Allahlıq iddiasında olanların dəhşətli sonu-VİDEO
Featured

18 Dekabr 2017

Allahın qudrətinin bariz bir nümunəsi kimi ağcaqanad bir çox dini rəvayətlərin "qəhrəmanı" kimi çıxış edir. Həzrət Ibrahim Peyğəmbərin (ə) müasiri olan və tanrılıq iddiası edən Nəmrud bir gün o həzrətə elan etdi ki, mən sənin Allahınla savaşıb Onu öldürəcəyəm. Təyin edilmiş vaxtda Nəmrud nəhəng bir ordu ilə gəldi, Həzrət İbrahim (ə) isə təkbaşına qarşı tərəfdə qərar tutdu.

Bu zaman Allahın əmri ilə səmanı ağcaqanad dəstəsi bürüdü. Həşəratlar Nəmrudun əsgərlərinin üzərinə yönəldilər. Qoşun pərakəndə halda qaçıb dağıldı. Amma Nəmrud bundan sonra da iman gətirmədi. Onda xırda bir ağcaqanad Nəmrudun burun dəliyindən girib beyninə tərəf irəlilədi. Hökmdar 40 gün dəhşətli başağrısından əziyyət çəkdi.

Ağcaqanad onun beynini dişləyirdi. Nəmrud ağcaqanadı sakitləşdirmək üçün əvvəlcə başını yerə və divara çırpırdı. Sonra yanındakılara tapşırdı ki, ağrı başlayanda dəyənəklə onun başına vursunlar. Zərbədən sonra ağcaqanad qısa müddət sakit olur, sonra yenə hərəkətə keçirdi. Kimin zərbəsi ağcaqanadı daha uzun müddətə sakitləşdirirdisə, Nəmrud o adama mükafat verirdi. Əyanlar mükafat xatirinə zərbələrin şiddətini artırırdılar. Axırda bir nəfər Nəmrudun başına elə qüvvətli dəyənək vurdu ki, kəlləsi dağılıb öldü (bax: Əllamə Məclisi. Həyatül-qülub, I, 123).

Allah bu yolla sübut etdi ki, tanrılıq iddiasında olan hökmdarı zəif bir həşəratın əli ilə həlak etməyə qadirdr. Bu hadisədən sonra ağcaqanad Allahın qüdrətinin əlaməti kimi məşhur oldu. Məşhur arif Xacə Abdullah Ənsarinin təfsirində yazılıb ki, bir övliyadan soruşdular: "Ağcaqanadın və hörümçəyin yaradılmasının məqsədi nədir?". Həmin Allah dostu cavab verdi: "Əgər ağcaqanadın yaradılmasının tək səbəbi Nəmrudu həlak etmək, hörümçəyin xilqətinin tək səbəbi isə Hira mağarasının ağzında tor qurub Peyğəmbəri xilas etmək olsaydı belə, bu, kifayət edərdi".

Bir gün Abbasi xəlifəsi Məmun xütbə söyləyirdi. Bir ağcaqanad onun üzünə qondu. Məmun əli ilə həşəratı qovsa da, faydası olmadı; ağcaqanad yenə uçub xəlifənin sifətində oturdu. Bu hadisə dəfələrlə təkrar oldu. Axırda Məmun ağcaqanadı qovmaqdan yoruldu, qəzəblənib xütbəni yarımçıq kəsdi. Sonra məşhur ədib Əbu Hüzeyli çağırtdırıb soruşdu: "Mənə de görüm, ağcaqanadın yaradılmasının səbəbi nədir? Bu həşəratın bir xeyri varmı?". Əbu Hüzeyl cəsarətlə cavab verdi: "Allah ağcaqanadı ona görə yaradıb ki, onunla zalımları xar etsin və zalımlar öz güclərinə məğrur olmasınlar". (Eyni ifadəni xəlifə Mənsurun sualına cavab olaraq Imam Cəfər Sadiqə (ə) də aid edirlər).

Top
JoomlaLock.com All4Share.net