Azərbaycanlı Atlantik okeanında 4 ton narkotiklə tutuldu
Featured

09 Oktyabr 2017

Atlantik okeanında keçirilmiş əməliyyat nəticəsində yedək gəmisində 4 tona yaxın kokain aşkarlanıb. 

BBC-nin məlumatına görə, Britaniyanın Cinayətkarlıq əleyhinə Dövlət Agentliyi (NCA) tərəfindən ötürülən məlumat əsasında keçirilmiş əməliyyat zamanı İspaniya rəsmiləri Madeyra ilə Azor adaları arasında İspaniya sahil xəttindən təxminən 643 km məsafədə olan Thoran adlı okean gəmisini saxlayıb. 

Gəminin heyəti altı Türkiyə vətəndaşı və bir Azərbaycan vətəndaşından ibarət olub.

Onlar İspaniya polis əməkdaşları tərəfindən həbs edilib.

Axtarış nəticəsində gəmidə 165 kokain paketi aşkar olunub.

Hər paketdə 23 kiloqram kokain tozu olduğu və aşkar olunmuş kokainin ümumi çəkisinin isə təxminən 3.700 kiloqram təşkil etdiyi bildirilir.

Narkotikin hara aparıldığı məlum deyil. Qeyd olunur ki, aşkar olunmuş kokain Avropada satılsa idi, bundan əldə ediləcək gəlir 200 milyon funt sterlinq və ya 261 milyon dollardan çox ola bilərdi.

Komor adaları bayrağı altında hərəkət edən gəmi oktyabrın 7-də İspaniyanın Cadiz limanına gətirilib.

Məlumata əsasən, əməliyyat NCA, İspaniya Gömrüyü, İspaniya Dövlət Polisi və İspaniya Mülki Qvardiyası tərəfindən birgə həyata keçirilib, və Lissabonda yerləşən beynəlxalq Narkotik əleyhinə Dəniz Əməliyyatları və Təhlili Mərkəzindən koordinasiya olunub.

Top
JoomlaLock.com All4Share.net