Rusiyalı general Zəhranın ölümünə dair istintaqı nəzarətinə götürdü
Featured

17 Fevral 2018

Elə qəm və kədər var ki, hətta dağı yerindən oynadır amma mömin insanı diz çökdürə bilmir

Rusiya İstintaq Komitəsinin rəhbəri, general Aleksandr Bastrıkin ötən gün Moskvadakı uşaq bağçalarından birində müəmmalı şəkildə ölən 3 yaşlı azərbaycanlı qızın işi üzrə istintaqı şəxsi nəzarətinə götürüb. 

Rusiya KİV-lərinin verdiyi xəbərə görə, İstintaq Komitəsi geniş rezonans doğuran bu hadisə ilə bağlı iki ayrı cinayət işi qaldırıb. Cinayət işinin biri uşaq bağçasının səlahiyyətli şəxslərinin xidməti vəzifələrinə laqeyd yanaşması və nəticədə insan ölümünə səbəb olması epizodunu araşdıracaq. İkinci iş isə səhlənkarlıq maddəsi ilə qaldırılıb.

Xəbər verildiyi kimi 3 yaşlı Zəhra Rzayevanın meyiti uşaq bağçasının oyun meydançasında tapılıb. Tərbiyəçinin bildirdiyinə görə, o uşaqları saat 10.30-da gəzintiyə və oyun oynamağa çıxarıb. Təxminən iki saat sonra uşaqları bağçaya geri qaytaranda qrupdan bir uşağın olmadığını görüb. Azərbaycanlı qızın meyiti oyuncaqların yığıldığı evcikdə tapılıb. İlkin versiya uşağın nəzarətsiz qalaraq soyuqdan donub öldüyü barədə idi. Lakin hüquq-mühafizə orqanları bu versiyanı ağlabatan hesab etmirlər.

Qızın atası Niyazi Rzayev iki il əvvəl Moskvaya gedib və bazarlardan birində göyərti alveri ilə məşğuldur. Onun dediyinə görə, Zəhra həmişə tərbiyəçilərdən şikayətlənirdi və onların uşaqlara qışqırdığını deyirdi. Lakin tərbiyəçilər valideyinləri əmin ediblər ki, onlar heç kimi incitmirlər. Rzayev bildirib ki, qızı xasiyyətcə bir qədər kaprizli idi, amma bağçada çox qalmırdı. Hər gün 12.30-da onu bağçadan götürürdülər.

"Mən işdə idim. Zəng vurdular ki, təcili gəlməliyəm. Soruşdum: "Nəsə ciddi hadisə baş verib?" Dedilər ki, bəs belə hal olub, təcili gəl. Gəldim, baxdım ki, uşaq artıq keçinib. Dedilər uşaq küçədə oynayanda birdən yıxılıb huşunu itirib"-ata deyib.

Niyazi Rzayev bildirib ki, bir ay əvvəl ailə bütün analizləri vermişdi və Zəhranın tamamilə sağlam olduğu təsdiqləmişdi.

Müstəntiqlər uşaqları da sorğu-suala tutublar. Onlar deyiblər ki, gəzintinin axırında Zəhra evcikdən oyuncaqları götürməyə getdi və geri qayıtmadı. Sonra onu orada tapdılar. Moskva təhsil Departamentinin rəhbəri İsaak Kalina jurnalistlərə bildirib ki, qızın ölümünə dair təhqiqat yekunlaşandan sonra müvafiq nəticələr çıxarılacaq. (virtualaz.org)

Top
JoomlaLock.com All4Share.net