıram. Əgər 2019-cu ildə ərazi bütövlüyümüzə nəhayət ki, qovuşmasaq bu bizim üçün itirilmiş il olacaq və Qarabağ bizdən daha da uzaqlaşacaq.

Dünyaya qəldikdə isə, ümüd edirəm ki, Suriya, Yəmən və digər müsəlman ölkələri, xalqlarına sülh əmin-amanlıq qayıdacaq. PKK tamamilə məhv olacaq. Türkiyə-Azərbaycan münasibətləri daha sıxlaşacaq. Ümumiyyətlə, gələcəyimizə doğru nikbinəm.”

Hüquqşünas Namizəd Səfərov: "2018-ci il sonuncu 25 ilin digər illərindən heç nə ilə fərqlənməyən, sıradan bir il idi. Hakimiyyət Azərbaycan xalqının sərvətlərini eyni üsul və vasitələrlə talamaq yoluna davam etməkdədir. Hakimiyət ölkəyə öz vətəni, öz xalqı, vətəndaşı kimi deyil, istismar aləti kimi baxmaqda davam edib. Xalqın iqtisadi və sosial durumu əvvəlki illərdə olduğu kimi aşağı enməkdə davam edib. Əmək haqları faktik olaraq hər yerdə aşağı düşüb, bütün zəruri malların qiyməti orta hesabla 30 % artıb. Xalqın həyat səviyyəsi də eyni templə aşağı düşməkdə davam edib.

Əsas problemlərdən biri olan Qarabağ probleminin həllində irəliyə doğru heç bir addım atılmayıb.

Azərbaycanın bir dövlət kimi nüfuzuna xeyli zərbələr yetirilib.

Xalqın rejimə qarşı siyasi mübarizəsində də irəliləyiş nəzərə çarpmır. Azərbaycanda xeyirliyə doğru hər hansı yenilik görünmür. Ölkənin tikinti sektoru əvvəlki qaydada davam edir. Şəhərlərdə ucaldılan tikililərin demək olar ki, hamısı qanunsuz və korrupsiya ilə müşayət olunan tikintilərdir. Bu rejimin hakimiyyətdə qalacağı hər hansı yeni ildən yaxşı heç nə gözləmirəm. Pessimist proqnoz olsa da, bu belədir, reallıqdır."

Publisist Mirmehdi Ağaoğlu: "Qəribədir ki, "2018-ci ildə hansı əlamətdar hadisələr olub?" deyə, nəyisə xatırlamaq istəsəm də heç nə yadıma düşmür. Görünür 2018-ci il sakit, sıradan bir il kimi ötüb keçib. Təbii ki, nələrsə baş verib, amma yadımda deyil.

Onu deyə bilərəm ki, əvvəlki illərdən fərqli olaraq bu il Nobel mükafatı verilmədi. Ədəbiyyat sahəsində xüsusi bir yenilik olmadı, Kulis.az kimi mədəniyyət saytı bağlandı. Qələm adamlarının vəziyyəti yaxşılaşmaqdansa daha da pisləşdi. Ümumiyyətlə onu deyim ki, mənə elə gəlir insanların vəziyyəti yaxşılaşmaqdansa getdikcə pisləşir.

Belə bir məsələ var, deyirlər il ildən ağır gəlir, həqiqətən elədi. Şəxsi müşahidəlrim əsasında deyə bilərəm ki, insanların iqtisadi durumu düzəlmək yerinə getdikcə pisləşir. Bu da cəmiyyətdə müxtəlif fəsadlar yaradır. İnsanlar stressli olur, daim dolanışıq haqqında düşünməkdən yorulur, mənəvi dünyalarını zənginləşdirməyə nə pul, nə zaman olur. Belə halda nəinki ədəbiyyat, heç nə, hətta sizin dediyiniz Qarabağ problemi də yada düşmür.

Mən arzu edərdim ki, əvvəlcə xaqlımızın rifah halı yüksəlsin, sonra Qarabağ problemi də həll olunar, başqa problemlər də.

