Dünya İnqilab tarixinin ən möhtəşəm Liderinin mövlududur-VİDEOLAR
Featured

17 İyul 2018

Bu gün Ayətullah ül-üzma, Ali Lider, əslən azərbaycanlı olan müctəhid, mərceyi-təqlid, ictimai-siyasi xadim Seyyid Əli Hüseyni Xameneinin mövlududur. O, 17 iyul 1939-cu ildə İranınMəşhəd şəhərində dünyaya gəlib.

Atası ayətullah hacı seyyid Cavad Məşhədin möhtərəm alim və müctehidlərindən idi. O, uzun illər sübh vaxtı Gövhərşad məscidində, zöhr və şam vaxtlarında isə Bazar məscidində camaat namazı qılır və islamı təbliğ edirdi.

Babası ayətullah seyyid Hüseyn Xamenei Nəcəfdə yaşayan Azərbaycan alimlərindən idi. O, əvvəllər Təbrizin Xiyaban məhəlləsində yaşayırdı, sonralar isə Nəcəf-Əşrəfə səfər edib, orada təhsil almağa başlamışdı. Çox zahid insan olan seyyid Hüseyn Xamenei təqva əhli olaraq ömrü boyu qənaətlə dolanmışdır.

Şəhid ruhani hacı şeyx Məhəmməd Xiyabani onun bibisinin əri idi.

Seyyid Əli Hüseyni Xameneinin uşaqlıq dövrü son dərəcə yoxsul və çətinlikdə keçmişdi. O, özü bu barədə deyirdi: "Uşaqlıq çağlarım müharibə dövrünə düşdüyünə görə çox çətinliklə keçmişdi. Məşhədin müharibə zonasından uzaqda olmasına və bu şəhərdə bolluq, ucuzluq olmasına baxmayaraq, bizim ailəmizin güzəranı o qədər də yaxşı deyildi. Buğda çörəyini çox nadir hallarda yeyərdik. Yadımdadır, bəzən şama bir şey tapılmadıqda anam nənəmin mənə və ya bacı -qardaşlarıma verdiyi çox az pulla bir az kişmiş və ya süd alırdı ki, biz çörəklə yeyək.

Geyiminməyə bir şey olmadığından anam atamın köhnə paltarlarını kəsib-doğrayaraq bizə gülməli çıxan paltarlar tikərdi. Bu paltarlara nə qəba, nə də ləbbadə demək olardı; Dizlərimizə qədər gəlib çatan və üstündə neçə yerdən yamağı olan uzun bir şey. Elə ataməz da paltarlarını tez-tez təzələməzdi. Məsələn bir ləbbadəsi vardı ki 40 ilə yaxın onu geyinmişdi."

O, 4-5 yaşındaykən böyük qardaşı seyid Məhəmməd ilə Quran öyrənmək üçün məktəbə gedir. Bir müddət sonra hər ikisini ibtidai islam mədrəəsinə göndərirlər. Bu mədrəsədə məktəbin adi dərslərindən əlavə Quran qiraəti və digər dini dərslər keçrilirdi. Xamenei bu məktəbin 6-cı sinifini bitirdikdən sonra atasından gizli olaraq oranın təsdiqini alır və qalan 6 illik təhsili gecə məktəbinə kedərək 2 ilə bitirir və attestat alır. 

Ayətullah Xamenei orta məktəbdə oxuduğu vaxtlardan "Camiul-muqəddəmat" kitabını, sərf və nəhv (ərəb dilinin qramatikası) elmini öyrənməyə başlayıb. Sonralar hövzəyə qəbul olub, atasından və başqa din ustadlarından ərəb dilini öyrənir.

O, elmiyyə hövzəsinə daxil olmağının və ruhaniyyət yolunu seçməyinin əsas hədəfini belə açıqlayır: "Bu nurani yolu seçməyimin səbəbi atamın ruhani olması idi. Anam da məni buna təşviq etmiş və həvəsləndirmişdir."

