Ailə üzvləri Mehman Hüseynovla görüşə buraxılmayıb
Featured

16 Yanvar 2019

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan bloger Mehman Hüseynova yanvarın 15-də ailə üzvləri ilə görüşə icazə verilməyib.

Bu barədə Mehman Hüseynovun məcburi mühacirətdə olan qardaşı Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, atası özünü pis hiss etdiyinə görə görüşə qardaşının həyat yoldaşı Ofeliya Hüseynova gedib. Lakin ona görüş verməyərək deyiblər ki, ancaq Mehman Hüseynova atası ilə görüş veriləcək.

Ofelya Hüseynova sənədlərini, o cümlədən blogerin qardaşı ilə nikah sənədini, Mehman Hüseynovun təcridxanadan onun telefon nömrəsinə zəng etməsinə dair sübutları təqdim etsə də görüş verilməyib. Ofelya Hüseynovanın blogerə gətirdiyi geyim, süd və yoqurtu qəbul ediblər.

Qardaşının fikrincə, Mehmanı qəsdən təcrid edirlər, artıq 21-ci gündür davam etdiyi aclığı dayandırması üçün ona təzyiq göstərirlər.

"Eyni zamanda hakimiyyət Mehmanın aclığı davam etdirməsi haqda məlumatın qarşısını almağa və hamını inandırmağa çalışır ki, aclıq dayandırılıb", Emin Hüseynov bildirib.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.

O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger maye süd məhsulları içsə də qida qəbulundan imtina etməkdə davam edir.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb – polisə böhtan atmaqda təqsirli bilinib.

Amerikanınsesi.com

Top
JoomlaLock.com All4Share.net