Sabunçu Məhkəməsində tragikomik "Gəncə olayı"-Üzümdəki tükləri bir-bir dartıb çıxardılar
Featured

07 Fevral 2019

Bu gün Sabunçu Məhkəməsində Gəncə olayları zamanı şərlənərək həbs edilən 6 nəfərin növbəti məhkəmə prosesi baş tutdu.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, məhkəmə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə keçirilib. O, məhkəmədə iştirak edən vetenugrunda.az saytının baş redaktoru Rövşən Əhmədliyə və jurnalist Arzu Abdullaya yazı yazmağa icazə verməyib. Bu qanunsuzluğa etiraz edəndə isə hakim Rövşən Əhmədlini zaldan çıxaracağı ilə təhdid edib. Daha sonra nəzarətçi media nümayəndələrinin başının üstünü kəsdirib və hətta qələm götürəndə və ya kağıza toxunanda da etiraz edib.

Ən dəhşətlisi odur ki, məhkumların vəkil tutmaq imkanları olmadığından dövlət tərəfindən təyin edilən vəkillərin ümidinə qalıb. Bu vəkillər isə özlərini toydakı tamada kimi aparır, bəziləri hətta hakimə "sizə qurban olum" deyə müraciət edərək, hakimin çıxardığı bütün qərarları həmin anda qəbul edəcək qədər aciz durumdadırlar.

Onu da qeyd edək ki, məhkumların məhkəmə zalında qolları qandallı oturmasına onların vəkillərindən heç biri etiraz etmiyib. Əməkdaşımızın vəkilə bu barədə verdiyi suala isə o, məhkumun müdafiəçisi kimi deyil, ittihamçısı kimi cavab verib: "Onların qandalları açılsa bir xəta eləsələr buna kim cavabdeh olacaq?"

Məhkumların yerləşdiyi salonda səs zəif olduğundan onlar verdikləri vəsatətlərin qəbul edilməməsinə də razılıqla başlarını yelləyirlər. Çünki onlara nə deyildiyini dəqiq eşidə bilmirlər.

Gəncə olayları ilə bağlı həbs edilənlərin məhkəməsi iki ayrı-ayrı zallarda və eyni saatda başlayır. Məhkəməyə şahid qismində gələnlərdən bəziləri isə media nümayəndəsi olduğumuzu bilib adlarının çəkilməməsi şərtilə dedilər ki, şərlənərək 30 sutka həbs cəzası alıblar və 30 gün ərzində işgəncələr altında hazır ifadələrə imza atmağa məcbur ediliblər.

Məhkumların ailə üzvlərindən biri isə əməkdaşımıza bildirib ki, ötən prosesdə polis idarəsində çalışan bir şahid məhkumları tanımadığını deyib. Bu zaman məhkumlardan biri ona deyib ki, mənə işgəncə verirdin və saqqalımın tüklərini bir-bir dartıb çıxarırdın.

Şahidlərdən biri hadisə günü toy məclisindən çıxdığını və içkili olduğunu bildirib. O, deyib ki, ayılanda özünü polis idarəsində görüb və nə baş verdiyindən də məhz burda xəbər tutub.

Картинки по запросу hakim Xəqani səmədov

Hakim Xəqani Səmədov

Şərlənərək həbs edilən Nemət Heydərlinin anası Minayə xanım isə deyir ki, onun oğlunu Gəncə meydanındakı qiyamdan bir saat qabaq tutub aparıblar: "Oğlumu günahsız yerə həbs edib, aylardır ki, ona işgəncə veriblər. Heç bir günahı olmadan minbir zülmə düçar edilib. Gəncədə olay baş verən meydanın hər tərəfində kamerlara var. Oğlumun tutlduğu ərazidə də kameralar var. Amma nə qədər tələb etsəm də o kameraların görüntüsünü bizə vermədilər".

Minayə xanım deyir ki, Respublika Prokurorluğunda olub və baş prokuror Zakir Qaralovla görüşüb. Lakin bütün bunların heç bir nəticəsi olmayıb.

Ən maraqlısı isə odur ki, Gəncədə baş verən hadisələrə görə Tərtərdə, Mingəçevirdə yaşayan insanları da həbs ediblər. Gəncədə baş verən olayla bağlı məhkəmə prosesinin niyə görə, Sabunçu məhkəməsində keçirilməsi isə müəmma olaraq qalır.

Növbəti proses 8 fevral saat 10:30-a təyin edilib

Qeyd edək ki, Gəncə olayları ilə bağlı 200 nəfərə yaxın şəxs həbs edilib. onların əksəriyyəti 30 sutkalıq inzibati cəza alsalar da 56 nəfərin məhkəməsi davam edir. Hazırda Sabunçuda 3 qrupun məhkəmə prosesi gedir. 

Biz 6 nəfərlik qrupun məhkəməsində iştirak etdik.

1. Allahverdiyev Elvin Nəriman oğlu

2.Nəzərov Elvin Novruz oğlu.

3.Məmmədov Renat Miri oğlu.

4.Xudiyev Vüqar Mənsur oğlu.

5. Rüstəmov Elman İlham oğlu.

6.Heydərli Nemət Hikmət oğlu.

Yuxarıda adları çəkilən məhkumların hamısı eyni maddə ilə (220.1 -vətənə xəyanət) ittiham edilir. Lakin Rüstəmov Elman İlham oğlu və Heydərli Nemət Hikmət oğlu eyni zamanda polisə müqavimətdə (315.2) təqsirləndirlir.

Top
JoomlaLock.com All4Share.net