2019-cu ildə hamıya uğurlar arzulayıram. Yeni iliniz mübarək!"

Şair Bəxtiyar Hidayət: "Xatırlayırsınızsa, 2018-ci il hələ başlamamışdan bir xeyli ekstrasensin proqnozları vardı. Hətta 3-cü dünya müharibəsinin başlayacağını, Amerikanın dağılacağını deyənlər vardı. Di gəl, 2018-ci il adi bir il kimi keçdi və daha da pisə doğrudu hər şey. Başqa illər necə, bu da elə. Yəni xüsusi önəmli bir il olmadı. 1640, 1917, 1945, 1990-cı illər önəmli illər idi.

Böyük müharibələrin bəhanələri kiçik hadisələr olur. Amma "Lazım" bəhanəsi bəlkə də dünya tarixində ən uzunömürlü bəhanədir. Bu bəhanəni müharibə tarixlərinin ən uzunömürlü bəhanəsi kimi Gennesin kitabına salmaq lazımdı, həm də Azərbaycanımızı bir qədər tanıtmış olarıq.

Görək necə olur, maaşlar, pensiyalar artsın, amma infilyasıya, vergi artımı olmasın- Gözlədiyim bunlardı. Amma deyir sən saydığını say, gör fələk nə sayır. Heç nə, gözümüz fələyin barmaqlarına tuşlanıb."

Dilavər Əzimli tarixçi alim: "Allahın bizə verdiyi ömrü yaşaya-yaşaya irəliləyirik. İllər bir-birini ötdükcə yaslanırıq. Dönüb arxaya baxırıq. Nə böyük bir məsafə keçmişik. Bu böyük məsafədə nələr oldu? Nələri itirdik, nələri qazandıq? Hər ilin sonunda başqaları kimi mən də öz-özümə hesabat verirəm: Nələri etdik, bu doğma Vətənimiz üçün hansı xeyirli işləri gördük?

Dünyamız çətin dünyadır. Bu dünyada balaca bir Azərbaycan var... Üzərinə yüz yerdən əllər uzanan Azərbaycan...Ölkəmiz gözəl bir gəlinə bənzəyir... Hamı onu qaçırmağa çalışır. Hamını bu ölkənin malı, sərvəti maraqlandırır... Burada onları yalnız bu məqsəd maraqlandırır. Bu ölkə təkcə mala, dövlətə sahib deyildir. Bu ölkənin güclü insan potensialı vardır. Amma malı, sərvəti talandığı kimi, insan potensialı da tükənir. Ölkənin malı, dövləti mafioz qüvvələr tərəfindən inhisara alınıb. Xarici ölkələr də bu cür sistemin mövcudluğunda maraqlıdırlar.

Ölkə inhisarçıların əlindədir. Korrupsiya hələ də tüğyan edir. Belə vəziyyətdə insan potensialı öz gücünü ortaya qoya bilmir və xarici ölkələrə axışır. Ötən 2018-də tanıdığım yüzlərlə adam xaricə getdi. Onlar orada ağır şəraitdə yaşamağa məcbur olurlar. Hesab edirlər ki, oturum aldıqdan sonra vəziyyətləri düzələcəkdir. Onlar küçələri süpürür, ağır işlərdə çalışırlar. Onlara aşağı irq kimi baxırlar. Bizimkilər daha çox Rusiyaya axışırlar.

Orada heç olmasa özlərinə müəyyən yer tapa bilirlər. Son illərdə orada da vəziyyət ağırlaşıbdır. Ötən 2018-ci ildə Azərbaycanın rayonlarında olanda insanların yurdlarını atıb getdiklərinin bir daha şahidi oldum. Qızlarımız kəndlərdə qarıyırlar. 2017-ci ildə gözləyirdim ki, 2018-ci ildə kəndlərdə iqtisadi layihələr həyata keçiriləcək və insanların axınının qabağı alınacaqdır. Amma gözləntilərim həyata keçmədi.

