Milli Şuranın sədri "Gəncə işi" -ndən yazdı: "Biz elə bilirdik 37 tarixə qovuşub..."
Featured

16 May 2019

Bu gün Sabunçu Rayon Məhkəməsində "Gəncə işi" ilə bağlı növbəti məhkəmə prosesi keçirildi. Mili Şuranın sədri, dünyaşöhrətli tarixçi alim Cəmil Həsənli məhkəmədə gördüklərindən yazıb.

Vetenugrunda.az yazını olduğu kimi təqdim edir: 

"İndiki məhkəmə işləri 37-nin proseslərinə çox oxşayır. 37-də "Azneft işi", "Şamaxı işi", "İsmayıllı işi" və digərləri vardı. Son illərdə də "Nardaran işi", "Tərtər işi", günümüzdə isə "Gəncə işi" insanları heyrətə salır. Bu gün Sabunçu rayon məhkəməsində keçirilən "Gəncə prosesinə" getmişdim.

Gəncə Ağır Cinayətlər Məhkəməsi prosesi fəaliyyət göstərdiyi, hadisənin baş verdiyi, təqsirləndirilən şəxslərin yaşadığı Gəncədə deyil, Sabunçuda aparır. Yeri gəlmişkən bu da 37-nin ənənəsidir. 37-də də "gurultulu" proseslər baş verdiyi yerlərdə deyil, mərkəzi şəhərlərdə keçirilirdi. Qanunsuzluq və ssenariləşdirilmiş bir cinayət işində rol verilmiş çoxlu günahsız insanların biçarə yaxınları qalıblar Gəncə ilə Bakı arasında.

Bu prosesləri bənzərliyi yalnız tarixdə deyil, ənənədə deyil, daha dəhşətli hesab edilən işgəncə faktlarındadır. Biz elə bilirdik 37 tarixə qovuşub. Amma işgəncələrin qanuniləşdirildiyi 37, "Nardaran işində", "Tərtər işində", "Gəncə işindəki" işgəncələrə, bu işlərdə insan ləyaqətinin alçaldılmasına, işgəncə metodları ilə insanların törətmədiyi əməllər barədə təsdiqləyici ifadələrin alınmasına, müasir innovativ və texnoloji yeniliklərdən işgəncə prosesində istifadə edilməsi, təqsirləndirilən şəxslərin ailələrindəki qadın yaxınlarının istintaqa gətirilib təhqir edilməsi təhdidllərinin geniş Əliyev rejimin müasir işgəncə metodlarına yalnız həsəd apara bilər. "Gəncə prosesindən" aydın olur ki, Gəncə polisində və Bakıda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində kütləvi şəkildə həbs edilmiş şəxslərə ağır işgəncələr verilib.

Son vaxtlar, xüsusiylə Gəncə işində prokurorluq orqanlarının əməkdaşlarının işgəncə prosesində iştirak etmələri barədə məlumatların yayılması daha dəhşətli mənzərini ortaya qoyur. Diqqətlə izlədiyimiz bu məhkəmə prosesində təqsirləndirilən şəxslərin əksəriyyəti öz çıxışlarında onlara verilən işgəncənin başında dayanan şəxslərdən birinin məhz respublika prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin məsul əməkdaşı Orxan Babayev olduğunu bildirirlər.

Bu, prokurorluq orqanlarının hansı qanunsuz əməllərə qurşanmasının dəhşətli bir örnəyidir. "Gəncə prosesində" 11-ci sinif şagirdi, insult keçirib anlaqlıq imkanlarını itirmiş gənclər məhkəmə qarşısına çıxarılır. İnsanların bədəinində işgəncə izləri hazırda da qaldığı halda onlar istintaq orqanları ilə əlbir olan tibb müəssisələrinin arayışları inkar edilir.

