Gəncə işi: Axtarış zamanı götürülən əşyalar geri qaytarılmayacaq
Featured

06 İyul 2019

İyulun 5-də Sabunçu Rayon Məhkəməsində Oktay Hüseynzadə və digərlərinin təmsil olunduğu 8 nəfərlik qrupun məhkəməsi baş tutdu.

Vetenugrunda.az-ın məhkəmədə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrlik etdiyi məhkəmədə vəsatətlərə baxıldı və demək olar ki, hamısı rədd edildi.

Hakim öncə Oktay Hüseynzadə ilə bağlı məhkəmənin Dövlət Sərhəd Xidmətinə göndərilən sorğusuna verilən cavabı təqdim etdi. Hakim bildirdi ki, 2017-ci ildə Oktay Hüseynzadə Azərbaycandan İrana, İrandan Gürcüstana gedib. O.Hüseynzadənin vəkili etiraz edərək bildirdi ki, Dövlət Sərhəd Xidməti onun göndərdiyi eyni sorğuya başqa cavab verib: "Necə olur ki, eyni dövlət orqanı, eyni sorğuya müxtəlif cavablar verir? Buna etiraz edirəm".

Bəlli oldu ki, Dövlət Sərhəd Xidmətinə Oktay Hüseynzadənin vəkili Şahməmmədov İlqarın göndərdiyi sorğuya verilən cavabda onun Gürcüstandan İrana girdiyini qeyd edib.

Oktay Hüseynzadənin qardaşı bildirdi ki, axtarış zamanı Oktayın xarici pasportu, telefonları, planşeti götürülüb və geri qaytarılmayıb. Axtarış zamanı evdən götürülən əşyaların geri qaytarılması üçün qaldırılan vəsatət isə təmin edilməyib: "Evdən götürülən əşyalar haqqında məlumat istintaq sənədinə əlavə edilməyib".

Qeyd edim ki, söhbət əsnasında digər məhbus Abas Abasovun valideyini bildirdi ki, onların evində aparılan axtarış zamanı götürülən 1500 avro pul da it-bata düşüb.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Oktay Hüseynzadə

Daha sonra vəkillər işgəncə faktının yenidən araşdırılması ilə bağlı ekspertizanın təşkil edilməsi üçün etdikləri müraciətin cavabına toxundular. Bəlli oldu ki, müraciətə verilən cavab qərəzlidir. Belə ki, ekspertiza məhbusların bəzilərinin zədəli olduğunu, lakin bunun bir il altı ay öncə və ya daha qabaqkı tarixdə baş verməsini bildirib. Yəni həbs edilməzdən öncə zədələniblər. Vəkillər isə bu cavabın anormal olduğunu bildirdilər. Lakin dövlət ittihamçısı Fuad Musayev bu barədə yenidən qaldırılan vəsatətin təmin edilməməsini məsləhət gördü.

Məhkəmə müşavirəyə getdi və hakim gəlib bildirdi ki, bütün qaldırılan vəsatətlər rədd edildi. Bu zaman vəkil Qanqa İbrahimov hakimin qərarına etiraz etmək istəyəndə hakim Xəqani Səmədov onun sözünü kəsib, "əyləşin, etiraz etmək hüququnuz yoxdur" deyə, əmr etdi.

Lakin vəkil ona etiraz etmək hüquqnun olması barədə qanunu xatırladanda hakimin köməyinə dövlət ittihamçısı Fuad Musayev gəldi və vəkilin haqsız olduğunu bildirdi. Qanqa İbrahimov isə sonda məhkəmənin qərarının qanunsuz olduğunu bildirdi.

Növbəti məhkəmə prosesi 12 iyul saat 11:00-a təyin edildi.

Top
JoomlaLock.com All4Share.net