"Zalimin təlim etdiyi yola minnət eyləməm"-Xalq qəhrəmanı Mövsüm Səmədov 54
Featured

04 Sentyabr 2019

"Zalimin təlim etdiyi yola minnət eyləməm"-Xalq qəhrəmanı Mövsüm Səmədov 54

Oğuz ellərində bir təhlükə baş verəndə Qaraca Çoban dağların başına qalxar 3 tonqal yandırardı. Xalq təhlükədən xəbərdar olub səfərbər olardı.

İllər öncə məmləkətimizin başının üstünü qara buludlar aldı və bu buludlar getdikcə daha da sıxlaşmaqda, daha da qaralmaqdadır. Bizi bu təhlükədən xəbərdar edənlər, bu təhlükəni ölkədən rədd etmək istəyənlər və canını bu yolda qurban verənlər şərlənərək tutulub zindanlara salındı, salınır. 8 ildir qara zindanları gülüstana çevirən Doktor Mövsüm Səmədov kimi.

8 il öncə Doktor Mövsüm Səmədov Azərbaycanın başının üstünü alan təhlükənin yaradacağı problemlər haqqında verdiyi proqnozların hamısı reallaşdı. Fikirlərini belə səlis ifadə edən və bu qədər dəqiq proqnoz verən bir politoloq bu gün zindandadır. Elə bir dönəmdə ki, Azərbaycanın xarici siyasətini dünyada təmsil edənlər ana dilimizdə fikrini ifadə edə bilmir.

Erməni nazirin Azərbaycan torpaqlarında Azərbaycana yönəlik təhdidlərinə bu gün hakimiyyətin stununda təmsil olunanların reaksiyası çox gülünc və əttökəndi. Çünki canları yanmır bu vətənə. Vətənə canları yanmadığına görə verilən sifarişi səsləndirməkdən başqa vəzifələri və haqqı deməyə hünərləri yoxdur.

Mövsüm Səmədov sinəsinə dağ çəkilən, öz balasının da, özgənin də xəncərlədiyi Azərbaycan adlı dərdli ananın üsyankar balasıdı. Təkcə üsyankarmı? Doktor əslində sivil yolla mübarizəni, sivil yolla qələbəni təbliğ edirdi xalqa. Xalqın gələcəyini mənəvi uçrumdan qoruyurdu. Kimlərəsə xoş gəlmədi bu xalqı canıbahasına uçrumdan qoruyan xalq qəhrəmanının fədakarlığı.

Bu gün minbir yerindən yaralı anamızın-Azərbaycanmızın yaralarını qanı ilə yuyub, canını məlhəm qoyan DOKTOR-Mövsüm Səmədov 54 yaşını da zindanda qarşılayır.

Doktorumuz da bunu yəqin bilir ki, cismi azadlıqda olub, ruhu qara quyuların dibində şeytanın qarşısında köləyə çevrilənlər, diri Şəhidlərimizin zindanda yaşadı, çatdığı Azadlığın bir kiçik zərrəsini bütün ömrü boyu yaşamadılar.

Ömrü boyu islam pərdəsi altında gizlənənlər İslamın fəlsəfəsini anlamadı. İslamın təlqin etdiyi yoldan danışıb, İblisin göstərdiyi yolun yolçusu oldular.

Doktor həqiqi islamın Azərbaycanda diri qalması üçün azadlığını qurban verdi. Bu da həqiqətdir ki, Mövsüm Səmədov bu qurbanından peşiman deyil. Çünki o, Kərbəla Məktəbinin məzunudur. Doktor Mövsüm Səmədov İslamın diri qalması üçün bütün doğmalarını və canını qurban verib Şəhadətə yüksələn, öz şücaəti, fəziləti ilə Seyyidüş-şühəda -Şəhidlər Rəhbəri məqamını tutan İmam Hüseyn aşiqidir.  O İmam ki, onun aşiqi İmaməddin Nəsimi "Zalimin təlim etdiyi yola minnət eyləməm" deyib, başını dik tutdu və diri-diri soyulmasını zalımın yönəltdiyi yolla getməkdən üstün tutdu. Nə gözəl Məktəbdir Kərbəla, nə Səfalı məkandır Kərbəla, gül qoxuyan Şəhidləri ilə dünyaya Həqiqət, HAQQ dərsi keçən Kərbəla...