Seyyid Əli Xamenei ərəb dilini atasının nəzarəti altında "Süleyman xan" və "Nəvvab" mədrəsələrinin müəllimləri yanında "Camiul-muqəddəmat", "Siyuti", "Muğni" və s. kitablardan öyrənib. "Kitabu məalim"i də həmin vaxtlarda oxuyub. Sonra "Şərayiul-İslam" və "Şərhe Lumə"ni atasının yanında, bu kitabların bir hissəsini mərhum Ağa Mirzə Mudərris Yəzdinin yanında, "Rəsail" və "Məkasib"i mərhum Hacı Şeyx Haşim Qəzvinidən, fiqh və üsul dərslərinin qalan bəhslərini atasından öyrənib.

Beləliklə, Ayətullah Xamenei ruhani təhsilinin ilk mərhələlərini təəcüb edəcək qədər çox qısa bir vaxtda – beş il yarım müddətində başa vurub. Bu mərhələdə oğlunun irəliləyişində və uğurunda atası Seyid Cavadın böyük rolu olub. Ayətullah Xamenei məntiq və fəlsəfə elmlərini "Mənzumeye Səbzevari"dən əvvəlcə mərhum Ayətullah Mirzə Cavad Tehraninin yanında, sonralar isə mərhum Şeyx Rza İsadan öyrənib.

Ayətullah Xamenei 18 yaşlarında Məşhəddə olarkən yüksək dərəcəli fiqh və üsul elmlərinə daha dərindən yiyələnmək üçün mərhum Ayətullahül-üzma Milaninin yanında dərsə başlayıb. 

O, 1336-cı ildə müqəddəs məzarları ziyarət etmək məqsədilə Nəcəf şəhərinə yollanıb.

Nəcəf hövzəsində olarkən müctəhidlərin dərslərində, o cümlədən mərhum Seyid Möhsün Həkim, Seyid Mahmud Şahrudi, Mirzə Baqir Zəncani, Seyid Yəhya Yəzdi, Mirzə Həsən Bocnurdi kimi alimlərin dərslərində iştirak edib və oranın təhsil sistemini çox bəyənib. Amma atasının razılığı olmadığından, Nəcəf elmiyyə hövzəsində təhsilini davam etdirməyib və bir müddətdən sonra Məşhədə qayıdıb.

Ayətullah Xamenei 1337-1343-cü illərdə Qum elmiyyə hövzəsində fiqh, üsul və fəlsəfə elmlərinə ən yüksək səviyyədə yiyələnib, mərhum Ayətullahül-üzma Bürucerdi, İmam Xomeyni, Şeyx Mürtəza Hairi Yəzdi və Əllamə Təbatəbai kimi böyük ustadlardan bəhrələnib.

1343-cü ildə isə atası keçirdiyi göz xəstəliyindən görmə qabiliyyətini itirir. Bu səbəbdən Ayətullah Xamenei təhsilini yarıda qoyub, Məşhədə dönür: "Məşhədə qayıtdım, Allah-Taala uğurumu daha da artırdı. Çünki Məşhədə qayıtmaqla boynumda olan vəzifəni yerinə yetirmiş oldum. Mənim fikrimcə, həyatda qazandığım hər bir uğur ata-anama etdiyim xidmətin bəhrəsidir."

Bəzi ustadlar və tanışlar onun hövzəni yarıda qoyub tərk etməsinə təəssüf edirdilər. Çünki qalsa idi, gələcək üçün daha çox şey əldə edəcəyini güman edirdilər. Amma onun nə qədər düzgün yol seçdiyini zaman göstərdi. Belə ki, Allah-Taala ona ətrafdakıların güman etdiyindən daha uğurlu həyat nəsib etdi. Allah rizası və ata-anasına xidmət üçün təhsilini yarıda qoyub, Qumdan Məşhədə gələn 25 yaşlı bu istedadlı gənc oğlanın 25 il sonra müsəlmanların rəhbərlik məqamına çatacağına kim inanardı?

