Gəncə işi: "Öldürülən polisin bağırsağını çıxarıb Gülmirzənin üstünə atdılar..."
Featured

15 İyun 2019

Gəncə məhbusu Gülmirzə Bədəl oğlu Nuruzadə yenidən aclıq aksiyasına başlayan Gəncə məhbuslarına qoşulub. Bu barədə onun yaxınları vetenugrunda.az-a məlumat verib.

Gəncə məhbuslarının aclıq aksiyasına başlamasına səbəb isə onlara qarşı istintaq zamanı verilən işgəncə faktlarının araşdırılmamasıdır: "Gülmirzə istintaq zamanı verilən işgəncələrin araşdırılması ilə bağlı qaldırılan vəsatatlərin rədd edilməsinə etiraz olaraq aclıq aksiyasına başladıqlarını deyir.

Bu il, may ayının 7-də bu aksiyaya başlamışdılar, lakin o zaman saxlanma təcridxanasının rəhbərliyi onların tələblərinin araşdırılacağına söz vermişdi və məhbuslar aksiyanı dayandırmışdılar. Lakin bu qədər vaxt keçdi aradan və bəlli oldu ki, heç kimin heç nəyi araşdırmaq fikri yoxdur. Çünki indiyə qədər məhbuslar apellyasiyadan daha ədalətli məhkəmə gözləyirdilər. Proses başlanandan bu günə qədər gördüklərimizdən bu qərara gəldik ki, apellyasiya məhkəməsindən gözlədiyimiz ümidimiz puç oldu.

Sabunçu Rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə məhkumlar işgəncə faktlarından danışan kimi hakim sözünü kəsib, başqa səmtə yönləndirmək üçün suallar verir. Bu qədər işgəncələrdən danışılsa da heç vaxt nə hakim, nə də dövlət ittihamçısı işgəncə ilə bağlı bir sual vermirlər. Əksinə, bu barədə bir kəlmə belə eşitmək istəmədiklərini hər tövrlə ifadə edirlər".

Ailəsi deyir ki, Gülmirzə Nuruzadə və onunla birlikdə həbs edilən dostları Gəncədə baş tutan etiraz aksiyasında iştirak etməyiblər. Onlar çay içdikləri yerdə polis tutub aparıb: "Gülmirzə dostları Səbuhi və Eyruzla iyulun 10 -da, səhər saat 10-da Gəncədəki Xan bağında oturublarmış, polislər gəlib onları Kəpəz rayon polis idarəsinə aparıb. 15 sutka inzibati cəza verilib və deyilib ki, sizi 15 gündən sonra buraxacağıq.

15 günün tamamında yenidən 15 sutka verilib. 30 sutkadan sonra buraxdılar hər üçünü. Amma 4 gündən sonra zəng edib Gəncə polis idarəsinə izahat yazmağa çağırdılar. Sonra yenidən zəng edib dedilər ki, Sumqayıta gəlin. 3-ü də getdi Sumqayıt polis idarəsinə. Gülmirzədə, dostları da tutulacaqlarını bilirdilər. Deyirdi ki, Gəncədə 30 sutkalığımız bitəndən sonra bizi buraxanda "sizi yenə də tutacağıq, elə bilmiyin ki, sizi rahat buraxacağıq" dedilər. 

Gülmirzə Nuruzadəyə verilən işgəncələr haqqında danışan xanımı deyir ki, Gülmirzə həbs edilənə qədər çox sağlam olub. Sumqayıtda hamı onu avtomobil ustası kimi tanıyırmış. O, avtomobilləri rəngləməkdə ustaymış: "Gülmirzə çox sağlam idi. Bütün günü çalışardı, heç vaxt həyatından, səhhətindən narazılıq etməzdi. Daim şüküranlıq edərdi. Doğrudan da, çox sağlam idi. Amma bu gün o, Gülmirzədən əsər -əlamət qalmıyıb. Ona verilən dəhşətli işgəncələr Gülmirzənin bütün sağlamlığını məhv edib. Üstəlik, psixoloji, mənəvi təzyiqlər.

Gülmirzə ilə bir yerdə işgəncə görən, sonra buraxılan bir nəfər deyirdi ki, aksiyada öldürülən polisin meyitini qoymuşdular otağa. Qarnını yarmışdılar, bütün içalatı görünürdü. Çox dəhşətli idi. Biz qorxudan havalanırdıq. Bizi döyən polislərdən biri qətlə yetirilmiş polisin bağırsağını dartıb Gülmirzənin üstünə atdı. Gülmirzə bayıldı. Üzünə su tökürdülər ayılmırdı, elə bildik, öldü..."

Yaxınları Gülmirzənin gördüyü işgəncələrdən bezib intihar etmək istədiyini bildirdi. Əynindəki paltarı ilə özünü asmağa qərar versə də buna imkan verilməyib: "Həmişə deyir ki, elə bilirəm çoxdan ölmüşəm, yoxam. Axı o qədər işgəncədən sonra necə oldu ki, ölmədim. Bu möcüzədir.

Gülmirzə deyir ki, məni otağa gətirib stulda otuzdurdular. Əllərimi arxadan bağladılar stula, ayaqlarımı da birləşdirib bağladılar. 9 nəfər iri cüsəlli adam daxil oldu otağa başladılar məni döyməyə. Stol qarışıq məni götürüb divarlara, hara gəldi çırpırdılar. Bir dəfə başıma torba keçirdilər, sonra bir nəfər gəldi içəri məni o qədər döydü huşumu itirdim.

