Zika virusu bizim üçün təhlükəlidirmi?-VİDEO

30 Yanvar 2018

Rusiyanın "Rospotrebnadzor" xidməti (İstehlakçıların Hüquqlarının və İnsan Hüquqlarının Müdafiəsi Xidməti) Türkiyədə Zika virusunun yayılma təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Ölkənin şimal-şərq vilayətlərində, xüsusilə də İstanbul, Trabzon və Rizedə virusu yayan ağcaqanad növünə rast gəlinib. Zika virusu ölümcül deyil, yalnız hamilə qadın yoluxduqda uşaqların qüsurlu doğulmasına səbəb olur.

Virusun Türkiyədə yayılma ehtimalını ölkənin səhiyyə təşkilatları da təsdiqləyib. Zika virusu ağcaqanadlar vasitəsilə yoluxdurulur. Lakin ölkənin Səhiyyə Nazirliyi virusu yayan ağcaqanad növünə rast gəlinməsi xəbərini təsdiqləməyib.

Zika virusuna yoluxanlarda yüksək hərarət, baş ağrısı, gözlərin qızarması, əzələ ağrıları, yorğunluq müşahidə edilir, xəstəlik 4-7 gün çəkir.

Xəbərdarlıqda deyilir ki, Zika virusu 7 ilə Anadoluda yayıla bilər. İndiyədək Türkiyədə 4 nəfərdə bu virus qeydə alınıb, onların Kubada yoluxduğu müəyyən edilib. Zika virusunun müalicəsi və qarşısının alınması mümkün deyil.

Bəs təhlükəli virus qonşu Türkiyədən Azərbaycana keçə bilərmi?

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin parazitalogiya şöbəsinin müdiri Süleyman Məmmədov deyir ki, miqrasiya ilə hər hansı xəstəliyin ölkəmizə keçmə ehtimalı həmişə var. Amma Zika virusunu yayan ağcaqanad növünə Azərbaycanda rast gəlinməyib. "Hər ilin sentyabrın sonundan iyunun əvvəlinə kimi ölkəmizdəki ağcaqanadlar passiv formada olur.

Bu müddət ərzində ağcaqanadların hansısa xəstəliyi yoluxdurma ehtimalı yoxdur. İndiyədək ölkəmizdə Zika virusunu yayan ağcaqanad növünə rast gəlinməyib. Zika virusu ancaq "Albo-Pictus" və "Aedes aegypti" ağcaqanadları vasitəsilə yayılır və bu ağcaqanadların vətəni subtropik ərazilərdir. Virusun insandan insana keçmə ehtimalı yoxdur", - Məmmədov virtualaz.org saytına söyləyib.

Şöbə müdiri qeyd edib ki, ağcaqanadlar xəstə insanı sancdıqda, virus onun tüpürcək vəzinə, hətta yumurtalığında toplanır. Ağcaqanadlar yumurta qoymaqla çoxalır, yumurtadan çıxan ağcaqanadlar da Zika virusunun daşıyıcıları sayılır.

Səhiyyə Nazirliyindən isə deyiblər ki, indiyədək Azərbaycanda Zika virusuna yoluxma qeydə alınmayıb.

Qeyd edək ki, virus ana bətnindəki dölün beyninin inkişafını ləngidir. virusa yoluxan hamilə qadının dünyaya gətirdiyi uşaq "mikrosefaliya", yəni qeyri-adi kiçik başla doğulur. (virtualaz)

Top
JoomlaLock.com All4Share.net