Yeddi Ulu Ozandan biri-Pir Sultan Abdal -VİDEO
Featured

11 Noyabr 2016

“Hüma quşu yerə düşdü ölmədi,
Dünya Sultan Süleymana qalmadı,
Dedim yara gedim, nəsib olmadı
Ağlama gözlərim, Mövlam Kərimdir!”

Bu, Pir Sultan Abdaldır! Daha doğrusu, Pir Sultan Abdalın naləsi, üsyanıdır. O, xalq arasında “Yeddi Ozan” kimi tanınan Yeddi Ulu Ozandan biri idi. Yeddi Ozan, Yeddi Müqəddəs Bulaq idi sanki. Bulaqlar qurumur, suyu çəkilsə də. Deyirlər, suyu çəkilən bulağın alt qatı daim yer axtarır, çeşməsini yanan ürəklərə çiləməyə... Ozanlar da belədir. Onlar özləri getsə də alt qatda olan kök daim, rişəsini vurmağa sevgi dolu məkan axtarır. Axtarır, axtarır və tapır. Yeddi Ozan, Yeddi Ulu Ozan kimi.

Üsyankar, üsyankar Ozan...

Onlarda birini-Pir Sultan Abdalı sizlərə təqdim edəcəyik bu gün.
Pir Sultan Abdal XVI yüzildə yaşamış Ozandır. Əsl adı Heydər olan Ozanın ömrünün çox hissəsi Sivasın Banaz kəndində keçib.
Yaşamı haqqında müxtəlif rəvayətlər dolaşır. Deyilənlərə görə, o, 1547-1551, ya da 1587-1590 tarixində dünyadan köçüb. 
O, XVI yüzildə Osmanlıda baş verən xalq üsyanlarında hər zaman öncüllərdən olub və xalqı bütün varlığı ilə müdafiə edib. Xalq üsyanları, xalqın sosial rifahı onun şeirlərinə də hopmuşdu. 
Bəzi tarixçilər onun əsərlərində adı keçən “Şah” kəlməsinin İran şahına deyil, Anadolu rəhbərliyinə müraciət olduğunu iddia edirlər. 

İmam Hüseyn aşiqi:"Yetiş imdada İmam Hüseyn!"

Aşıkın başına gelmez hal olmaz
Ulaş yetiş pirim İmam Hüseyin
Sende bende deyü sual olunmaz
Ulaş yetiş pirim İmam Hüseyin

Erenler basmamış yerlere yüzü
İletüp çamura çiğnetme bizi
Yarın yok deminde isteriz sizi
Ulaş yetiş pirim İmam Hüseyin

Aşık olan aşık dardan ayrılmaz
Taki Naki seven aşık yorulmaz
Talip bunalmazsa piri çağırmaz
Ulaş yetiş pirim İmam Hüseyin

Bu hal ile biz onlara katıldık
Kemlik ettik dışarıya atıldık
Bir münkirin tuzağına tutulduk
Ulaş yetiş pirim İmam Hüseyin

Pir Sultan'ın daim düşmektir işi
Yol yol oldu akan çeşmimin yaşı
On iki İmam'ın serçeşme başı
Ulaş yetiş pirim İmam Hüseyin


Haqq aşiqi, xalq ziyası

Pir Sultan Abdal əsl xalq ziyalısı, xalqın arasından parlayan nur olub. O, türk toplumunu yeni bir səmtə çəkməyə, daha çox elmə, biliyə həvəs göstərməyə çalışan ustad idi. Bu istəklərini o, şeirlərində dilə gətirib. 
Şeirlərində şahı deyil, xalqı müdafiə etdiyinə görə, saray tərəfindən hər zaman nifrətlə yad edilib. 
Yaşadığı Sivas şəhərinin valisi Hızır Paşa, Pir Sultan Abdalı heç vaxt sevməmiş və ona dikbaş, özündən razı bir şair kimi baxmışdır: 

“Mən dərvişəm deyib, dava edərsən.
Haqqı zikr etməyə dilin varmıdır?
Özünü gör, eldə sən nə ararsan?
Hələ hal etməyə halın varmıdır?

Dərdli olmayanlar dərdə yanarmı?
Sadiq dərviş iqrarından dönərmi?
Dərdsiz bülbül gül budağına qonarmı?
Mən bülbüləm dersən, gülün hardadır?

