Tale Bağırzadə: "Bizim dini dövlət qurmaq fikrimiz yoxdur"
Featured

07 Mart 2019

Bir müddət öncə sosial şəbəkələrdə Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadəyə aid olduğu iddia edilən səs yazısı yayıldı. Danışan şəxs İranın dini lideri Əli Xamneyini lider kimi qəbul etdiyini bildirir. Həmçinin dindar kəsimə xitabən deyir ki, müxalifətin imkan verdiyi tribunadan öz fikirlərini cəmiyyətə çatdırmaq, haqq sözünü demək üçün istifadə etmək lazımdır:

"Onlar da (müxalifət) bilirlər ki, bizim qırmızı xəttimiz var, ona toxunmamalıdırlar. Adamın üstündə Allah var, onlar o şeylərə hörmət qoyurlar."

Bu səs yazısı yayılandan sonra sosial şəbəkələrdə müxtəlif səpkili müzakirələr başladı. Müxalifəti Taleh Bağırzadə və Nardaran olayları zamanı həbs olunan digər inanclılara dəstək verməkdə ittiham edənlər oldu. Paralel olaraq, hökumət mediasında da Taleh Bağırzadənin bu səs yazısıyla ifşa olunduğu iddia edildi, Milli Şura, xüsusən bu quruma daxil olan AXCP və onun sədri Əli Kərimli ölkədə dini dövlət qurmaq istəyənlərə dəstəkdə günahlandırıldı.

AXCP də öz növbəsində günahsız həbs olunan bütün siyasi məhbusları, o cümlədən Nardaran hadisələrinə görə cinayət məsuliyyətinə cəlb edilmiş, amma təqsiri sübuta yetirilməyən inanclıları da müdafiə etdiyini bəyan etdi.

Meydan TV bütün bu baş verənlərlə bağlı T.Bağırzadənin özünün fikirlərini öyrənib. Yaxınları vasitəsilə öncə yayılan səs yazısına münasibət bildirən ilahiyyatçı onun "gizli səs yazısı" kimi təqdim olunmasıyla razılaşmır:

"Bizim gizli əməlimiz yoxdur ki, gizli səs yazısı da olsun. Bu "gizli səs yazısı" başlıqlı səsin yayılması indiki məqamda birliyə xələl gətirmək üçün ortaya atılıb. Halbuki, orada gizli olan heç nə yoxdur. Məgər orada və ya başqa bir yerdə mən dini dövlət qurmaq niyyətimi ifadə etmişəm? Belə bir şey yoxdur. Biz indiyə qədər müstəqil və müxalif mediadan istifadə edib, hansısa dini dövlət qurmaqdan danışmışıqmı, bu ideyanı təbliğ etmişikmi? Qətiyyən. Hər zaman xalqın problemlərindən danışmışıq".

Taleh Bağırzadə deyir ki, əvvəllər müxalif düşərgə ilə münasibətlər bir o qədər də yaxın deyildi. Amma bir sıra məsələlərdə, o cümlədən ölkədə azad və ədalətli seçkilərin keçirilməsi, hüquqi, demokratik dövlət hakimiyyətinin bərqərar olması uğrunda mübarizə ideyasında fikirlər üst-üstə düşürdü. İlahiyyatçının sözlərinə görə, bununla əlaqədar, o, Milli Şuraya daxil olduğu vaxtlarda inanclı kəsimin ona qarşı münasibəti birmənalı olmayıb:

"Dindarlar belə fikirlər səsləndirirdilər ki, müxalifət bizdən sui-istifadə edir. Biz də onlara cavab vermişdik ki, məsələ elə deyil, proses qarşılıqlıdır. Biz ölkədə hamını narahat edən problemləri qaldırmışıq, hər zaman dindar olaraq, bununla bağlı öz mövqeyimizi ortaya qoymuşuq. Heç zaman da simamızı dəyişməmişik. Necə olmuşuqsa, mövqeyimizi elə də cəmiyyətə çatdırmışıq. Sonradan intensiv münasibətlər yarandı. Bu da xüsusən Nardaran hadisələrindən sonra baş verdi. Milli Şura, AXCP, Əli Kərimli ilə münasibətlər çox yaxınlaşdı, bağlılıq yarandı. Çünki o insanlar Nardaranda baş verən zülmlərə, günahsız insanların zindanlara atılmasına, ağlasığmaz işgəncələrə məruz qalmasına susmadılar.

