Əli Kərimli pilot Rəşad Atakişiyevdən yazdı: "Yazmaq istəmədiyim yazı..."
Featured

21 Avqust 2019

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Şəhid pilotumuz Rəşad Atakişiyevin dəfninin siyasiləşdirilməsindən yazıb. Vetenugrunda.az yazını olduğu kimi təqdim edir:

"Yazmaq istəmədiyim yazı. Məcbur oldum.

Dostlar, Rəşad Atakişiyevin dəfn mərasimini müxalifətin üzünə bağlamaq sıradan bir hadisə deyil. Sıradan bir yaramazlıq da deyil. Dövləti, ordunu, milli gücü sarsıdan bir bölücülükdür, xəyanətdir. Ordu iqtidarın və müxalifətin ola bilməz. Ordu millətindir. Hər zaman da belə olacaq. Millətin isə 90 faizi hazırkı rejimə qarşıdır.

Torpaqlarımız işğal altındadır. Deməli, hər vaxt savaş yenidən alovlana bilər. Belə olan halda ordu - xalq birliyi yaratmaq, orduya, əsgər və zabitlərimizə cəmiyyətin bütün təbəqələrinin dəstəyini təmin etmək azacıq məsuliyyət hissi və vətənpərvərliyi olan iqtidarın əsas işi olmalıdır. Ancaq İlham Əliyev nə edir? İlham Əliyev zabit Rəşad Atakişiyevin dəfn mərasiminə müxalifəti, xalqı, hətta jurnalistləri buraxmamaqla orduya xalqın dəstəyini azaltmaq istəyir. Rejim bu hərəkətlərilə ordu – xalq birliyinin qarşısını almaq, ordunu öz siyasi alətinə çevirmək istəyir.

Rəşad Atakişiyevin dəfnində baş verən əslində ilk belə hadisə deyil. Neçə illərdir ki, rejim bu tipli addımlar atır. Biz bu utancverici vəziyyəti cəmiyyətə olduğu kimi çatdırmamışıq. Əvvəldə qeyt etmişəm ki, bu yazını heç yazmaq istəmirdim. İndi də çətinliklə yazıram. Ancaq artıq məcburiyyət hiss edirəm ki, nə baş verdiyini ətraflı yazım. Həm də ona görə ki, bəzi məlumatsız vətəndaşlarımız vaxtaşırı sual verirlər ki, İlham Əliyevlə məsələ aydındır, bəs siz nəyə görə şəhid dəfnlərində iştirak etmirsiniz?

2013-cü ildə məşhur "Əsgər ölümlərinə son!" mitinqlərinin nədən başladığını xatırlayırsınız? Yanvar ayının 7-də əsgər Ceyhun Qubadov guya ürəktutmasından ölmüşdü. Sonradan ailəsi cənazəni açanda Ceyhunun bədənində çoxsaylı və dəhşətli işgəncə izləri aşkarlanmışdı. Hamıya məlum oldu ki, əsgər ağır işgəncələrlə öldürülüb və qanı batırılıb. Belə halların orduda geniş yayılması xalqı, xüsusilə gəncləri həyacanladırdı. İndi yaxşı tanıdığınız İlkin Rüstəmzadə şəhərin mərkəzinə mitinq təyin etdi. Qalanını bilirsiniz. İlkin bəy məhz həmin mitinqə görə 6 il həbsdə qaldı. Bunu ona görə xatırladıram ki, hələ həmin vaxt mən işgəncə ilə öldürülmüş əsgər Ceyhun Qubadovun yas məclisinə getmək istədim.

Hökumət bunun qarşısını almaq üçün mən hələ yolda ikən "Əli Kərimli bu işi siyasiləşdirməsin" bəhanəsilə əsgərin anası ilə razılığa gəlib, yas çadırını sökdürüb, yası dağıtdı. Mən yoldan qayıtmalı oldum. Əsgər, şəhid ailərinə mənim iştirakıma görə təzyiq olmasın deyə xeyli müddət şəhid dəfnlərinə getmədim.