O, Məşhəddə olduğu zaman dərs oxumaqdan əl çəkmir, tətildə, səfərdə, mübarizə, ya zindanda olmadığı bütün vaxtlarda 1347-ci ilədək rəsmi şəkildə fiqh və üsul dərslərini Ayətullah Milani kimi böyük ustadlardan öyrənirdi. Təhsil almaqla yanaşı, 1343-cü ildən fiqh, üsul və digər İslam elmlərini cavan tələbələrə tədris edir və həmçinin, xəstə atasına da yetişirdi.

Ayətullah Xamenei Ayətullah əl üzma Şəhrudi və Ayətullah əl üzma Burucərdidən içtihad təsdiqnaməsi alıb.

Seyyid Əli Xamenei Məşhəd şəhərinə qayıtdığı ilk günlərdən ali səviyyədə fiqh və üsul dərsləri (Rəsail, Məkasib və Kifayə) verməyə başladı və ümumi camaat üçün də təfsir dərsləri təşkil etdi. Dini elm tələbələri üçün 1968-ci ildən verdiyi təfsir dərsləri 1977-ci ildə İranşəhrə sürgün olunana qədər davam etdi. 

1989-cu ildə Ayətullah Xamenei xarici-fiqh dərsləri deməyə başladı. İndiyə qədər cihad, qisas, məkasibi-muhərrəmə bablarını tədris etdi.

Ayətullah Xamenei özünün dediyi kimi İmam Xomeyninin siyasətçi və inqilabçı şagirdlərindən idi. Siyasət və mübarizlik ruhunu ilk dəfə Şəhid Seyid Müctəba Nəvvab Səfəvidən alıb. 1331-ci ildə Nəvvab Səfəvi bir qrup İslam fədakarları ilə Məşhəd şəhərinə gəlib, "Süleyman xan" mədrəsəsində "İslam dirçəlişi və dini dövlət", "Şah və ingilislərin İran millətinə etdiyi fırıldaqlar" mövzularında etdiyi həyəcandolu məruzələri ilə onun kimi gənclərə mübarizlik hisslərini aşılamışdı.

O zamanlar Ayətullah Xamenei "Süleyman xan" mədrəsəsinin cavan tələbələrindən idi. O, Şəhid Nəvvabı belə xatırlayır: "Həmin vaxtlar İslami inqilab fikrini bizdə Nəvvab yaratmışdır və heç şübhə yoxdur ki, ilk inqilab alovunu da bizim qəlbimizdə elə mərhum Nəvvab yandırdı."

Ayətullah Xamenei 1341-ci ildə Qum şəhərində məskunlaşdı. Bu dövrlərdə İmam Xomeyni Muhəmməd Rza Şah Pəhləvinin qeyri-islami və amerikapərəst siyasətinə qarşı etiraza başladı.

Ayətullah Xamenei 16 il İmam Xomeyni ilə çiyin-çiyinə mübarizə meydanlarında iştirak edir, işgəncə, sürgün və zindanda olduğu vaxtlarda da mübarizədən yorulmur, bu yolda başına gələcək heç bir təhlükədən qorxmurdu.

İlk dəfə o, 1383-cü ilin məhərrəm ayında İmam Xomeyninin müraciətini, xüsusilə məhərrəm ayındakı təbliğat proqramını, şahın Amerika siyasətini, İranın acınacaqlı vəziyyətini ifşa etmək yollarını Ayətullah Milani və digər Xorasan alimlərinə çatdırmaq üçün ezam olundu. Bu müraciəti çatdırdıqdan sonra Bircənd şəhərinə yollandı və orada İmamın göstərişinə əsasən Amerika və şah rejimini ifşa etməklə məşğul oldu. Bu səbəbdən məhərrəm ayının 9-u (12 xordad, 1342-ci il) tutularaq bir gecəlik həbsxanada saxlanıldı. Lakin səhəri gün minbərə çıxmamaq və nəzarət altında qalmaq şərtiylə azadlığa buraxıldı. Qanlı 15 xordad hadisəsindən sonra yenidən həbs edilərək, Bircənddən Məşhəd şəhərinə gətirildi və 10 gün müddətində ən ağır şəraitdə işgəncə və əziyyətlərlə məruz qalaraq həbsxanada saxlanıldı.

