Keçmiş deputatın həbs müddəti uzadıldı
Featured

25 Fevral 2019

Məhkəmə Hüseyn Abdullayevi daha 3 ay həbsdə saxladı

Fevralın 25-də Nəsimi Rayon Məhkəməsi keçmiş deputat Hüseyn Abdullayevin həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxıb.

Hakim Şəlalə Həsənovanın sədrliyilə keçirilən prosesdə Hüseyn Abdullayevin həbs müddəti 3 ay uzadılıb.

Fevralın 1-də sabiq deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva Prezident İlham Əliyevə müraciət edib.

Müraciətdə ana ahıl yaşda olduğunu söyləyib. Əlavə edib ki, oğlunun səhhətində ciddi problemlər var. O, Prezident İlham Əliyevdən bütün bunları nəzərə alaraq oğlu barəsində humanizm və mərhəmət nümayiş etdirməyi xahiş edib.

Z.Abdullayeva məktubunda qeyd edib ki, Hüseyn Abdullayev həmişə mərhum Heydər Əliyevin yanında olub, onun göstərişlərini can-başla və vicdanla yerinə yetirib. O, daim bununla fəxr edib.

2018-ci il aprelin 23-də Hüseyn Abdullayev Türkiyədə saxlanılaraq, Azərbaycana gətirilib.

İddia olunur ki, Hüseyn Abdullayev 3 oktyabr 2016-cı ildə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməyib. Xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, buna baxmadan tikinti-quraşdırma işlərini həyata keçirərək, 966 min manat məbləğində gəlir əldə edib. Onun Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılıb.

Top
JoomlaLock.com All4Share.net