"Desəydilər ki, Bin Ladeni sən maliyyələşdirirsən, "hə" deyəcəkdim"
Featured

25 Yanvar 2019

Saleh Rüstəmli: ''O məqamda desəydilər ki, Bin Ladeni sən maliyyələşdirirsən, "hə" deyəcəkdim"

Yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə AXCP üzvlərinin Qarabağ qazisi Babək Həsənlinin, Saleh Rüstəmlinin, onun qardaşı oğlu Vidadi Rüstəmlinin, AXCP Gənclər Komitəsinin fəalları Ruslan Nəsirlinin və Aqil Məhərrəmlinin növbəti məhkəmə rosesi keçirilib. Məhkəmə iclasında Rusiyanın ölkəmizdəki səfirliyinin nümayəndəsi də iştirak edib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, məhkəmədə ifadə verən V.Rüstəmli ona Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində ("banditizm") verilən dəhşətli işgəncələrdən danışarkən psixoloji sarsıntı keçirib.

Məhkəmədə öncə Rusiyada yaşayan və Rusiya vətəndaşı olan Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmlinin "banditizm"də və məhkəmədə verdiyi ifadələr müqayisə olunub və yaranmış suallarla hakim ona müraciət edib. Saleh və Vidadi Rüstəmlilər həbs olunduqları ilk günlərdə imza atdıqları ifadələri işgəncə altında imzaladıqlarını bildiriblər. Saleh Rüstəmli deyib ki, "Əgər desəydilər ki, Bin Ladeni sən maliyyələşdirmisən, o məqamda onu da boynuma götürəcəkdim.".

Məhkəmənin gedişi zamanı bəlli oldu ki, həbs edilən Saleh Rüstəmliyə AXCP sədri Əli Kərimliyə 700 min dollar pul göndərməsi haqda ifadəyə imza atmaq üçün dəhşətli işgəncələr veriblər. 

Saleh Rüstəmlinin qardaşı oğlu, 1993-cü il təvəllüdlü Vidadi Rüstəmli ifadəsində bildirib ki, mayın 8-də əmisinin həbs xəbərini eşidib, Rusiya səfirliyinə gedib. Lakin onu nə qəbul edən, nə də telefon zənglərinə cavab verən olub. Ona səfirlikdə deyiblər ki, get birinci günü gələrsən. Mayın 10-da səfirliyə üz tutmaq istəyib, lakin izləndiyini hiss edib: "Mən qaçmadım, çünki heç bir cinayət törətməmişdim, niyə qaçmalıydım ki? Məni kafeyə gediyim yerdə tutdular. Maşınıma baxış eçirəndə qoltuğun altından iki büküm çıxardılar. Mən ilk dəfə idi görürdüm onları. Bir azdan digər bükümü mənə göstərib şalvarımın cibindən çıxardıqlarını dedilər. Məni saxlayanda ciblərimi gəzmişdilər, cibimdən pulumu götürəndə heroin atmışdılar. O zaman cibimə heroin bükülmüş torba qoymuşdular. Bu hadisələr baş verəndə mənim ilk körpəm 20 gün idi dünyaya gəlmişdi".

V.Rüstəmli ona verilən işgəncələrdən danışarkən zalda əyləşən iştirakçılar dəhşətı gəlib: "Həyətdə narkotiki cibimə atıb götürəndən sonra gözlərimi bağlayıb, binaya gətirdilər, liftlə yuxarı qaldırdılar. Bir otağa salıb soruşdular ki, Əli Kəimliyə nə qədər pul ötürmüsən? Dedim, belə atmosferdə danışmaq olmaz axı, vəkil istədim. Çox pis ifadələr işlətdilər. Əllərim qandallı idi, elə o vəziyyətdə də ayaqyoluna apardılar. Orada dəyənəklə böyrəklərimə vururdular. Sonra cinsiyyət orqanımdan zərbələr endirdilər. Sözlə deyiləsi deyil. Dedilər ki, yəqin bilirsən, əmin də burdadır, istəyirsən ona da bunları eləyək? Dedim, əmimlə işiniz olmasın."

Bundan sonra dəhşətli ağrılar içində otağa aparılan V.Rüstəmli orada bir vəkil görüb. Həmin vəkil onun müdafiəçisi olmasa da, ona deyib ki, vəkil tələb et. O, idarədən çıxandan sonra Vidadinin qohumlarına zəng edib və gördüklərini, Vidadinin orada təzyiqlərə məruz qaldığını xəbər verib: "İdarədəkilərə heç bir cinayət törətmədiyimi dedim. Bəli, siyasi məhbus ailələrinə yardım məqsədilə, 300, 500 dollar olmaqla, bir neçə dəfə AXCP üzvlərinə pul çatdırmışam. Bunu etiraf etdim Onu da deyim ki, ən böyük məbləğ 1000 dollar olub. Mən həqiqəti dedim, lakin razılaşmadılar. Məni yenidən yuxarı qaldırdılar. 7-8 nəfər olardı, dayanmadan döyürdülər. Huşumu itirmişdim. Ayılanda su istədim. Soyuq suyu başımdan ayağıma qədər tökdülər. Sonra aparıb toka verdilər. Tokun təsirindən yıxıldım, təpiklə ağzıma elə vurdular ki, dişim düşdü."

