Məhkəmə Razim Əmiraslanlını həbsdə saxladı

20 Noyabr 2019

Bu gün Bakı Apellyasiya Məhkəməsində Müsavat başqanının təşkilat məsələləri üzrə müavini, partiyanın Divan üzvü Razim Əmiraslanlının apellyasiya şikayətinə baxılıb.

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən məhkəmədə Razim Əmiraslanlı çıxış edərək, həbsinin tamamilə əsassız olduğunu bildirib.

Razim Əmiraslanlı deyib ki, o Müsavat Partiyasının təyin etdiyi mitinq və piketlə bağlı noyabrın 10-da Binəqədi Rayon Polis İdarəsinə (RPİ) ertəsi gün isə 6-cı polis bölməsinə çağırılıb. Burada o, aksiyalarla əlaqədar sorğu-suala tutulub:

"Noyabrın 11-də rəis ilə söhbətdən sonra mənim barəmdə saxta protokol tərtib etdilər ki, guya mən Biləcəridə avtobus dayanacağında avtobusun arxasınca söyüş söymüşəm və polisə tabe olmamışam".

Vəkil Nemət Kərimlinin verdiyi məlumata görə, o, məhkəmə prosesində bir neçə vəsatət qaldırıb. Lakin məhkəmə vəsatətləri təmin etməyib və hökmü qüvvəsə saxlayıb.

Nemət Kərimli qərarın qanunsuz olduğunu və Avropa İnsan Haqları məhkəməsinə şikayət veriləcəyini bildirib.

Məhkəmə prosesində Müsavat başqanı Arif Hacılı, Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, başqan müavini Osman Kazımov və partiyanın digər yetkililəri iştirak ediblər.

Noyabrın 11-də tutulan Razim Əmiraslanlı Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs cəzası alıb. O, polisin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib.(basta)

Top
JoomlaLock.com All4Share.net