8 nəfərlik qrupda hamıya dəhşətli işgəncələr verilib. 7 nəfərə işgəncə verib Quliyev Elman adlı şəxsə qarşı ifadə vermək tələb olunub. Bu işləri Elmanın təşkil etməsi haqqında ifadəyə imza atdırmaq üçün 7 nəfərə ağlasığmaz işgəncələr verilib. Elmanı təşkilatçı kimi qələmə vermək istəyiblər. Elman da sumqayıtlıdı, 40-45 yaşı olar. Əslən gəncəlidi amma sumqayıtda yaşayır. Aksiyadan bir gün öncə Elman Gəncədə olub. Evinə gələndən sonra tutub aparıblar polis idarəsinə. Elmana daha dəhşətli işgəncələr verilib. İndi ağır xəstədir".

Lakin bütün işgənəcələrə dözən Gülmirzə Elmana qarşı ifadə verməyib: "Deyir, məni qorxudurdular ki, səni döyə döyə öldürəcəyik, uşaqlarını fikirləş, yetim qalacaqlar. Gülmirzə deyib ki, Elmanın da uşaqları var mən Allahdan qorxuram, olmayan bir şeyi necə deyim, necə iftira atım, bu insana yaraşan hal deyil".

Gülmirzə Nuruzadənin atası əslən Novxanıdan olsa da, Sumqayıta köçüb və bu şəhərdə yaşayıb. G. Nuruzadə 1990-cı il martın 12-də Sumqayıtda dünyaya gəlib. O, həbs olunduğu günə qədər Sumqayıtda yaşayıb. Ailəlidir, 3 övladı var. Böyük övladı 5 yaşında, əkiz övladları isə 2 yaşındadır. Gülmirzənin qardaşı Riya Nuruzadəyə də qardaşı ilə eyni qrupda hökm oxunub. Onun da iki azyaşlı övladı var. Nuruzadə qardaşlarının atası ötən ilin aprel ayında dünyasını dəyişib. Hazırda bu beş uşağın böyüdüyü ailədə işləyən yoxdur.  

Xatırladaq ki, 2019-cu ilin 2 mart tarixində, Sabunçu Rayon Məhkəməsində, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrlik etdiyi kollegiya iclası Gülmirzə Nuruzadənin də təmsil olunduğu 8 nəfərlik qrup haqqında hökm çıxarıb. Hökmə əsasən
Cabir Əzizov 5 il,
Səbuhi Rəcəbov 6 il,
Eyruz Hacıyev 7 il,
Gülmirzə Nuruzadə 6 il,
Riya Nurzadə 5 il,
Fikrət Mirzəliyev 6 il,
Elman Quliyev 8 il,
Sabir Əzizov 6 il müddətinə azaslıqdan məhrum edildi.

Hazırda Bakı Apellyasiya Məhkəməsində bu qrupun işinə baxılır. Növbəti məhkəmə prosesi iyunun 28-i saat 11-ə təyin edilib.

YADDAŞ
2018-ci il iyulun 10-da Gəncə şəhərində icra hakimiyyətinin qarşısında baş tutan aksiya ilə əlaqədar 200-dən çox şəxs saxlanılıb. İki polis zabitinin öldürülməsi ilə nəticələnən aksiyaya görə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanılaraq istintaq aparılıb.
Aksiya zamanı meydanda olan və meydanın ətrafından keçən şəxslər, hətta işə, evə və ya ticarət mərkəzinə gedənlər həbs edilib. Həbs etdikləri adamların bəzilərinin dostlarını və ailə üzvlərini də saxlayıblar.

Bu adamların hamısının olay zamanı polislərə müqavimət göstərdikləri və bu müqavimətin meydandakı kameralarda görüntüləndiyini iddia etsələr də, məhkəmə zamanı heç bir video göstərilməyib. Hətta meydandakı kameraların görüntüsünü ittiham edilənlərin vəkilləri və valideyinləri tələb edib, bu barədə vəsatət qaldırıb. Lakin bütün vəsatətlər rədd edilib. Vəkillər işlə tanış olarkən onlara olayla bağlı təqdim edilən disklərdəki videogörüntülərdə müdafiə etdikləri şəxsləri görmədiklərini, bəziləri isə kənardan gördüklərini deyir.

Onların hadisələrə müdaxiləsini sübut edən heç bir dəlil olmasa da məhkumlar deyir ki, Gəncə, Kəpəz, Yevlax, Sumqayıt, və Gəncədəki Nizami rayon polis idarəsində saxlanan müddətdə ağlasığmaz işgəncələrə məruz qalıblar. Məhkəmə zamanı çıxış edənlər ifadələrə işgəncə altında imza atdıqlarını bildiriblər.

Bəzi saxlananlar isə hətta Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (bandotdel) işgəncə verildiyini iddia edir.
Məhkəmə zamanı ittiham edilən şəxslərin hər biri bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Orxan Babayevin rəhbərliyi ilə istintaq müddətində onlara ağlasığmaz işgəncələr verilib. Hakimlər və dövlət ittihamçıları bu etiraflara sərt şəkildə reaksiya vermələrinə baxmayaraq, ittiham edilənlər daha çox onlara O.Babayevin elktroşokla işgəncə verdiyini deyiblər.

Qeyd edək ki, 200 nəfər saxlansa da, onlardan bəzilərinə verilən 30-20 sutka inzibati cəzanı bitirdikdən sonra azadlığa çıxıb. Lakin 80 nəfərə yaxın şəxsi məhkəməyə çıxarmağa qərar verilib. Artıq hökm oxunan qrupların işinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

P.S

Yazıda adları çəkilən qrumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq

Top
JoomlaLock.com All4Share.net