Həbs edilən cəbhəçilərdən möhtəşəm məhkəmə çıxışı
Featured

28 Fevral 2019

"Bu gün ölkəmiz "başqalarının səadətini dağıtmaq özü bir xoşbəxtlikdir" prinsipi ilə idarə olunur".

AXCP-nin qanunsuz maliyyələşdirilməsi ittihamı ilə mühakimə olunaraq, fevralın 27-də barələrində hökm çıxarılan Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmovla AXCP funksionerləri Aqil Məhərrəmli, Babək Həsənov və Ruslan Nəsirlinin məhkəmədəki son sözünü təqdim edirik.

"Çirkli pul yumağı bacarsaydıq, "landromart" sənədlərində bizim də adımız olardı".

Aqil Məhərrəmli:
"Bu cinayət işi başdan-ayağa qondarmadır. İşin gedişində vəkillər bütün saxtakarlıqları ifşa etdi. Hər halda, çirkli pul yumağı bacarsaydıq, "landromart" sənədlərində bizim də adımız olardı.

Bu iş başdan-ayağa siyasidir. Ölkədə söz azadlığının, demokratiyanın boğulmasının, AXCP-nin fəaliyyətinə əngəl olmağın davamı, tərkib hissəsidir. Açığı, işin mahiyyəti üzrə çıxış etmək fikrim yoxdur. Amerikada köləlik olduğu zaman Toro deyib ki, köləliyin qanuna salındığı və himayə edildiyi ölkədə namuslu vətəndaş üçün yeganə abırlı yer həbsxanadır. Bu absurd və qurama iş üzrə bizə həbs cəzası versəniz, Toronun bu fikrilə razı olduğunuzu düşünəcəyəm və sizi qınamayacağam.

Mən həbs olunanda qızlarım 4 aylıq idi. Hər ay mənim üçün şəkillərini gətirirdilər. Turgenev deyirdi ki, sevən qadının baxışlarını heç bir rəssam çəkə bilməz. Məncə, özladlarının hər ay şəkillərini gözləyən və onlara baxan atanın baxışlarını da heç bir rəssam çəkə bilməz. Artıq 1 yaş iki aylıqdılar. Doğum günlərini mənsiz keçirdilər. Çıxardıqları ilk səsləri, gülüşlərini, iməkləməklərini, yeriməklərini, hər anlarını onlarla yaşamaqdan məni məhrum etdilər. Bəlkə də təəccüb edəcəksiniz. Amma mənim üçün bu anları yaşaya bilməmək çox böyük itkidir. Bütün bunlara, gördüyüm işgəncələrə rəğmən, məndən 10 dəfə, 100 dəfə soruşsaydınız ki, dəyərdimi? Deyərdim ki, bəli, dəyərdi.

Qədim yunan mütəfəkkirlərindən biri deyib ki, insanların taleyi onların xarakterlərilə bağlıdır. Hər kəs öz xarakterinə uyğun tale yaşayır. Heç vaxt qul təfəkkürü ilə yaşamağı özümə sığışdırmamışam. İnsanlar var ki, baxır, amma görmür. İnsanlar da var ki, baxır və görür. Bu tip insanlar da iki qrupa ayrılır: görüb susanlar və görüb boyun əyməyənlər. Baxdığın yerdə ədalətsizlik varsa, sən də bunu görüb susursansa, artıq sən qul təfəkkürünün əsirisən. İnsan vicdanının tələb etdiyi kimi yaşamalıdır. Vicdanımızın tələb etdiyi həyatla yaşadığımız həyat arasında uçurum olmamalıdır. İndiki halınızla olmaq istədiyiniz hal arasındakı uçurumun dərinliyi sizi qorxutmasın.

Cəmiyyətin bəlası təslimçilikdən başlayır. Unutmamaq gərəkdir ki, oyanmış mənəviyyat üçün hər şey mümkündür. Nəinki o uçurumu doldurmaq, hətta üzərində bina da inşa etmək olar. Yetər ki, inanın, qətiyyətinizi əldən verməyin. Bu gün ölkəmiz "başqalarının səadətini dağıtmaq özü bir xoşbəxtlikdir" prinsipi ilə idarə olunur. Belə olduğu halda, vətəndaşlıq mövqeyinizi açıq formada ortaya qoymaq sizin üçün daha da vacib olmalıdır. Ətrafınızda sizi "vicdanlı olmaqda təhlükə var" deyib, yolunuzdan çəkindirməyə çalışanlar da olacaq. "Başınızı aşağı salıb çörəyinizi qazanın" deyənlər də olacaq. Həbsə düşməklə qorxudanlar da olacaq. Bütün bu şüurlu və şüursuz formada verilən əngəlolma nəsihətlərini boş verin.