2016-cı il Aprel döyüşləri başlayanda biz ordumuza, əsgər və zabitlərimizə birmənalı dəstək bəyanatı verdik. Qızğın döyüşlər gedən vaxtda ordu - xalq birliyini gücləndirməyi zəruri sayaraq Aprel Şəhidlərinin dəfn mərasimlərinə qatılmaq qərarı verdim. Universitetə qəbul zamanı 700 bal toplamış, ailənin tək övladı şəhid Müşviq Orucovun dəfn mərasimində iştirak etdim. Səhərisi gün də Sumqayıta şəhid dəfninə (özüm adını yazmıram) getməyi planlaşdırdım. Səhər yenə də mən yoldaykən məlumat aldım ki, biz dəfnə qatıla bilməyək deyə tezdən gəlib şəhidin ailəsinə dəfnin vaxtını 1 saat irəli çəkmələri, elan olunduğu kimi, 12:00-da yox, 11:00-da etmələri üçün təzyiq göstəriblər. Mən yenə də yoldan qayıtdım. Və şəhid ailələrini rahat buraxsınlar deyə daha şəhid dəfnlərinə qatılmadım.

Rəşad Atakişiyevin cəsədi tapılan kimi cəbhəçi dostlar, Milli Şura rəhbərliyi qərara gəldik ki, onun dəfnində hamılıqla iştirak edək. Milli Şura sədri, hörmətli Cəmil Həsənli (görünür hakimiyyəti o bizim hamımızdan yaxşı tanıyır) təklif etdi ki, dəfndə iştirakımıza görə ailəyə təzyiq edərlər, xoşagəlməz hadisə yaşanar dəfn vaxtı.

Siz bir Rəşadın ailəsini xəbərdar edin ki, o dəfndə bizlər də iştirak edəcəyik. Qalanını bilirsiniz. Rəşad Atakişiyevin qayınatası Qabil Hüseynli mətbuat vasitəsilə "müxalifət partiyaları bizi başa düşsünlər, dəfnə gəlməsinlər" xəbərdarlığını etdi. Dəfnə getmədik. Ancaq Qabil Hüseynlini və hökumətin təzyiqi (bəlkə də şirnikləndirməsilə) "şəhid övladımızın dəfninə müxalifət gəlməsin" deyən heç bir şəhid yaxınını başa düşmürük.

Heç bir valideynin, qohumun şəhidin, hərbçinin ruhuna xəyanət etmək haqqı yoxdur. Müxalifətçilər də, bütövlükdə millət də onsuz qayınataların və digər ailə üzvlərinin xatirinə yox, şəhidin ruhunu yad etmək üçün həmin dəfnə qatılmaq istəyirdi. Ancaq unutmayaq ki, bütün bu baş verənlərin əsas günahkarı hakimiyyət və şəxsən İlham Əliyevdir. Məhz onun göstərişilə ordumuz, əsgər və zabitlərimiz uğrunda canını fəda etdiyi xalqından təcrid olunur.

Hamı bilməlidir ki, İlham Əliyev hakimiyyəti iqtidarını qorumaq üçün xalqı bölüb parçalamağa, üz-üzə qoymağa, onun minillik adət və ənənələrini tapdalmağa hazırdır. Məhz bu siyasətə hamımız etiraz etməliyik. Bu anti-milli siyasət durdurulmalıdır. Xalqın mövqeyi çox açıq ifadə olunmalıdır. Hərbçiləri, şəhidləri cəmiyyətdən təcrid etmək istəyən, müxalifətə qarşı aparteid, faşist, ayrı-seçkilik, təcridetmə siyasəti həyata keçirən hakimiyyət özü cəmiyyət tərəfindən qınanılmalı və təcrid olunmalıdır. Rəşad Atakişiyev və şəhidlərimiz isə bütün bu çirkinliklərdən çox-çox ucalıqdadırlar.

Allah pilot, polkovnik-leytenant Rəşad Atakişiyevə və çoxminli şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun."

Top
JoomlaLock.com All4Share.net