Təqsirləndirilən şəxslər qollarından asılıb döyülməsi zamanı qandalın qollarını kəsməsi, "bandotdel" maskalılarının gənclərin cinsiyət orqanlarına elektrik cərəyəna buraxması, işgəncə dəhşətindən anlaqsız hala salınmış şahidlərə ssenariləşdirilmiş ifadələrin imzalatdırılması kimi faktlar Cəncə işində adi hal alıb. Bu günkü məhkəmə prosesində hakim vəkillərə imkan vermirdi ki, qurama ittihamı dağıtmaq üçün öz fikirlərini əsaslandırsın, 1920-ci ildən sonra ikinci Gəncə faciəsinin dəhşətlərini ortaya qoysunlar, hüquqi dəlillərlə rejimin Gəncə oyununu ifşa etsinlər. Lakin işgəncə faktları o qədər adamın üstünə gəlirdi ki, hakimlər son anda işgəncə hallarının tibbi ekspertizasının keçirilməsi barədə vəkillərin vəsadətin təmin etmək məcburiyyətində qaldılar. Amma bu ekspertizanı kim keçirəcək?"

YADDAŞ

2018-ci il iyulun 10-da Gəncə şəhərində icra hakimiyyətinin qarşısında baş tutan aksiya ilə əlaqədar 200 nəfərə yaxın şəxs saxlanılıb. Bu aksiyanın 3 iyulda Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevi güllələyən Yunus Səfərova verilən işgəncələrə qarşı bir etiraz olduğu iddia edilsə də əsl mahiyyət hələ ki, qaranlıq qalmaqdadır.

İki polis zabitinin öldürülməsi ilə nəticələnən aksiyaya görə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanılaraq istintaq aparılıb.

Aksiya zamanı meydanda olan və meydanın ətrafından keçən şəxslər, hətta işə, evə və ya ticarət mərkəzinə gedənlər həbs edilib. Həbs etdikləri adamların bəzilərinin dostlarını və ailə üzvlərini də saxlayıblar. Bu adamların hamısının olay zamanı polislərə müqavimət göstərdikləri və bu müqavimətin meydandakı kameralarda görüntüləndiyini iddia etsələr də, məhkəmə zamanı heç bir video göstərilməyib. Hətta meydandakı kameraların görüntüsünü ittiham edilənlərin vəkilləri və valideyinləri tələb edib, bu barədə vəsatət qaldırıb. Lakin bütün vəsatətlər rədd edilib. Vəkillər isə deyir ki, işlə tanış olarkən onlara olayla bağlı disklər təqdim edilib ki, bu disklərdəki videogörüntülərdə onların müdafiə etdikləri şəxslər ya yoxdur, ya da ki, kənardan görünürlər. Onların hadisələrə müdaxiləsini sübut edən heç bir dəlil olmasa da Gəncə şəhər polis idarəsində, Kəpəz rayon polis idarəsində, Yevlax rayon polis idarəsində və Gəncədəki Nizami rayon polis idarəsində saxlanan müddətdə ağlasığmaz işgəncələr verilib. Məhkəmə zamanı çıxış edənlər ifadələrə işgəncə altında imza atdıqlarını bildiriblər.

Bəzi saxlananlara isə hətta Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (bandotdel) işgəncə verilib.

Məhkəmə zamanı ittiham edilən şəxslərin hər biri bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Orxan Babayevin rəhbərliyi ilə istintaq müddətində onlara ağlasığmaz işgəncələr verilib. Hakimlər və dövlət ittihamçıları bu etiraflara sərt şəkildə reaksiya vermələrinə baxmayaraq, ittiham edilənlər daha çox onlara O.Babayevin elktroşokla işgəncə verdiyini deyiblər.

200 nəfər saxlansa da, onlardan bəzilərinə verilən 30-20 sutka inzibati cəzanı bitirdikdən sonra azadlığa çıxıb. Lakin 76 nəfər şəxsi məhkəməyə çıxarmağa qərar verilib.  

Onu da qeyd edək ki, 20-30 sutka inzibati cəza verilən şəxslərin yenidən həbs edilməsi Azərbaycan qanunvericiliynə ziddir. Lakin bu gün hökm oxunanların əksəriyyəti inzibati cəza alıb.

Hüquq müdafiəçiləri və həbsdə olan şəxslərin ailə üzvləri həbs və istintaq zamanı insanlara ağır işgəncələr verildiyini bildirir. Onlar işgəncə faktlarının araşdırılıb hüquqi qiymət verilməsı tələbi ilə dəfələrlə müxtəlif hökumət qurumlarının binaları qarşısında askiyalar keçirib, ölkə prezidentinə müraciət qəbul ediblər.

Top
JoomlaLock.com All4Share.net