Həqiqətin qaranlığı təntənəli yalandan daha əzizdir. Düzdür, bəzən həqiqəti bilmək bəs etmir. Onu bilmək insana xoşbəxtlik gətirmir. İnsan ədaləti tapanda xoşbəxt olur. Nə mutlu ki, daim ədalət axtarışında olan insanlarla çiyin-çiyinə dayanmışam. On ay olacaq ki, həbsdəyəm.

Əziz partiyadaşlarım, əziz dostlarım hər zaman ailəmin yanında olub. Özüm və ailəmə hər zaman yüksək qayğı göstərilib. Çünki bizim aramızdakı mənəviyyat tələbləri digər insanlar mühitində olduğundan daha yüksəkdir. Baxın, bu əsl nadir, mənəvi yüksəklik nümunəsidir. Çünki bizlər qarşıdakı quyunu keçmək üçün oturub onun zir-zibillə dolmasını gözləyənlər yox, onun üzərindən adlamağa, üzərində körpü inşa etməyə çalışanlarıq. Gəlin, bu körpünü birlikdə inşa edək!"

"İstintaq saxta, məhkəmə fiaskodur"

Ruslan Nəsirli:
"İlk növbədə onu deməliyəm ki, 25 maydan bu günə kimi elan olunan ittihamlar saxtadır. Üzərimizdə aparılan bütün istintaq hərəkətləri əsassız, iki aydır davam edən məhkəmə isə tam bir fiaskodur. Ölkədə yüzlərlə insan siyasi əqidəsinə görə həbs olunub. Bu adamların hər biri bir ailənin başçısı, ya da bir ailənin oğludur.

Bəs bu adamlar həbsdə nə yeyib-içirlər? Bunların ailələri necə dolansınlar? Əlbəttə, bu suallar hər bir vicdanlı adamı narahat etdiyi kimi, Saleh bəyi də narahat etməyə bilməzdi. O bu yurdun, yurdunun insanlarının azadlığı, rifahı uğrunda həbs həyatı yaşayan insanlara qarşı olan sevgi və rəğbət hissinə görə onların ailələrinə yardım göstərib.

Mən sizi əmin edirəm ki, bu həbs Saleh bəyin qəlbində olan o sevgi hissini öldürə bilməyib. Ümumiyyətlə, hər bir insan sevir. Bu sevginin hansı istiqamətdə olması isə o insanın xarakterini, həyat tərzini, cəmiyyətdəki mövqeyini müəyyənləşdirir. Yaşadığımız dünyada insanlar tərəfindən sevgi bəslənən çox şey var ki, bunları qısaldaraq, iki qrupa bölək: maddi və mənəvi.

Əgər bir ölkədə mənsəb sahibi insanlarda maddi sevgilər bütün mənəvi dəyərləri üstələyirsə, o ölkədə heç bir ədalətdən və ləyaqətli həyatdan söhbət gedə bilməz. Çünki bu insanlar öz maraqları naminə əllərində olan bütün imkanları səfərbər edərək, hər cür qanunsuzluqları törədir, özlərinin maddi hərisliklərini doyurmaq üçün hər kəsi əzirlər.

Картинки по запросу ruslan nəsirli aqil məhərrəmli

 

Bəşəriyyət var olandan bəri yaxşı insanlar pisliklərin qarşısını almaq üçün nəsihətlər verir, buna uyğun ibrətamiz hekayələr qurub danışırlar. Uzun illər keçdikcə bu metod bəhrə verməməyə başladı. Yerinə tənqid və ictimai qınaq anlayışı gəldi. Bütün inkişaf etmiş ölkələr hazırkı səviyyəyə gəlib çatmaq üçün idarəetmə sistemlərində, cəmiyyətdə tənqidə, ictimai qınağa geniş yer verdilər. Nümunələr göz qabağındadır. Bir tərəfdə Şimali Koreya, Afrika, ərəb ölkələri, digər tərəfdə isə Amerika, Avropa İttifaqı ölkələri…

Bizim həbsdə olmağımızın səbəbi nədir? Çünki mütərəqqi fikirlərlə cəmiyyəti irəli aparmaq istəyirik. Orta əsr idarəetmə üsullarını qəbul etmirik. Normal ölkələrdə həbsdə olanlar cəmiyyət üçün təhlükəli hesab olunan insanlar olur. Biz isə cəmiyyətə təhlükəli olduğumuz üçün yox, cəmiyyəti bataqlığa salanlara təhlükəli olduğumuz üçün həbsdəyik. Vətənin azadlığı uğrunda apardığımız mübarizədə kütləvi repressiya dalğalarına tuş gəlirik, məhrumiyyətlər yaşayırıq.

