İlham Əliyev Mehman Hüseynovla bağlı TAPŞIRIQ VERDİ
Featured

21 Yanvar 2019

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov hazırda cəza çəkən Mehman Hüseynovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti ilə bağlı Azərtac-a açıqlama verib:

"Məhkum Mehman Hüseynov 2019-cu il yanvarın 20-də Azərbaycan Respublikasının Prezidentinə müraciət edib. Müraciətdə o, barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunması üçün Azərbaycan Respublikası Prezidentinin müdaxilə etməsini xahiş edib.

Bundan öncə, 2019-cu il yanvarın 18-də Mehman Hüseynovun məsələsi ilə əlaqədar bir qrup hüquq müdafiəçisi də Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlamışdır. Hüquq müdafiəçiləri baş vermiş insidentlə əlaqədar süni şəkildə ajiotaj yaradıldığını, yalan məlumatların yayıldığını, yanlış ictimai rəy formalaşdırmağa cəhdlər edildiyini qeyd etmiş, Azərbaycan Respublikası Prezidentinin yüksək humanizm prinsipinə daim sadiqliyini xüsusi vurğulayaraq, Mehman Hüseynovun barəsində də mərhəmət göstərilməsini xahiş etmişlər.

Müraciətlər Azərbaycan Respublikası Prezidentinin diqqətinə çatdırılıb və cənab Prezident bu müraciətlərə dərhal reaksiya verib. Möhtərəm Prezident məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının baş prokuroruna tövsiyə edib. Eyni zamanda, cənab Prezident hadisənin iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edib."

Top
JoomlaLock.com All4Share.net