V.Rüstəmli başına gətirilən ağlasığmaz işgəncələrdən danışdıqca özünü saxlaya bilməyib, ağladı: "Məni əmimi toka verəcəkləri lə təhdid edirdilər. Sonra əmim qızı Çilənayın adını çəkirdilər, onunla təhdid edirdilər. Başqa pis-pis şeylər danışırdılar. Bibimin yoldaşının maşınının nömrəsinə qədər deyirdilər. Bundan bildim ki, uzun müddətdir izlənirəm."

Bu işgəncələr altında ondan tələb olunan ifadəni imzaladığını, tələb olunanları kamera qarşısında söylədiyini deyən V.Rüstəmlinin sözlərinə görə, onu ertəsi gün həbs-qətimkan tədbiri seçmək üçün Nərimanov Rayon Məhkəməsinə aparıblar. Orada hakimə başına gələnləri danışıb:

"Hakimə dedim ki, mənim 20 günlük körpə uşağım var, məni şərləyirlər. Əhəmiyyət vermədi. Haqqımda dörd aylıq həbs qərarı seçildi."

V.Rüstəmlini məhkəmədən istintaq təcridxanasına aparmayıblar, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə qaytarıblar. Onun sözlərinə görə, yenə də işgəncələr davam edib:

"O qədər işgəncə verirdilər ki, dedim, ya öldürün məni, ya da əl çəkin. Mənə vəkildən imtina ərizəsi yazdırdılar. Tələb edirdilər, yazım ki, əmim hər ay 20-25 min dollar göndərib, mən də Əli Kərimliyə çatdırmışam. Şəxsən mənim özümə gələn pulları da AXCP-yə göndərilən pullar kimi qələmə verdilər. Mənə bir neçə qəbzə qol çəkdidilər ki, guya o pulları götürüb, AXCP-yə vermişəm. Çıxılmaz vəziyyətdə qalmışdım. Elə dəhşətli şeylər eləyirdilər."

V.Rüstəmli xahiş edib ki, mayın 10-dan iyunun 6-na qədər Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində olan bütün kamera görüntüləri alınsın. Onun sözlərinə görə, görüntülər həqiqəti ortaya qoya bilər:

"Əmimin siyasi məhbus ailələrinə kömək məqsədilə göndərdiyi və mənim də çatdırdığım məbləğ ümumilikdə 6 min dolları keçməzdi. Çünki elə aylar olurdu ki, ardıcıl 300-500 dollar göndərilirdi, elə vaxt olurdu, 2-3 ay göndərilmirdi. Məsələn, biz mayda tutulmuşuq, amma axırıncı dəfə fevralda göndərilmişdi. Yazıblar ki, guya biz 700 min pul vermişik. Biz 500 dollar pul vermişik, başımıza bu zülmləri gətiriblər, 700 min versəydik, Nəsimi kimi dərimizi soyardılar, Babək kimi doğrayardılar."

Növbəti məhkəmə prosesi 29 yanvar saat 13:30-a təyin edildi.

Qeyd edək ki, məhkəmə prosesi zamanı məhkəmə qarşısında yenə zala girmək istəyənlərə təzyiq olub. Əvvəlki proseslərdə olduğu kimi zala məhdud sayda adam buraxılıb. Giriş qapısını bağlayıb toplaşanları ərazidən uzaqlaşdırmağa çalışan polislərə etiraz edilib.

Məhkəmədə iştirak etmək istəyənlərə polisin müdaxiləsinə etiraz edən Taleh Rüstəmovu (Saleh Rüstəmlinin qardaşı) "asayiş keşikçiləri" zorla Post-Patrul maşınına mindirərək aparıblar. Bu zorakılığa etiraz edən cəbhəçilərdən Orxan Səlimzadə, Uğur Cəfərov, Cabbar Savalanlı, Mehdi Nağıyev, Ceyhun Arif, Fuad Quliyev, Kənan Əzizli, Xəyal Əliyev və İslam İslamzadə ərazidən aparılıb. Onların 22-ci polis bölməsinə aparıldığı deyilir.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Top
JoomlaLock.com All4Share.net