"Əhsən Nuruzadənin qollarını buraraq naməlum istiqamətə aparıblar"
Featured

29 May 2019

"Müxtəlif bəhanələrlə oruc tutan və əli Quranlı oğlum Əhsən Nuruzadəni son günlər ərzində 2 dəfə cərimə kamerasına salıblar". Bu sözləri siyasi məhbus, Müsəlman Birliyi Hərəkatının üzvü Əhsən Nuruzadənin anası deyib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu gün səhər saatlarında Əhsən Nuruzadənin vəkili 6 saylı cəza çəkmə müəssisəsinə gedib.  Ona Əhsənin karserdə olduğunu bildirərək, görüşə icazə verməyiblər.  Anasının verdiyi məlumata görə, "Əhsən Nuruzadənin qollarını buraraq naməlum istiqamətə aparıblar".

Əhsən Nuruzadənin saxlandığı 6 saylı cəzaçəkmə müəssisəsində digər siyasi məhbus, Qarabağ qazisi Babək Həsənli və siyasi məhbus Məhəmmədəli Axundzadəyə qarşı da kars cəzası tətbiq edilib.

Ə.Nuruzadənin anası "Azad söz"ün canlı yayımında bildirib ki, Qarabağ qazisi Babək Həsənli adıçəkilən cəzaçəkmə müəssisəsinə gətirildikdən sonra ona qarşı edilən haqsızlığa etiraz etdiyi üçün oğluna qarşı təzyiqlər artıb:

"Məhbuslar da məəttəl qalıb ki, nə baş verir. Bilinmir ki, Əhsəni cəzaçəkmə müəssisəsində "karsa" salıblar, yoxsa oradan götürüb aparıblar. Bizə də heç bir məlumat vermirlər. Qalmışıq belə, ürəyimiz partlayır nigarançılıqdan".

Yaxınları deyir ki, Ə.Nuruzadə bir neçə gün əvvəl də heç bir əsas olmadan cərimə kamerasına salınaraq cəzalandırılmışdı.


YADDAŞ

Müsəlman Birliyi Hərəkatının fəal üzvü Əhsən Nuruzadə 7 il azadlıqdan məhrum edilib. Bu ilin martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası bu haqda hökm çıxarıb.

Əhsən Nuruzadə 2017-ci ilin oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Ona CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. Onun üzərindən 14.775 qram heroin tapıldığı iddia olunub.

Amma Əhsən Nuruzadə ittihamı rədd edir, narkotikin cibinə idarədə elə polis tərəfindən atıldığını bildirir.

Top
JoomlaLock.com All4Share.net