Düzdü, iqtisadi inkişaf üçün maliyyə ayrılır. Amma yerli məmurlar tərəfindən mənimsənilir. Kimsə də cəzalandırılmır. Məsələn, yol tikintisinə xeyli pullar ayrılır. Amam çəkilən yollar heç bir il keçmir dağılır. Çünki pulları mənimsəyirlər, nəticədə normal yol çəkilmir. Kimsə də cəzalandırılmır.

Hesab edirdim ki, 2018-də buna əncam çəkilər. Amma tamam ruhdan düşdüm. Çünki vəzifəni dövləti sevənlərə deyil, pulu ailəsindən, namusundan üstün tutan insanlara, daha doğrusu "adamcığazlara" verirlər. Vəzifədə olanalar ölkə başçısına yalan məlumatlar ötürürlər.

Tabeliklərində olanlarla normal davranmırlar. Biz belə deməmişdik!!! Biz bu ölkənin müstəqilliyi uğrunda şəhid verəndə, döyüşlərdə yaralananda bu millətin insanlarını xoşbəxt görmək istəyirdik. Amma insanların üzündə sanki bir hüzn vardır. Bizim imkanımız vardır ki, insanları elektrik, qaz və su vergilərindən azad edək. Əvəzində isə hər il artırırıq. 2018-də də belə oldu. Özümüzə gəlməmiş qiymət artımları baş verdi.

Nəqliyyatda ödəniş artırıldı. Bu da mənim kimi maaşla yayanların büdcəsinə ciddi zərbədir. Onsuz da imkanlı adamlar avtobusadan, metrodan istifadə etmir. Bu faciəni bizlər yaşayırıq. Qarabağ qaziləri və şəhid ailələri yaşayır. 2018-ci ildə növbədənkənar Prezident seçkiləri keçirildi. Hesab edirdim ki, güclü islahatlar başlayacaqdır. Amma hələ də baş tutmayıbdır. Rayonlarda xüsusi olaraq islahatlara ehtiyac vardır. Rayon İcra hakimlər özlərini xan, bəy kimi aparırlar. Çünki arxayındırlar, onları müdafiə edən hansısa güclü mafioz məmur vardır. 2018-ci ildə mənim üçün ən yadda qalan "Azərbayacan Cümhuriyyəti"nin yüz illik yubileyi idi. Mənim üçün ən dəyərli illərdir. Amma bunu da layiqincə keçirə bilmədik.

"Cümhuriyyət" parkı yaradılmadı. Gözləyirdim ki, həmin parkın mərkəzində dahi Məhəmməd Əmin Rəsulzadənin heykəli və ətrafında da silahdaşlarının, o cümlədən Ənvər və Nuru paşaların heykələri qoyulacaqdır. Amma baş vermədi. Biz Bakının azad olunmasının yüz illiyini də normal keçirmədik. Düzdü, müsbət hadisələr oldu, ümumilikdə isə zəif idi. Hələ parlamentimizin yüz illiyini demirəm. Təsəvvür edin ki, dünyaya örnək olacaq və demokratikliyi ilə dünya parlamentlərini araxada qoyacaq bir parlamentə sahib çıxa bilmədik. Onun yubileyi hansı səviyyədə keçdi?

Bunlar məni çox ağrıdır!!! Axı, bu sənin tarixindir!!! Həm də müqəddəs tarixinin qızıl səhifələri!!! Qarabağ istiqamətində heç nə gözləmirdim. Ona görə ki, mən bir yol bilirəm: Müharibə ilə ərazilərimizi qaytarmaq. Bu təkcə Qarabağ məsələsi deyildir. Bütöv Azərbaycan məsələsidir. Bu Vətən müharibəsi idi ki, Rusiyanın hesabına ermənilər bizi uddu... İndi bunu yenidən Vətən müharibəsinə çevirib ərazilərimizi qaytarmalıyıq... Amma buna hələ zaman lazımdır... Bu mənada 2019-dan da ciddi uğur gözləmirəm...

