Araz və Emin Ağalarovlar məhkəməyə verildi-SEÇKİYƏ GÖRƏ
Featured

21 Aprel 2018

ABŞ-da Demokratlar partiyasının Milli komitəsi 2016-cı ildə keçirilmiş przident seçkilərinə müdaxiləyə görə Rusiya hökumətini, Baş Kəşfiyyat İdarəsini (QRU), WikiLeaks saytının qurucusu Culian Assancı, Donald Trampın seçki qərargahını, habelə azərbaycanlı oliqarx Araz Ağalarovu və oğlu Emin Ağalarovu məhkəməyə verib. Virtualaz.org xəbər verir ki, demokratların Milli komitəsi cavabdehlərdən milyonlarla dollarlıq təzminat tələb edir.

Nyu-Yorkun Manhetten Federal dairə məhkəməsinə təqdim edilmiş iddia ərizəsində göstərilir ki, Trampın seçki qərargahının rəhbərliyi Rusiya hakimiyyəti və hərbi kəşfiyyatı ilə sövdələşməyə girərək demokratların prezidentliyə namizədi Hillari Klintona qarşı gözdənsalma kampaniyası başladıb. Habelə Demokratlar partiyasının kompüter şəbəkəsinə kibermüdaxilə həyata keçirərək seçki kampaniyasının gedişini Trampın xeyrinə dəyişdirib.

Demokratların Milli komitəsinin rəhbəri Tom Peres deyib: "2016-cı il prezident seçkiləri kampaniyası zamanı Rusiya bizim demokratiyamıza misli görünməmiş hücum həyata keçirib və bu zaman Donald Trampın seçki qərargahının qismində könüllü, fəal partnyor tapıb. Bu, misli görünməmiş satqınlıq aktı idi: Birləşmiş Ştatlar prezidentliyinə namizədin seçki qərargahı prezident seçkilərində şansını artırmaq üçün düşmən xarici ölkə ilə əlbir olub."

Lakin xarici dövləti məhkəməyə vermək demokratlar üçün hüquqi problemlər yarada bilər. Çünki digər ölkələr ABŞ-da məhkəmə çəkişmələrindən immunitetə malikdir. İddia ərizəsində isə göstərilir ki, Rusiya belə immunitetə malik ola bilməz, çünki kompüter şəbəkəsinə müdaxilə partiyanın özəl mülkiyyətinə qəsddir. Habelə Rusiya bu kibermüdaxilə ilə onların məxfi məlumatlarını ələ keçirib ki, nəticədə casusluq əməli baş verib.

İddia ərizəsində prezident Tramp cavabdeh qismində göstərilmir. Lakin onun bir sıra köməkçiləri, o cümlədən oğlu Donald, kürəkəni Cared Kuşner, seçki qərargahının rəhbəri Pol Manafort və müavini Rik Geyts cavabdeh qismində iddiada yer alırlar.

İddiada göstərilir ki, QRU demokratların seçki qərargahının kompüterlərinə müdaxilə edərək ələ keçirdiyi sənədləri Culian Assanca ötürüb. Trampın ətrafı bu qəsd planında iştirak edib, Rusiya nümayəndələri ilə əlbir olublar və haker müdaxiləsinə açıq dəstək veriblər, Trampın seçki qərargahı isə qanunsuz fəaliyyətə imkan yaradan mütəşəkkil cinayətkar dəstə kimi fəaliyyət göstərib.

Məhkəmə ekspertizası sənədlərinə əsasən demokratların Milli komitəsi 2015-ci il iyulun 27-də və 2016-cı il aprelin 18-də haker müdaxiləsinı məruz qalıb. Hakerlər aprelin 22-nə qədər sənədləri və faylları köçürüblər. Bundan dörd gün sonra Trampın seçki qərargahının xarici siyasət müşaviri Corc Papadopulos londonlu professor Cozef Mifsuddan məlum olub ki, rusların əlində Hillari Klintona qarşı kompromat kimi istifadə olunacaq minlərlə elektron məktub var.

İddiada cavabdeh qismində Papadopulos və Mifsud da yer alırlar. Habelə cavabdehlər qismində Araz və Emin Ağalarovlar göstərilir. Onlar 2013-cü ildə Moskvada "Kainat gözəli" müsabiqəsi təşkil ediblər və Tramp bu mərasimdə iştirak edib. Ağalarovlar habelə rusiyali vəkil Natalya Veselnitskayanın 2016-cı ilin yayında Nyu-Yorkdakı Tramp-touerdə Trampın oğlu ilə görüşünü təşkil ediblər. Bu görüşdə Trampın oğlu Hillari Klintonun əleyhinə kompromatlar əldə etməyə ümid edirdi.

Ağalarovların vəkili Skot Balber isə bu iddianı "yüngül" və "reklam tryuku" adlandırıb. Balber deyib ki, onun müştərilərinin demokratların kompüter şəbəkəsinə müdaxilə ilə hər hansı əlaqəsi olmayıb, o cümlədən onların ABŞ seçkilərinə müdaxilədə hər hansı rolu yoxdur. (virtualaz)

Top
JoomlaLock.com All4Share.net