Pir Sultanım, sənin dərdin deşilməz, 
Dərdi olmayanlar deərdə düş olmaz. 
Mürşitsiz rəhbərsiz yollar açılmaz, 
Mürşid ətəyində əlin varmıdır?”

Tarixçilərin dediyinə görə, Pir Sultan Abdalla Hızır Paşa gənclik illərində dost olsalar da Ozanın xalqın tərəfində dayanmasını Hızır Paşa qəbul edə bilməmiş və gənclik dostundan üz çevirmişdir. 
Hızır Paşanın Pir Sultan Abdala olan nifrəti o qədər artmışdır ki, sonda onu edam etdirmişdir.

Klassik Anadolu Ələviliyinin ideyasını əsərlərində daim canlandıran Pir Sultan Abdal XVI yüzilin türk ədəbiyyatının ən önəmli şairlərindəndir.
Bu gün də onun yazdığı şeirləri bir çox sənətçilərin dilindən düşmür. Bu gün də türk sənətçiləri Pir Sultan Abdalı sevə-sevə oxuyur. Pir Sultan Abdal həm şəxsiyyəti, həm yaradıcılığı ilə böyük bir məktəb yaratmış və bu Ozan, Xalq Ozanı missiyasını şərəflə yaşamışdır. 

Pir Sultan Abdal o qədər böyük insan, Ozan olub ki, hətta onun edamı, ölümü də xalq arasında böyük etiraz hərakatına səbəb olub.
Ozanın edamından sonra xalq haqsızlığa, Hızır Paşanın ədalətsiz idarəçiliyinə qarşı böyük etiraz hərakatı yaradıb. 
Bayaq qeyd etdiyim kimi, Pir Sultan Abdal imam Əlini çox sevən bir Ozan olub: 

“Ali Ali der de dönersin dolap,
Ne inlersin dolap, derdin nerende?
Yardanmı ayrıldın, yoksa ilinden?
Ne inlersin dolap, derdin nerende?

Dolap Hak dedi de indi irmağa,
İmamlara cehd etti su vermeğe.
Muhammedin hub cemalin görmeğe,
Ne inlersin dolap, derdin nerende?

Sana bir ustanın eli mi değdi?
Yoksa bir hoyratın dili mi değdi?
Yaz bahar ayının seli mi değdi?
Ne inlersin dolap, derdin nerende?”

Onun Haqq Sevgisi isə heç bir dinə və məzhəbə deyil, yalnız Ulu Tanrıya yönəlirdi. Dolayısı ilə bir dərviş olan Pir Sultan Abdal xalqı öz dərin ağlı və məntiqi ilə daim ardınca çəkməyi və özünü sevdirməyi bacarmışdı. O, təkkə və tasavuf qəlblərini aşıb geniş xalq kəsiminə səslənə bildi. 
İlk mədrəsə təhsilini Ərdəbil şəhərində alan şair bəzi xalq şairlərinin əksinə olaraq, heç vaxt Divan ədəbiyyatından təsirlənmədi.
İllər sonra və bu günə qədər haqqında onlarla araşdırmalar, kitablar, səhnələr yaradıldı. Xalqın sevimlisi olan Ozana bu sevgi tükənmədi, əsrlər də bu sevgini azalda bilmədi.

Daşı da, söyüdü də müqəddəsləşdirən şair...

Əslində Pir Sultan Abdal haqqında heç bir dəqiq məlumat yoxdur. Onun doğum, ölüm illərini, yaşamını, yaradıcılığını xalq yaddaşında qalanlar əsasında yazırlar bu gün. Eyni zamanda onun kimliyini daha çox yazdığı şeirləri tanıtdırır. 
Sivasın Yıldız dağının ətəyində dənizdən min metr yüksəkdə tək qatlı kərpic evlərdən ibarət Banaz kəndi dünyada bəlkə də tayı-bərabəri olmayan bir məkan idi. Çünki kənd evlərini soyuqdan qorunmaq üçün yarısını yerin altında tikirdilər. Bu gün də xalq arasında Pir Sultan söyüdü kimi tanınan böyük bir söyüd ağacı var Banaz kəndində. Hətta ağacın altında Pir Sultanın əsasının, çomağının başına taxıb Xorasandan gətirdiyi iddia edilən kiçik bir dəyirman daşı da bu gün xalq arasında əzizlənir, qorunur. 
Deyirlər ki, Pir Sultan yaz aylarında bu daşın üstündə oturub xanımı ilə söhbət edərmiş. Banaz kəndində bu gün də bu ağacı, bu evi və bu daşı müqəddəs sayırlar. 

