Barselonada toqquşmalar: 30-dan çox polis əməkdaşı yaralanıb
Featured

02 Oktyabr 2018

Barselonada baş verən toqquşmalar nəticəsində Kataloniyanın "Mossos D`Esquadra" hüquq-mühafizə orqanlarının 30-dan çox əməkdaşı xəsarət alıb, bir neçə nümayişçi həbs olunub.

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. Xəsarətlərin xarakteri və saxlanılan şəxslərin sayı açıqlanmayıb. Bildirilib ki, bu məlumatlar mətbuat konfransında elan olunacaq.

Xatırladaq ki, ötən gün Kataloniyanın İspaniyadan ayrılmasının tərəfdarları müstəqillik referendumunun ilk ildönümü münasibətilə səhər saatlarından etibarən etiraz aksiyası keçiriblər. Aksiya zamanı katalon separatçılarının "Respublikanı müdafiə komitələri" radikal təşkilatı Barselonadakı Jirona vağzalında dəmir yollarını bloklayaraq Fransaya gedən sürət qatarlarının işini dayandırıblar.

Etirazçılar həmçinin, Barselona və digər şəhərlərin mərkəzi küçələrini də bağlayaraq, nəqliyyatın hərəkətinə mane olublar.

Qeyd edək ki, 2017-ci ilin 1 oktyabrında Kataloniyada müstəqillik haqqında qanunsuz referendum keçirilib. 3 milyon katalonun iştirak etdiyi referendumda seçicilərin 90 faizi müstəqilliyin lehinə səs verib. 27 oktyabrda Kataloniya parlamenti müstəqillik haqqında qanun layihəsini rəsmən təsdiqləyib.

Nəticədə İspaniya mərkəzi hökuməti ölkə konstitusiyasının 155-ci maddəsini əsas tutaraq, Kataloniyanın idarəsini birbaşa Madridin nəzarətinə keçirib. Muxtar vilayətin o zamankı rəhbəri karlos Puçdemon isə İspaniyadan qaçaraq əvvəlcə Belçikada, daha sonra isə Almaniyada gizlənib. Hazırda onun ekstradisiyası ilə bağlı Madridlə Berlin arasında danışıqlar gedir.(virtualaz.org)

Top
JoomlaLock.com All4Share.net