Seyfəddin Şirvanovun bacısı: "SİZ BİZƏ DƏRD YOX, DƏRMAN OLDUNUZ"
Featured

22 May 2018

Əziz oxucularımız, on iki ayın sultanı olan Ramazan ayının gəlişi münasibət ilə hamınızı təbrik edirəm. Allah ibadətlərinizi və dualarınızı qəbul etsin.

Bu müqəddəs Ramazan ayının gəlişinin ilk günündən vetenugrunda.az saytı "Zindana məktub..." layihəsinə başlayıb. Bu gün zindanlarda yüzlərlə günahsız insanımız həbs cəzasına məhkum edilib və olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir. Sizlərin bu müqəddəs ayda onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı çatdırmağı özümüzə borc bildik.

Siz zindanlarda, isti yuvasından, doğma od-ocağından ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq. Bu məktubların sahiblərinə çatmasına da çalışacağıq.

Layihə Ramazan ayı boyunca davam edəcək və eyni zamanda bütün məktublar "Zindannamə" adlı kitabda işıq üzü görəcək. Bütün iştirakçıları, məktub sahiblərini və məktub ünvanladığınız məhbusların yaxınlarını "Zindannamə"nin təqimatına dəvət edəcəyik.

Məktublarınızı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkürümüzü çatdırırq.

Altıncı günün məktubunu Nardaran məhbusu Seyfəddin Şirinovun bacısı göndərib.

Seyfəddin Şirvanovun bacısı: "SİZ BİZƏ DƏRD YOX, DƏRMAN OLDUNUZ"

"Allahın salamı və rəhməti hər kəsin üzərində olsun.

Bu gözəl ayda Allahın bağışlayan bəndələrindən olaq İnşəAllah. Öncə bu layihəyə görə vetenugrunda.az saytına dərin təşəkkürümü bildirirəm. Cox sağolun, bu layihə qəlbimizin dərinliyində olan ürək sözlərimizi işıqlandırır və zindandakıların gücünü, əzmini artırır. Onlara olan sevgimizi, onlarla birgə olduğumuzu aləmə car çəkir.

"Ən dəyərlim yaşama gücüm, sənin həpsinlə həm yıxıldım, həm də gücləndim. İlk günlər kaş daş olub çırpılaydım, quş olub vurulaydım amma bacı olmayaydım deyirdim. Sənin "bandoteldə" soyuq divarlar arasında ac- susuz olduğunu bildiyimdə isti evimdə titrəyirdim, isti yatağa girmirdim, utanırdım, boğazımdan su belə keçmirdi. Bir bacının qardaşı soyuq yerdə yatarkən o bacı necə nəfəs alar?

Amma sonra bu cür imtahanla məni üz-üzə qoyduğuna, sənə Mücahid adı qazandırdığına görə Allahıma şükür etdim. Hər kəs bu məqama yüksələ bilməz. Bir bacının başını ancaq bu cür ucaltmaq olardı.

Düzdü, hələ də çətinlik çəkirəm. Anamın qəlbi qan ağlaya-ağlaya bizə təsəlli verməyinə,hər adın çəkiləndə atamın göz yaşlarını görəndə, övladların hər “ata” deyib səni soraqlayıb gözləri dolanda...

Amma getdiyin yol İmam Hüseyn yoludur. Bu yolda bütün gözəllikləri qurban verməyə dəyər. Bax bu fikirdi məni möhkəm saxlayan, yıxılmağa qoymayan.

Bu məktubu tək sənə xitab etmək istəmirəm, axı mən bütün mücahidlərin, Haqq uğrunda canını qurban verən dörd Şəhidin bacısıyam. Ağam Əbəlfəzin yolunu gedən, Əbəlfəz qardaşın bacısıyam.

Mən "övladlarımı, anamı, bacımı bu yolda qurban vermişəm" deyən qardaşın bacısıyam. Ancaq Allahın buyurduğu Yolla getdiyi üçün 20 il günahsız yerə məhkum olan və hələdə Haqqı deyən qardaşın bacısıyam...

Mən ölümlə hədələnən qardaşın bacısıyam...

İstidə qaynar dəmirə bağlanıb, çarmıxa çəkilən qardaşın bacısıyam...

Quran Hafizi olan qardaşın bacısıyam...

Kərbəla dönüşü həbs olunan qardaşın bacısıyam...

Körpələrinin gözü önündə günahsız yerə, qollarına qandal vurulan qardaşın bacısıyam…

Yas mərasimində tutulan və hökmləri oxunarkən başını dik tutub, gülər üzlə “Allahu Əkbər” deyən qardaşların bacısıyam...

Mənim dəyərli Mücahid qardaşlarım, hər birinizin adını tək-tək yazmaq istərdim.

Qoy hamı bilsinki mənim necə qeyrətli və mərd qardaşlarım var.

Bunu bilməyinizi istəyirəm: SİZ BİZƏ DƏRD YOX, DƏRMAN OLDUNUZ.

Siz bu əməlinizlə kor gözləri, kar qulaqları açdınız. Düzdür, bəziləri bu gözəllikdən məhrum qaldılar, amma bu gözəllikdən məhrum qalan o kəslər Allahın lütfünə layiq olmayanlardır. Mən sizinlə fəxr edirəm, qürur duyuram. Sizlərə verilən işgəncələrdən, o cür dəhşətli əzablardan sonra dim-dik ayaqda qaldınız və 4 divar arxasında belə mübarizənizə davam etdiniz.

Mənim mücahid qardaşlarım siz nə qədər güclü olsanız biz o qədər dözümlu olacağıq. Haqq hər zaman qalib gəlib, gələcəkdə.

İnşəAllah tezliklə Haqq yerini tutacaq və hər biriniz cismi azadlığa qovuşacaqsınız. Yalan ayaq tutar yeriməz, yerisədə cəhənnəm əzabında öz payını tapacaq. Gecə-gündüz dualarımdasınız. Nəinki mən bütün analar, bacılar, qardaşlar və körpələr Sizlər üçün dua edir. Əminəm ki bu dualar tezliklə qəbul olunar. Mənim günahsız məhkum qardaşlarım. Bir gün sizi günahkar adlandıran bütün günahkarlar məhkum olacaq və həmin gün mənim həyatım işıqlanacaq. Allah məni sizlərə qurban etsin. Allaha əmanət olun.

Allah bu gözəl ayın xatirinə bütün gözü yolda olanları sevindirsin.

2018-05-23"

XATIRLATMA:

2015-ci ildə Nardaran olayları zamanı həbs edilən Seyfəddin Şirvanovun işi şərti olaraq "Nardaran işi-2" adlandırılan qrupda araşdırılıb.

Hakim Mayıl Bayramovun sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesinin sonunda Seyfəddin Şirvanov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Seyfəddin Şirvanov ona qarşı irəli sürülən ittihamları böhtan adlandırıb və qəbul etməyib.

Qeyd edək ki, Seyfəddin Şirvanov siyasi məhbus statusu daşıyır.

Top
JoomlaLock.com All4Share.net