AXCP sədri siyasi məhbus Tale Bağırzadəni təbrik etdi
Featured

23 İyun 2019

Bu gün Müsəlman Birliyi Hərəkatının sədri, siyasi məhbus Tale Bağırzadənin ad günüdür. MBH sədrinin mövludunu təbrik edən AXCP sədri Əli Kərimli yazır:

"Tale Bağırzadə 35 yaşını da məhbəsdə qeyd edir. Artıq 9-cu ad günüdür ki, Tale bəy məhbəsdə keçirdir. 2011-ci ildən bəri Tale bәy 3-cü siyasi məhbus həyatını yaşayayır. 4 övladının üçü o həbsdə olanda dünyaya gəlib.

Tale bəyi ad günü münasibətilə təbrik edirəm. Bu dəyanətli və ləyaqətli insanı daha yaxşı tanımağınız üçün onun məhkəmədəki çıxışından bir parçanı sizlərlə paylaşıram. Tale bəy ifadəsində bildirdi ki, "bandotdel"dә növbəti ağır işgəncədən sonra onu sürüyərək (Tale bəy özü yeriyə bilmirmiş) kamerasına gətirən yüksək rütbəli zabit ona deyib: "İfadə verməsən də biz artıq əmin olduq ki, siz Əli Kərimli ilə birlikdəsiniz və bu cinayətləri də birlikdə etmisiniz". Tale bəy həmin zabitdən soruşub ki, nəyin əsasında bu qənaətə gəldiniz? Zabit cavab verib ki, bu qədər ağır işgəncələrə dözdün, ancaq Əli Kərimliyə qarşı ifadə vermədin. Deməli, bir yerdəsiniz və sən işgəncələrə dözüb onu qoruyursan. Tale bəy həmin zabitə deyib ki, mən Əli Kərimlini qorumaq üçün deyil, öz ləyaqətimi qorumaq üçün dözdüm o işgəncələrə. Çünki mənim aləmimdə yalandan birinin üzünə durmaq, onu etmədiyi əməldə ittiham etmək böyük ləyaqətsizlikdir. Mən o ləyaqətsizliyi edib yaşaya bilməzdim. Səni əmin edirəm ki, əgər istintaq məndən Əli Kərimliyə qarşı yox, şəxsən sənə qarşı da saxta ifadə istəsəydi, yenə də o işgəncələrə dözəcəkdim, ancaq hətta sənə qarşı da saxta, yalan ifadə verməyəcəkdim. Ancaq sən məni anlamazsan..."

Tale bəy belə ləyaqətli insandır. O ədaləti, haqqı yalnız o dünyada deyil, bu dünyada da axtardığı üçün rejimin qəzəbinə gəlib. Tale bəyi ad günü münasibətilə ürəkdən təbrik edirəm. Ona uzun ömür, can sağlığı və xoşbəxtlik arzulayıram. Arzu edirəm ki, tezliklə azadlığına, övladlarına, ailəsinə, dostlarına qovuşsun və xalqımıza, Vətənimizə azadlıqda xidmət edə bilsin".

Top
JoomlaLock.com All4Share.net