İranda terrorçu qrup zərərsizləşdirildi
Featured

11 Yanvar 2018

Qanunsuz yollarla İrana daxil olan terrorçu dəstə zərərsizləşdirilib.

Bu barədə İranın Təhlükəsizlik Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir ki, İranın qərbində yerləşən Sərdəşt şəhərində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 3 nəfər saxlanılıb. Onların üzərinə baxış keçirilib və qanunsuz olaraq gəzdirdikləri "Kalaşnikov" avtomatı aşkar edilib. Həbs olunanların yaşadıqları mənzillərə baxış zamanı isə "Molotov kokteyli" hazırlamaq üçün maddə aşkar edilərək müsadirə olunub.

Bəyanatda bildirilib ki, bu adamlar Avropada təlim keçərək İrana göndərilib və burada sabitliyi pozmaq tapşırığı alıblar.

Hələlik istintaq davam edir. Həbs olunanların İrandakı əlaqələri və sabitliyi pozmaq planları araşdırılır.

Agentliyin mənbəyi onu da bildirib ki, kəşfiyyat xidmətləri həmçinin İranın şimal-qərbindəki Piranşəhr şəhərində əksinqilabçılar qrupunu zərərsizləşdirib. Qrup, mənbənin məlumatına görə, İrana partlayışlar və insanların qətlinin təşkil edilməsi və bununla hakimiyyətə qarşı narazılığı qızışdırmaq üçün gəlibmiş…(virtualaz.org)

Top
JoomlaLock.com All4Share.net