İkinci həbs
1383-cü ilin ramazan ayında Ayətullah Xamenei bir neçə dostu ilə birlikdə nəzərdə tutduqları proqrama əsasən Kerman şəhərinə yola düşdülər. 2-3 gün Kermanda qalıb minbərdə məruzələr etdilər, şəhərin alim və tələbələri ilə görüşdükdən sonra Zahidan şəhərinə yollandılar. Onların, xüsusilə 6 bəhmən – şahın saxta referendum və seçki ildönümü günü – ərəfəsində etdikləri çıxışlar camaat tərəfindən rəğbətlə qarşılandı. Ramazan ayının 15-də İmam Həsənin (ə) mövlud günü Pəhləvi rejiminin şeytani siyasətinin ifşası və inqilab həyəcanı ən yüksək zirvəsinə çatdı. Onları gecəyarı həbs edərək, təyyarə ilə Tehrana gətirdilər. Rəhbər iki aya yaxın "Qızılqala" həbsxanasında birnəfərlik kamerada saxlanılaraq, ağlasığmaz işgəncələrə məruz qaldı.

Üçüncü və dördüncü həbs

Tehran və Məşhəddə Ayətullah Xameneinin keçdiyi təfsir, hədis və digər İslami dərslər cavan nəsil tərəfindən böyük həvəslə qarşılanırdı. Bu fəaliyyətlər SAVAK-ın (ölkənin təhlükəsizlik komitəsi) narahatlığına səbəb olduğundan onu daim təqib edirdilər. 1345-ci ildə Tehranda bir il müddətində məxfi yaşamasına baxmayaraq 1346-cı ildə tutularaq yenidən həbs olunur. Azadlığa buraxıldıqdan sonra fəaliyyətini davam etdirib yığıncaqlar təşkil edirdi. 1349-cu ildə isə növbəti dəfə Pəhləvi SAVAK-ı tərəfindən həbs olunur.

Beşinci həbs
Ayətullah Xamenei özünün beşinci dəfə həbs olunması haqqında belə yazır: "48-ci ildə İranda silahlı hərəkatın başlanacağı hiss olunurdu. Bu cərəyanların mənimlə əlaqədar olduğunu düşünüb mənə qarşı daha sərt mövqedə dayandılar. 50-ci ildə beşinci dəfə həbs olundum. SAVAK-ın zindandakı kobud davranışları açıq-aydın bunu göstərirdi ki, dövlət silahlı mübarizənin İslam təfəkkürünə bağlanmasından qorxur. Mənim Tehran və Məşhəddəki təbliğ və fikirlərimin bu cərəyanlardan uzaq olduğuna heç cür inanmırdılar.

Azadlığa buraxıldıqdan sonra elmi fəaliyyətim genişlənir, təfsir və məxfi keçdiyim ideoloji dərslər daha da artırdı."

Altıncı həbs
1350-1553-cü illərdə Ayətullah Xameneinin təfsir və ideologiya sahəsində keçdiyi dərslər Məşhədin üç məscidində: "Kəramət", "İmam Həsən", "Mirzə Cəfər" məscidlərində təşkil olunurdu. Minlərlə insan, xüsusilə açıqfikirli gənclər və tələbələr İslami elmə yiyələnmək üçün bu məscidlərə axışırdılar. Onların Nəhcül-bəlağə dərsləri "Nəhcül-bəlağədən seçmələr" başlığı altında çap olunmuş broşüralardan keçilirdi.

Cavan və inqilab ruhlu bu tələbələr sonradan İranın müxtəlif şəhərlərinə gedib həqiqəti camaata çatdırır, onların zehinlərində İslam inqilabı fikirlərini oyadırdılar. Bu cür fəaliyyət nəticəsində 1353-cü ilin dey ayında SAVAK Ayətullah Xameneinin Məşhəddəki evinə hücum edərək, onun bir sıra əlyazma və qeydlərini ələ keçirib, özünü isə həbs etdi. Bu həbs altıncı və ən ağır həbs idi. Ayətullah Xamenei 1354-cü ilin payızına qədər polis idarəsində, özü də birnəfərlik kamerada ən ağır şəraitdə saxlanıldı. O, bu müddət ərzində dözdüyü çətinlikləri belə izah edir: "Yalnız o əziyyəti görənlər mənim nələr çəkdiyimi dərk edə bilərlər."

