Gürcüstan hökumətindən Azərbaycana qarşı növbəti rəzalət
Featured

02 Avqust 2019

Gürcüstan məhkəməsi azərbaycanlı həkim haqqında qanunsuz həbs qərarı çıxarıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə bu barədə Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli sosial şəbəkədə məlumat verib:

"Bu da bizim azad və demokrat hesab etdiyimiz Gürcüstan. İndicə məlumat aldım ki, Gürcüstan Ali Məhkəməsi prokurorluq tərəfindən heç bir protest verilmədiyi halda Azərbaycanın kriminal və korrupsioner hakimiyyətinin təzyiqi ilə Gürcüstan Apelliyasiya məhkəməsinin professor Fərman Ceyranlı haqqında qərarını ləğv edib və əlavə olaraq tanınmış həkimi 6 il iş verib.

Fərman Ceyranlı məhz bu ay - avqust ayında azadlığa çıxmalı idi.

Məsələ burasındadır ki, Ali Məhkəməyə şikayətçi tərəf deyil, Gürcüstan prokurorluğu deyil, məhz Fərman Ceyranlı tam bəraət almaq üçün müraciət etmişdi. Ümumiyyətlə, məhkəmə sistemində belə hal istisna edilir. Yalnız avtoritar rejimlərdə qisasçılıq məqsədi ilə belə rüsvayçı məhkəmə hökmlərinə təsadüf edilir.

Əfqan Muxatrlının Tbilisi küçələrindən oğurlanmasından sonra Azərbaycan hakimiyyətinin sifarişi ilə Gürcüstanda növbəti rəzalət baş verib və Apelliyasiya məhkəməsinin qərarı ilə bu ay azadlığa çıxacağı gözlənilən Fərman Ceyranlıya əlavə olaraq 6 il azadlıqdan məhrumolunma cəzası verilib."

YADDAŞ

İxtisasca cərrah olan Fərman Ceyranlı Gürcüstanda ən böyük klinika olan Lansetin rəhbəridir.

O, 2017-ci ilin may ayının 22-də həbs edilib. Səbəb adıçəkilən xəstəxanada qaraciyər əməliyyatı olunan bir pasiyentin ölməsi olub.

Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 247-ci maddəsinin 1-ci bəndi (insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətmək) və 180-ci maddənin 3-cü hissəsinin b yarımbəndi (kütləvi dələduzluğa cəhd maddələri ilə ittiham irəli sürülüb.

2018-ci ilin 8 fevralında Tiblisi Şəhər Məhkəməsi azərbaycanlı həkim haqqında qərar çıxarıb. Dövlət ittihamçısı üç müxtəlif cinayət maddəsi üzrə Fərman Ceyranlıya doqquz il iştəyib, amma məhkəmə onu iki maddə üzrə "dələduzluq" və "həkimin səlahiyyəti barədə düzgün məlumat verməmək" maddələri üzrə Fərman Ceyranlıya altı il cəza verib. 2018-ci ilin dekabr ayında isə Gürcüstan Apelyasiya Məhkəməsinin qərarı ilə F. Ceyranlı barəsində 6 il azadlıqdan məhrumetmə cəzası 2 il 3 ayadək azaldılıb. Onun 2 il 3 aylıq cəzası bu ilin avqust ayında başa çatıb.

Fərman Ceyranlı həbsinin ilk günündən ittihamları rədd edib, qərarın "siyasi sifariş" olduğunu, hadisədə "heç bir günahı olmadığını" deyib və həbsinin siyasi sifariş olduğunu bildirib. O, apellyasiya məhkəməsindəki çıxışı zamanı deyib ki, həbsi Gürcüstan və Azərbaycan iqtidarının siyasi sifarişidir. Fərman Ceyranlı Gürcüstan müxalifətini dəstəklədiyi üçün Gürcüstan iqtidarının sifarişi əsasında həbs edilən azərbaycanlə həkim məhkəmə zamanı üzləşdiyi qanunsuzluqları pisləyib.

Xatırladaq ki, Eynulla Fətullayevin rəhbərlik etdiyi virtualaz.org saytında gedən (2017-ci il-4 may) "Gürcüstanda gizli antiazərbaycan yuvaları; görüşlər, pullar, təlimatlar" yazısından (http://virtualaz.org/bugun/94808) 2 həftə sonra (1 il öncə klinikasında baş verən ölüm hadisəsini bıhanə gətirərək) həbs olunub.

Həmin yazıda Fərman Ceyranlı siyasi müxalifəti maliyyələşdirməkdə ittiham olunurdu. Ona qarşı təsisçisi olduğu klinikada 1 il öncə həyata keçirilmiş orqan köçürməsi zamanı xəstənin ölümü ilə bağlı cinayət işi qaldırılıb. Sual oluna bilər; həmin əməliyyatı Fərman Ceyranlı etmədiyi halda niyə ona cinayət işi açıldı? Və o, suçlu idisə, cinayət işi niyə 13 ay sonra-Azərbaycan hakimiyyətinin qəzəbinə və hədəfinə tuş gəldikdən sonra həbs olundu?" hüquq müdafiəçisi Oqtay Gülalıyev sual edib.

Fərman Ceyranlı Tbilisidə "Lanset" klinikasını təsis edənədək eyni adlı klinikanı Bakı şəhərində təsis edib. Lakin 2010-ci ildə Azərbaycan Səhiyyə Nazirliyi kinikanı bağlayıb. Bunu Fərman Ceyranlı qanusuzluq hesab edib və 2014-cü ildə Tbilisidə klinika təsis edib. Ceyranlının Tbilisidə təsis etdiyi klinikada Azərbaycandan olan çoxsaylı insanlar, o cümlədən müxalifətçilər müalicə alıb.

Fərman Ceyranlı 2016-cı ildə Gürcüstanda parlament seçkilərində deputatlığa namizəd olub və bu ölkədə yaşayan azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı bəyanatlarla çıxış edib. O, Gürcüstan hökumətlərinin siyasətini tənqid edib. Ceyranlı deputat olmasa da onun xalqının hər kiçik probleminə ürək yanğısı ilə yanaşması həkimə qarşı böyük sevgi yarada bilib.

Top
JoomlaLock.com All4Share.net