"İki universitet bitirmişəm, amma həbsxanalar mənim üçün akademiyadır"
Featured

06 Fevral 2018

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının lideri Tale Bağırzadəyə açılmış yeni cinayət işi üzrə növbəti məhkəmə prosesi Qaradağ Rayon Məhkəməsində keçirilib.

Məhkəmə iclasını açıq elan edən hakim Rufan Mürsəlov Tale Bağırzadənin üzərindən yeddi ədəd "MicroSD" tipli yaddaş kartının aşkar edildiyini, iş üzrə altı şahidin olduğunu bildirib. O, Tale Bağırzadədən ittihama münasibətini soruşub. İlahiyyatçı bu tipli yaddaş kartlarından həbsxanada hər kəsin itifadə etdiyini bildirib. Lakin buna görə məhz ona cinayət işinin açılmasını isə siyasi sifariş adlandırıb:

"İstəyirəm niyə bu yaddaş kartlarından istifadə etdiyimdən danışım. Mən həmişə ictimai-siyasi proseslərlə maraqlanmışam. Bu yaddaş kartlarında da, ictima-siyasi proseslərlə, o cümlədən Gözəl Bayramlının, Əfqan Muxtarlının həbsi barədə məlumatlar, eləcə də mənim ərəb-fars dillərində dərsliklərim vardı.

Mən iki universitet bitirmişəm, amma həbsxanalar mənim üçün akademiyadır. Çalışıram burada zamanımı səmərəli keçirim. İlham Əliyev bu ili "Cümhuriyyət ili" elan edib.

Bizim babalarımız 100 il bundan qabaq Şərqdə ilk demokratik cümhuriyyəti qurdular, qadına səsvermə hüququ verdilər, bu gün onun varisi olduğunu iddia edən hakimiyyət isə siyasi fikirlərinə görə bir qadını - Gözəl Bayramlını həbs edir"

Hakim T.Bağırzadəyə iradını bildirib: "Mahiyyəti üzrə danış"

Tale Bağırzadə: "Cənab hakim, işin mahiyyəti budur. Mən bu yaddaş kartlarının mənə aid olmasını inkar etmirəm. Bu yaddaş kartlarından həbsxanada hər kəs istifadə edir, lakin məhz mənə buna görə cinayət işi açılması sübut edir ki, burada siyasi sifariş var. Mən Kürdəxanı Təcridxanasından bunlardan istifadə edirdim, Qobustana gələndə uddum. Əgər mənim yaddaş kartını udmağım qanunsuzdursa, onda xalqın malını öz halalca malı imiş kimi yeyib udan İlham Əliyev və ətrafı məndən qabaq burada olmalı idi və olacaqlar da. Geci-tezi var. Hamısının yeri həbsxanadır"

Daha sonra hakim şahidləri məhkəmə zalına dəvət edib. O, hal şahidi kimi ifadə verəcək iki nəfərin - Qobustan həbsxanasında cəza çəkən Elman Kaxayev və Elşad Qurbanovun məktub yazaraq yazılı ifadələrini təsdiqlədiklərini, məhkəmədə iştirak etmək istəmədiklərini bildirib. Tərəflər bununla razılaşıb.

Digər şahidlər - həbsxananın əməkdaşları Rauf Nəbiyev, Tural Babayev, Aqil Əliyev, Mirxalid Abdullayev ifadə veriblər. Onlar tibbi ekspertiza zamanı Tale Bağırzadənin qarın boşluğunda "MicroSD"lərin tapıldığını bildiriblər. Tərəflərin şahidlərə suallarından sonra vəkil Fariz Namazlı vəsatət qaldırıb. O, Tale Bağırzadədən aşkar edilən yaddaş kartlarının, məhkumlar tərəfindən həbsxanada istifadəsi qadağan olunmuş radioelektron vasitələrin elementi kimi tanınmasına etiraz edib. Vəkil bildirib ki, "radioelektron vasitələrin elementləri" ifadəsinə normativ anlayış verilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu göndərilməlidir. Məhkəmə vəsatəti qəbul etməyib.

Bununla da məhkəmə istintaqı başa çatıb. Tərəflər son sözə hazırlaşmaq üçün vaxt istəyib. Növbəti proses fevralın 13-ə təyin olunub.

Qeyd edək ki, Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Nardaranda keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Həmin əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Həmin gün Taleh Bağırzadə ilə yanaşı, daha 16 nəfər saxlanılıb. Ümumiyyətlə, Nardaran əməliyyatından sonra 200-ə yaxın adam həbs olunub.

Taleh Bağırzadə və digər həbs olunanlar onlara verilən qəsdən adam öldürmə, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s. cinayətlərdə ittiham olunublar.

T.Bağırzadə məhkəmə hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Top
JoomlaLock.com All4Share.net