Əzilən insanların haqq səsinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında yardımçı oldular, əllərindən gələni əsirgəmədilər. Nardaran hadisələri baş verəndə bəzi dindarlar, dini təşkilatlar kənara çəkilən zaman bizim yanımızda məhz Milli Şura, AXCP dayandı, bizi müdafiə etdilər, məhkəmələrimizə gəldilər, yanımızda oldular. Keçmişdə bir-birimizi yaxşı tanımırdıq, münasibətimiz demək olar ki, yox idi. Hazırda sıx münasibətlərimiz var və kimlərsə o münasibətləri qıra bilməz."

İlahiyyatçı hesab edir ki, hakimiyyət bu birliyi pozmaq üçün əlindən gələni edir, səs yazısının dövriyyəyə buraxılması da bu məqsədə xidmət edir. Deyir ki, Azərbaycan hakimiyyəti, ümumiyyətlə, mütərəqqi ideyalar həyata keçirilməsinə çalışan, bunun üçün mübarizə aparan bütün birliklərin düşmənidir:

"Azərbaycan cəmiyyəti gördü ki, Milli Şuranın 19 yanvar mitinqindən sonra ölkədə nə qədər dəyişiklik oldu. Bu, sırf demokratikləşməni istəyən qüvvələrin birliyinin nəticəsidir. Bu gun bu birliyi parçalamaq istəyirlər."

Heç vaxt Azərbaycanda dini dövlət qurmaq haqda düşünmədiklərini vurğulayan T.Bağırzadə Əli Xamneyi barədə fikirlərini də açıqlayıb:

"Biz hər zaman mövqeyimizi ortaya qoymuşuq ki, dini dövlət qurmaq fikrimiz yoxdur. Rəhbərlik məsələsinə gəlincə, o zaman dindarlar siyasi şüur etibarilə məsələləri o qədər də dərindən anlamırdılar, ona görə bizi səhv başa düşürdülər. Onlarla söhbətdə də mövqeyimizi ortaya qoymuşuq ki, biz dini inancımızda varıq, dini rəhbərimiz də Ayətullah Xamneyi Ağadır. Mövqeyimizi dəyişməmişik. Hazırda yenə o əqidədəyik. Amma bu, o demək deyil ki, dini rəhbərimiz Xamneyi Ağadır deyə, Azərbaycanda da dini dövlət qurmaq fikrindəyik. Xeyr, belə bir şey yoxdur.

Bizim dünyəvi dövlət qurulmasıyla heç bir problemimiz yoxdur. Əksinə, dünyəvi dövlət məsələsində müştərəkik, konstitusiyanı qəbul edirik. Bizim əsas mübarizəmiz Azərbaycanda demokratiyanın bərpa olunması, azad və ədalətli seçkilərin keçirilməsi, xalqımızın rifahıdır. Ən əsası, torpaqlarımızın işğaldan azad olunmasıdır. Bütün proseslər də ona doğru gedir. Bir daha altını cızaraq deyirəm, bizim qətiyyən dini dövlət qurmaq fikrimiz yoxdur."

T.Bağırzadənin fikrincə, ölkədə azadlıq, ədalət istəyən inanclıların mübarizəsinə kölgə salmaq üçün onları "dini dövlət tərəfdarı" kimi təqdim etməyə çalışırlar:

"Əvvəl dindarları qınayırdılar ki, ölkədə baş verənlərə biganədilər, ancaq ibadət etməklə məşğuldurlar. Buyurun, biz dindarlar proseslərə qarışdıq, ədalətsizliyə qarşı öz münasibətimizi ifadə etdik. İndi də bizi dini dövlət qurmaq istəyində ittiham edirlər.

Müxalifətin media resurslarından istifadəyə gəlincə, biz bu tribunadan haqq sözümüzü demişik, bu imkana görə də minnətdarıq. O zaman məni ittiham edən dindar kəsimə də eyni şəkildə deyirdim ki, bizim media resursumuz yoxdur, onların var, istifadə edib öz fikirlərimizi cəmiyyətə çatdırırıqsa, burada nə pis iş ola bilər ki?! "İstifadə etmək" kəlməsindən narahat olanlara isə demək istəyirəm ki, mən bu sözü deyərkən fürsətcilliyi nəzərdə tutmamışam."

Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub. Ona və həmin vaxt həbs olunan digərlərinə qarşı qəsdən adamöldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. İlahiyyatçı 20 il azadlıqdan məhrum edilib. Onunla birlikdə həbs olunan digər şəxslərə də 10 ildən 20 ilə qədər həbs cəzası verilib.

Taleh Bağırzadə özünü təqsirli bilmir, ittihamların yalan olduğunu, polislərin evdə namaz qıldıqları vaxt insanlara silahlı hücum edib, altı nəfəri qətlə yetirdiyini bildirir.(meydan tv)

Top
JoomlaLock.com All4Share.net