Ayətullah Xamenei azadlığa buraxıldıqdan sonra Məşhəd şəhərinə qayıdaraq yenidən həmin şövq və həvəslə əvvəlki fəaliyyətini davam etdirir, lakin ona sinif təşkil edib dərs deməyə imkan vermirdilər.

Sürgündə
1356-cı ildə Ayətullah Xamenei cinayətkar Pəhləvi rejimi tərəfindən üç il müddətinə İranşəhrə sürgün edilir. 1357-ci ilin ortalarında o, İran millətinin mübarizəsi nəticəsində sürgündən azad edilərək müqəddəs Məşhəd şəhərinə qayıdır və yenidən qaniçən Pəhləvi rejiminə qarşı mübarizələrin ön sıralarında yer alır.

On beşillik gərgin mübarizə və mücadilədən sonra nəhayət, bir gün bütün bu əziyyətlər sona çatır və zülmkar Pəhləvi dövləti devrilərək İranda böyük İslam inqilabı qələbə çalır.

Qələbə ərəfəsində
İslam inqilabı ərəfəsində İmam Xomeyninin Parisdən Tehrana gəlişindən bir qədər əvvəl Şəhid Mütəhhəri, Şəhid Behişti, Haşimi Rəfsəncani və b. böyük şəxsiyyətlərin iştirakı ilə "İslam İnqilabı Şurası" təşkil olunur. Ayətullah Xamenei də İmamın göstərişi ilə bu şuraya üzv seçilir. İmamın müraciəti Şəhid Mütəhhəri vasitəsilə Ayətullah Xameneiyə çatdırıldıqdan sonra o, Məşhəddən Tehrana yola düşür.

Siyasi fəaliyyəti
1.İnqilab şurasının üzvü
2.Sistan və Bluçestan məmurluğu
3.İslam İnqilab ordusunun rəhbəri
4.Tehranın İmam Cüməsi (Ayətullahul-Üzma Taliqani (r.ə) vəfat etdikdən sonra İmam Xomeyni (r.ə) tərəfindən Tehranın İmam Cüməsi təyin olundu)
5.İmam Xomeyni (r.ə)-in ali müdafiə şurasındakı müşaviri
6.Ölkə Prezidentliyi.
Seyyid Əli Hüseyni Xamenei 1981-ci ildə Əbuzər adına məsciddə çıxış edən zaman münafiqlər və düşmənlər tərəfindən ağır yaralandı. Bu hadisədən sonra İmam Xomeyni (r.ə) onun barəsində belə buyurdu: "...Mən əziz Xameneiyə təbrik deyirəm ki, müharibə meydanında hərbi geyimdə, arxa cəbhədə isə ruhani geyimdə bu məzlum millətə xidmətə edir. Allahdan sizin üçün sağlamlıq istəyirəm ki, islam və müsəlmanlarına xidmətinizi davam etdirəsiniz."

İslam inqilabının banisi İmam Xomeyninin 1989-cu ildə vəfatından sonra "Xübrəqan" məclisi (Xübrəqan-müctəhidlərdən ibarət alimlər məclisidir) tərəfindən Əli Xamenei islam inqilabının rəhbəri seçildi.

Əsərləri
1. İmam Həsən Müctəbanın (ə) Sülhü
2. İmam Səccadın (ə) həyatı barədə təhqiqat
3. İmam Rza (ə)
4. İmam Rzanın (ə) siyasi şəxsiyyəti
5. İslamda hökumət
6. Nəhcül-Bəlağədən dərslər
7. Vilayət Nurları
8. Əxlaq dərsi
9. İslamı düzgün anlamaq
10. Şəhadət ətri
11. Məzlumiyyət fəryadı
12. Əcvibətul İstiftaat 

Top
JoomlaLock.com All4Share.net