“Ucaboylu, Haqq sevən aşığım”

Qızının dilindən çıxan ağılarda Pir Sultan Abdalın ucaboylu və biçimli bir kişi olduğu deyilir. 
Onu çox sevən xalqı isə aşığın əslən yəmənli olduğunu, hətta Məhəmməd peyğəmbərin nəvəsi olduğunu iddia edir. Pir Sultan şeirlərindən birində İmam Zeynəl –Abdindən danışarkən “Zeynəl dədəm” deyə ona müraciət edir. Bəzən alimlər Pir Sultan Abdalın bu müraciətinə siyasi don geyindirməyə çalışırlar. Guya şair bu ifadəni işlətməklə xalqın ona olan sevgisini daha da artırmaq və özünü imam nəslinin üzvü kimi qələmə vermək istəmişdir. Əslində təriqət uluları “seyyid”liklərini irəli sürməkdə həmişə maraqlı olublar, amma Pir Sultan Abdalın yalançı sevgiyə heç ehtiyacı yox idi. 
Aaraşdırmaçılar Pir Sultan Abdalın türk yurdu Xorasanın Hoy qəsəbəsindən olduğunu, ulu nəslinin Azərbaycandan Hoya, oradan isə Anadoluya köçüb, Sivasa yerləşdiyini deyir. Bəzi araşdırmaçılar Pir Sultanın türkmən olduğunu söyləyir.
Uşaqlıq illərində çobançılıq edən Ozan, oxumağı və yazmağı əla bacarırmış. 
Onun haqqında bu gün də yazırlar. 1929-cu ildə Sadəddin Nüzhet Ergün “Pir Sultan Abdal” adlı kitab yazdı. 1943-cü ildə Abdülbaki Gölpınarlı və Pərtəv Naili Boratav birlikdə eyniadlı kitab yazdılar. 
1969-cu ildə isə “Pir Sultan Abdal” adlı tamaşa sərgiləndi. 
1971-ci ildə Cahit Öztelli “Pir Sultan Abdal-Bütün şiirleri” adlı kitab çap etdirdi. Zəki Büyüktanır isə “Pir Sultan Abdal destanı”nı kitab halına saldı.
2006-cı ildə isə Ali Haydar Avçı “Osmanlı gizli tarihinde Pir Sultan Abdal ve bütün dervişler” adlı kitabını oxuculara təhvil verdilər.
Ayrıca, opera sənətçisi və xalq musiqisinin araşdırmaçısı olan Ruhi Su, Pir Sultanın şeirlərinə qoşulan mahnıları və Ozanın öz bəstələrini bir albom halına saldı.
Bu kimi kitablar və araşdırmalar bu gün də tez-tez yaranır. Bu isə, bayaq dediyim kimi tükənməyən xalq segvisinin əlamətidir. Elə şairlər, yazarlar var ki, onlar öləndən sonra geridə heç nə qalmır. Amma Pir Sultan Abdal kimilərin həyatını, yaradıcılığını araşdıranlar bu gün də, sabah da nəsə tapırlar və tapacaqlar: 

“Alçaqda, yüksəkdə yatan ərənlər,
Yetişin imdada, aldı dərd məni.
Başımı alıb hansı yana gedəyim,
Getdiyim yerlərdə tapdı dərd məni.

Abdal Pir Sultanam, könlüm xəstədir,
Kimsəyə diyəməm könlüm yastadır.
Bilməm dəli oldu, bilməm ustadır
Belə bir sevdaya saldı eşq məni”.

1973-cü ilin 1 noyabrında Türkiyədə “Pir Sultan Abdal” filminin nümayişi başlayır. Məşhur rejissor Remzi Yöntürkün çəkdiyi filmdə baş rolu, məşhur aktyor ikret Hakan canlandırdı. Mehmet Aydının ssenarisi əsasında çəkilən film az zamanda böyük tamaşaçı sevgisi qazandı. 


Arzu Abdulla

Top
JoomlaLock.com All4Share.net