Kimsə bütün varlığını xalqına həsr edirsə, qəlbində bu iki hissi daim saxlayır: sevgi və ümid. Sevdiyimiz bu vətənin – dövlətin rifahı, azadlığı uğrunda apardığımız mübarizədə bir an belə, ümidimizi itirməmişik. Daim inanırıq ki, mütləq bir gün o böyük və saf arzularımız həyata keçəcək. Bir çoxları hər nə qədər bizim o arzularımızın qarşısını kəsməyə çalışsa da, sonda mütləq və mütləq Azərbaycan azad olacaq!"

"Bu iş hakimiyyətin Əli Kərimliyə qarşı səlib yürüşünün tərkib hissəsidir"

Babək Həsənov:
"Özümü qətiyyən təqsirli bilmirəm. Saxta və qondarma ittihamlardır. Hakimiyyət Əli Kərimlinin ətrafında qorxu mühiti yaratmaq üçün növbəti Nardaran şousunu yaratmaq istədi. Amma bu niyyəti fiaskoya uğradı.

Mən hər kəsə, o cümlədən Əli Kərimliyə, mənə hüquqi, mənəvi yardım edən vəkilim Cavad Cavadova, bizim işimizi diqqətdə saxlayan şəxslərə, üzərimdə əziyyəti olan qardaşım Cavid Həsənliyə və həyat yoldaşım İlahə xanıma minnətdarlığımı bildirirəm.
Bu cinayət işinin saxtalığını sübut edən onlarla faktlar var. Onların üzərində dayanmaq istəmirəm. İstintaq orqanının bizə qarşı yeganə dəlili telefon yazışmalarıdır.

2017-ci il mayın 16-da Saleh Rüstəmli qardaşı oğluna yazıb ki, "50 min göndərildi, götürərsən". Heç bir yerdə yoxdur ki, o pul ya bizə, ya Əli Kərimliyə çatacaq. Vidadi Rüstəmli özü də təsdiqləyir ki, bəli, şəriki əmisinə çatdırıb, o da həmin pulu ona göndərib. O pula da evini təmir elətdirib. Evin sənədləri də ortadadır.

Başqa bir yazışmada var ki, "uşaqları tanıyırsan, üç nəfər, 1000 manat onlara çatacaq”. Həmin 1000 manatı 87 dəfə şişirdib, 87 min eləyiblər.

Bu cinayət işi siyasi mahiyyətlidir və 2005-ci ildən hakimiyyətin AXCP-yə və Əli Kərimliyə qarşı başlatdığı səlib yürüşünün məntiqi sonluğu olmalıydı. AXCP-ni qərargahından çıxartdılar, növbəti qərargahını partlatdılar, daha bir qərargahının qapısını qaynaqladılar, rayonlarla bütün şöbələrinin qərargahlarını ləğv elədilər.

Gördülər ki, yenə də Əli Kərimlini dayandıra bilmirlər. Fikirləşdilər ki, Əli Kərimlini susdurmağın yeganə yolu onu cəmiyyətdən təcrid eləməkdir. 2005-dən başladıqları işi bu cür başa çatdırmaq istədilər, ona görə bu cinayət işini qondardılar. Yenə alınmadı…

Əli bəy, biləsiniz, biz dünən də sizin yanınızda idik, bu gün də sizin yanınızdayıq, sona qədər də yanınızda olacağıq…
Bu maddələrlə toplam mənə verilə biləcək cəza 19 ildir. Bu müddət iki dəfə artırıb 38 il versələr də, lap 19-u 19-a vurub 361 il versələr də, bizi əqidəmizdən döndərə bilməzlər.
Mən bu məhkəmədən də imdad diləmirəm. Çünki siyasi işlərlə bağlı məhkəmələrdə hakimlərin iradələrinin öz əllərində olmadığını bilirəm. Olsaydı, yəqin ki, bəraət verərdiniz…"

"Əli Kərimlinin adına çatanda əsas məqsəd məlum oldu"

Saleh Rüstəmli:
"İlk gündən söylədiyim kimi, özümü təqsirli bilmirəm. Mənim və yoldaşlarımın həbsi siyasi sifarişdir. Bizi nə qədər narkotik aludəçisi, narkobaron, mütəşəkkil dəstə kimi qələmə vermək istəsələr də, hər kəs bu işin qurama olduğunu yaxşı bilir. Yerli və beynəlxalq təşkilatlar da bunu öz sənədlərində qeyd ediblər.

