Vaşinqtonda Azərbaycan müzakirəsi- polis zorakılığı-VİDEO
Featured

01 Noyabr 2019

Vaşinqtonda Azərbaycan müzakirəsi: dinc etirazlar və polis zorakılığı 

Oktyabrın 31-də Vaşinqtonun Milli Mətbuat Klubunda təşkil olunan "Azərbaycan: Dinc etirazlar və işgəncə" başlıqlı diskussiyanın çıxışçıları Milli Şura sədri Cəmil Həsənli, Amnesty International təşkilatının nümayəndəsi Daniel Balson və ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı Azərbaycanda siyasi azadlıqların durumunu və mövcud atmosferi müzakirə ediblər.

Azərbaycanda siyasi basqıların və müxalif fikirli insanlara qarşı fiziki zorakılıqların intensivləşdiyini təsvir edən çıxışçılar ABŞ hökumətini insan haqlarının pozulmasında əli olan Azərbaycan rəsmiləri barədə ölçü götürməyə çağırıblar.

Tədbiri giriş sözü ilə açan moderator Ələkbər Raufoğlu diqqəti 19 oktyabrda toplaşma azadlığının pozulmasına çəkdi:

"Azərbaycan lobbiçiləri Vaşinqtonda hökuməti xaos qarşısında duran maneə kimi təsvir ediblər. Ancaq son həftələrdə baş verən xaosun arxasında hakimiyyət özü dayanırdı".

Amnesty International təşkilatının nümayəndəsi Daniel Balson çıxışına oktyabr 19 və 20-də nümayişlər və onların polis tərəfindən dağıdılmasını nəql etməklə başladı.

Balson diqqəti nümayişlərin dinc xarakterinə və onların Amerika cəmiyyəti ilə paylaşdığı müştərək dəyərlərə çəkdi.

ABŞ səfirliyinin nümayişlərdə zorakılıqlarda əli olan adamların cavabdeh tutulmasına çağırışını alqışlayan Balson bunun kifayət olmadığını söylədi.

O, əlavə etdi ki, Dövlət Departamenti Azərbaycanda siyasi azadlıqların pozulduğunu dərk edir və onu hesabatlarında da bu, yer alır.

"Biz yüksək rütbəli ABŞ rəsmilərinin bu pozuntular haqda Vaşinqtonda yüksək podiumlarda, Azərbaycan rəsmiləri ilə görüşlərdə danışmasını istəyirik," o dedi.

Balsonun sözlərinə görə, ABŞ rəsmilərinin verdiyi bəyanatlarla yürüdülən siyasət bəzi hallarda üst-üstə düşmür.

Amerika rəsmiləri Azərbaycan rəsmilərinə fundamental hüquqlara hörmət etmək üçün təzyiq göstərməlidirlər, deyə Amnesty International təşkilatının təmsilçisi fikrini tamamladı.


Milli Şura sədri Cəmil Həsənli Azərbaycanda İlham Əliyev hökumətinin repressiyasının yeni yüksəkliklərə qalxdığını bildirdi. O, AXCP sədri Əli Kərimli, Milli Şura üzvləri Tofiq Yaqublu və İbrahim İbrahimliinin işgəncələrə məruz qaldığını xüsusi qeyd etdi.

"Bu gün Azərbaycanda müxalifət siyasətçisi olam olduqca təhlükəlidir".

Polis şöbələrinin işgəncə laboratoriyalarına çevrildiyini vurğulayan Həsənli hazırkı hakimiyyətin dönəmində yüzlərlə adamın polis nəzarətində həyatını itrdiyini qeyd etdi.

"Beynəlxalq ictmiayyət nə vaxt qatillərə və işgəncə verənlərə sanksiyalar tətbiq edəcək?" deyə Həsənli sual etdi.

"Bu gün Azərbaycanda qarantiya yoxdur ki, sən etiraz aksiyasına çıxsan həbs edilməyəcəksən, və yaxud döyülməyəcəksən," deyə, jurnalist Sevinc Osmanqızı Azərbaycanda toplaşma azadlığına qoyulan məhdudiyyətlərin dərəcəsini təsvir etdi.

Müxalifət liderlərinin işgəncələrə məruz qaldığını vurğulayan jurnalist Azərbaycanda fikir ayrılığına qarşı mübarizədə hələ də KQB metodlarından istifadə olunduğunu söylədi.(amerikaninsesi.org)

Top
JoomlaLock.com All4Share.net