Azərbaycan adlı dərdli, yaralı, əsir ananın qara zindanlarını gülüstana çevirən Kərbəlanın diri Şəhidləri, siz varsınız bu xalq da var. Odur ki, Var olun! Doktor, Mübarək Mövludunuzu bu xalqın və dünyanın bütün haqqsevər insanları sevinclə qarşılayır bu gün. Bu dünyanın ən saf könüllərində sultan olan Doktorumuz 54 yaşınız mübarək olsun!!!

YADDAŞ

Qeyd edək ki, Mövsüm Səmədov 2 yanvar 2011-ci ildə hakimiyyətin siyasətini sərt tənqid edib. Bu hadisədən 5 gün sonra, 7 yanvar 2011-ci ildə saxlanılaraq, polisə tabesizlik maddəsi ilə 13 sutka inzibati həbsə məhkum olunub. 13 sutkalıq həbs cəzası bitəndən sonra ona qarşı qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla cinayət işi açılıb.

7 oktyabr 2011-ci ildə uzun məhkəmə çəkişməsindən sonra Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, ruhanilər Seyyid Fəramiz Abbasov və Zülfüqar Mikayılzadəyə hökm oxundu.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılov Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədova 12 il, Firdovsi Məmmədrzayevə 10 il, əmisi oğlu Dəyanət Səmədova 10 il, partiyanın sədr müavini Vaqif Abdullayevə 11 il, Astara rayon təşkilatının sədri Rufulla Axundzadəyə 11 il 6 ay, Fəramiz Abbasova 11 il azadlıqdan məhrumetmə cəzası verdi. Zülfüqar Mikayılzadəyə isə 5 il sınaq müddəti olmaqla 5 il şərti hökm oxundu.

Avropa Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.

Azərbaycan İslam Partiyası M. Səmədovun həbsini onun 2 yanvar 2011-ci ildə Azərbaycan hökumətinə qarşı etdiyi 12 dəqiqəlik çıxışı ilə əlaqələndirib.

2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə M.Səmədov 12 saylı cəzaçəkmə müəssisəsindən 2 illik Qobustan Qapalı Rejimli həbsxanasına köçürülmüşdü. Lakin doktora qarşı qərəzləri bununla da soyumayıb, onun saxlanma şərtlərini çətinləşdiriblər və ailəsi ilə görüşünə icazə verilməyib. Şərtlərin sərtləşdirilməsi M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb.

Əslində M.Səmədov zindanda da Azərbaycan hakimiyyətini korrupsiya və dindarların hüquqlarının pozulmasına görə kəskin tənqid edib. 2016-cı ilin avqustunda o, konstitusiyaya dəyişikliklərə etiraz olaraq Qobustan həbsxanasında aclıq aksiyası keçirib. Məhbus prezidentlik müddətinin, səlahiyyətlərinin artırılması və başqa dəyişikliklərə etiraz edib.O, 2016-cı il noyabrın 28-də 12 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb.

2017-ci il mayın 14-də Qaradağ Rayon Məhkəməsində hakim Rəşad Məmmədov Mövsüm Səmədovun cəza rejiminin dəyişdirilib daha üç il Qobustan qapalı həbsxanasına köçürülməsi barədə qərar çıxarıb.

 Qərar Mövsüm Səmədovun saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rauf Məmmədovun təqdimatı əsasında verilib.

Arzu Abdulla 

Vetenugrunda.az

Top
JoomlaLock.com All4Share.net