Jurnalistin qətlində şübhəli saxlanıb-VİDEO
Featured

09 Oktyabr 2018

Bolqarıstan polisi televiziya jurnalistinin qətlilə əlaqədar şübhəli bilinən şəxsi saxlayıb. Jurnalist Viktoria Marinova-nın amansızlıqla ödürülməsi ölkəni sarsıdıb, dünya ictimaiyyətini qəzəbləndirib.

"Bir şübhəlinin saxlandığını deyə bilərik", – Reuters xəbər agentliyi jurnalistin qətlinin istintaqıyla tanış hökumət mənbəsinə istinadla yazıb. Mənbə anonimlik şərtilə danışıb.

Bolqarıstan dövlət radiosu Daxili İşlər Nazirliyindəki mənbələrə istinadla təsdiqlənməmiş informasiya yayıb. Şübhəlinin "Moldova pasportu daşıyan rumıniyalı olduğu" bildirilir.

Nazirliyin sözçüsü məlumatı şərh etməyib.

Marinovanın cəsədi oktyabrın 6-da Ruze şəhərində Dunay çayının yaxınlığındakı parkda tapılıb.

Polis 30 yaşlı Marinovanın qəddarlıqla döyüldüyünü, zorlandığını və boğulduğunu bildirir. Onun həm şəxsi, həm də peşəkar həyatıyla bağlı təhqiqat gedir.

Beynəlxalq qurumlar Bolqarıstanı jurnalistin ölümünü sürət və qətiyyətlə araşdırmağa çağırıb.

"QORXUNC QƏTL VƏ ZORLAMA"

BMT-nin Baş katibi Antonio Guterres hökumətləri jurnalistlərə qarşı cinayətlər üzrə "hesabatlılığı" təmin etməyə çağırıb. O, Bolqarıstandakı insidenti "qorxunc qətl və zorlama" adlandırıb.

BMT-nin sözçüsü Stephane Dujarric Nyu Yorkda jurnalistlərə deyib ki, "özəlliklə qadın jurnalistlərə qarşı cinsi və digər zorakılıq halları narahatedici şəkildə artmaqdadır".

Bolqarıstanda prokurorlar isə Avropa İttifaqının ayırdığı vəsaitdən sui-istifadə hallarıyla bağlı iddiaları araşdırmağa başlayıb.

Marinovanın sentyabrda aparıcılıq etdiyi proqramda bu mövzu müzakirəyə çıxarılmışdı. Proqramda söhbət GP Group adlı tikinti şirkətindən gedirdi. Daxili İşlər Nazirliyi bu şirkətlə bağlı araşdırma aparıldığını qeyd edib.

GP Group-un Aİ-nin ayırdığı vəsaiti sui-istifadə etdiyi bildirilir. Nazirliyin məlumatına görə, şirkətin 16 milyon dollarlıq aktivi dondurulub.

Oktyabrın 8-də axşam yüzlərlə adam Ruze şəhərində jurnalisti anmağa çıxıb. Ölkənin müxtəlif yerlərində Marinovanın portretləri qaldırılıb, şamlar yandırılıb.

İştirakçılardan bəziləri isə Ədalət Sarayına üz tutaraq korrupsiyaya etiraz ediblər, hökumətin, baş prokuror Sotir Tsatsarov-un istefasına çağırıblar.(azadlıqradiosu)

Top
JoomlaLock.com All4Share.net