2018-ci ildə beynəlxalq aləm daha da eybəcərləşdi. Suriyada, İraqda tökülən qanlar daha da artdı. Rusiya daha da azğınlaşdı. Türkiyə vurnuxmaqda davam edir. Dünya eybəcərləşməyə doğru gedir. Dünyanın iri güclər özlərinin maraqları naminə insanları çəyirtikə kimi qırdırırlar. Üzü III Dünya müharibəsinə doğru gedirik... Əslində, başlanmışdır...

2018-ci ildə "beçinçi kolon" fəaliyyətini artırmağa cəhd etdi. Ölkə mətbuatında "russevərlər", "ermənisevərlər" fəaliyyət keçdilər. Hətta o səviyyəyə gəlib çatdılar ki, Parlamentdə də bunu ifadə etdilər. Rus dilinə dövlət statusu vermək səviyyəsində yazılar, çıxışlar oldu. Bunun da cavabı verildi. Milli qüvvələrin üzərinə hücumlar oldu. Amma yenə də geri çəkildilər.

2018-ci ildə məni qane edən "ASAN" xidmətin fəaliyyəti oldu... Mənim də bəzən bura yolum düşdü və çox razı qaldım. Azərbaycanın magistral yolları yeniləndi və ürəyimizcədir. 2018-ci ildə bəzi saytların və televiziya verilişlərinin qonağı oldum, çox razı qaldım. Ümumilikdə isə televiziyamız bərbad gündədir.

2018-ci ildə mənim üçün ən yaddaqalan Türkiyə ordusu ilə Azərbaycan ordusunun birgə hərbi paradı, Türkiyə hərbi və Azərbaycan hərbi uçaqlarının Bakı səmasında uçuşları möhtəşəm idi...

Çox şey yazaram... Arzum nədir? Güclü Azərbaycan dövləti! Demokratik Azərbaycan dövləti! Bütöv Azərbaycan!
2019-dan da gözləntilərim çoxdur. Ən böyük gözləntim ölkədə islahatların həyata keçirilməsidir. Ən böyük arzum qiymətlərin artırımamasıdır. Arzu edərdim ki, qiymətlər aşağı salınsın. Təsəvvür edin ki, Türkiyə Prezidenti əhalisinə yeni il təbriki etdi. Elektrik, qaz və sairə sahlərinin qiymətlərini on faiz azaltdı. Bizdə isə... Ən böyük gözləntim Azərbaycanın efir məkanının düzəldilməsi və vətənpərvərlik istiqamətində verilişlərin çoxladılmasıdır.

Biz Vətən torpaqlarının azadlığı uğrunda savaşın ideologiyasını hazırlamalıyıq. Bunun üçün gözləntilərim çoxdur. Əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırımasını gözləyirəm. Şəhid ailələlərinə, Qrabağ savaşı veteranlarına qayğının artırılmasını gözləyirəm. İstərdim ki, növbədənkənar parlament seçkiləri keçirilsin və bu seçkilər demokratik olsun... Oraya Vətəni, Dövləti, Milləti canından, ailəsindən artıq sevənlər seçilsinlər...

Azərbaycan dövlətçiliyi daha da güclənsin...Rayonlarda islahatlar normal aparılsın. Rüşvət və korrupsiyaya qarşı müharibə elan olunsun. Ölkədən gedən gənclərimizin sayı azalsın. Ölkəni çalıb-çapanlar məsuliyyətə cəlb olunsunlar. Dünyada əmin-amanlıq bərqərar olsun!!! Həqiqi Allasevər insanların sayı artsın... İnsanlara qiymət verəndə əqlinə, bacarığına görə qiymət verilsin... Ölkəmiz həqiqi demokratik imici qazansın!

Top
JoomlaLock.com All4Share.net