Məhkəmə müəyyən etməliydi ki, mayın 8-də mən harada həbs olunmuşam: ittiham aktında yazıldığı kimi, parkda, yoxsa mənim və şahidlərin də təsdiqlədiyi kimi, Şəmkir postunda? Məhkəmə obyektiv araşdırma tərəfdarı olsaydı, postdakı və ətraf obyektlərdəki kamera görüntülərini, telefon nömrəmin anten məlumatlarını alıb bunu müəyyənləşdirərdi. Amma bunu eləmədi.

Mənim günahsızlığımı sübut edən faktları almaqdan imtina elədi. Mənə qarşı yalançı şahidlərdən istifadə olundu. Yazıblar ki, guya mən narkotiki Novahi adlı kənddən tapmışam. Bilmirəm, Azərbaycanda belə bir kənd varmı? Varsa da mən ömrümdə elə kənddə olmamışam, nəinki oradan narkotik tapmaq. Məni tutub "bandotdel"ə gətirəndən sonra narkotik ittihamı barədə bir kəlmə də danışılmadı, ancaq AXCP məsələsi oldu. Daha sonra Aqil Məhərrəmli, Ruslan Nəsirli, Babək Həsənovun haqqında cinayət işi başlayıb, mənim işimə birləşdirilməsi həbsimin əsl səbəbini aydın şəkildə ortaya qoydu. Məsələ Əli Kərimlinin adına çatanda əsas məqsəd məlum oldu. Onunla bağlı cinayət işi ayırdılar.

Daxili İşlər Nazirliyinin mənim həbsimlə bağlı açıqlamasında da mənim AXCP-nin Rusiya tərəfindən maliyyələşdirilməsində vasitəçi olduğum iddia edilirdi. Mən siyasi məhbus ailələrinə 300-500 dollar arası pul göndərmişəm. Rusiyada işləyən azərbaycanlılar bu məqsədlə açılmış hesaba ümumilikdə 168 min rubl pul köçürüblər. Bu da 2500 dollar deməkdir. Həmin pullar siyasi məhbus ailələrinə ianə məqsədilə göndərilib.

Qardaşım oğlu Vidadiyə 2 həftə ərzində böyük məbləğdə pul göndərilib – 175 min bir, 50 min də bir. Onun Rusiyada işləyərkən şəriki olmuş adamın göndərdiyi pul olub. Bir qədər sonra da göndərilən 36 min 912 dollar onların aralarında olan pulun qalığı olub. O pulların mənə aidiyyəti olmayıb. Vidadi də özünün dediyi kimi, o pullara ev alıb, təmir elətdirib.

Gəlib burada üzə duran yalançı şahidlərin dediyi hər dəfə 3-4-8 min pul göndərilməsi yalandır. "Bandotdel"də mesajların hamısını çıxartdılar. Orada Vidadiyə göndərilmiş mesajda da vardı ki, "175 min səninkidi, 500 dollar filan yerə çatacaq". Amma bu mesajlar onlara sərf eləmədiyinə görə onları iş materiallarına əlavə eləməyiblər. Mənim indiyə qədər göndərdiyim ümumi məbləğ təxminən 10 min dollar ola bilər. 412 min dollar istintaqın uydurmasıdır. Əgər mənim əməlimdə cinayət tərkibi olsaydı, elə Rusiyada cinayət işi başlanardı.

Rusiyada azərbaycanlıların kompakt yaşadığı yerlərin əksəriyyətində yardım məqsədilə pul toplanır.
MTN işindən sonra keçmiş rabitə naziri Əli Abbasov dindirilir və ifadəsində deyir ki, ayda 300 min paket alırdım. Tağı Əhmədov MTN-ə külli miqdarda rüşvət verdiyini etiraf edir. Amma onların heç birinə toxunan olmur. Biz isə ağır vəziyyətdə olan insanlara yardım etdiyimizə görə aylardır həbsdə saxlanılırıq.
Sizdən istədiyim odur ki, humanizm və insanlıq prinsiplərini əsas tutaraq qərar verəsiz".

Qeyd edək ki, 2019-cu il, 27 fevral tarixində AXC hakimiyyəti dövründə Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmov, qardaşı oğlu Vidadi Rüstəmli, AXCP-nin Nərimanov şöbəsinin sədri Babək Həsənov, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli və Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirlinin məhkəmə prosesi bu gün yekunlaşdı.

Məhkəmənin hökmü ilə Saleh Rüstəmov 7 il 3 ay, Aqil Məhərrəmli 4 il, Babək Həsənov 3 il azadlıqdan məhrum edildi. Ruslan Nəsirli və Vidadı Rüstəmli isə hər biri 6 il 8 ay olmaqla şərti azadlıqdan məhrum edilidilər. Onlar Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkumetmə) tətbiq edilərək, 3 il sınaq müddəti şərtilə məhkəmə zalından azadlığa buraxıldı. (azadliq.info)

Top
JoomlaLock.com All4Share.net