Print this page

"İran 35 ABŞ hərbçisinin olduğu "P-8" kəşfiyyat təyyarəsini də məhv edə bilərdi, amma..."
Featured

22 İyun 2019

"Məqsədimiz Amerikanın terrorçu qoşunlarına xəbərdarlıq etmək idi"

"İran ABŞ-a məxsus pilotsuz uçan aparatı vurduğu vaxtı göyərtəsində 35 Amerika hərbçisinin olduğu "P-8" kəşfiyyat təyyarəsini də məhv edə bilərdi".

Bunu İran İslam İnqilabının Keşikçilər Korpusunun hərbi-kosmik qüvvələrinin rəhbəri, general Əmir Əli Hacızadə bildirib.

"ABŞ-a məxsus casus pilotsuz uçan aparat vurulduğu vaxt onun yaxınlığında göyərtəsində 35 amerikalının olduğu "P-8" kəşfiyyat təyyarəsi də var idi. Biz onu vurmadıq. Çünki məqsədimiz Amerikanın terrorçu qoşunlarına xəbərdarlıq etmək idi", - general Hacızadə bildirib.

Xatırladaq ki, İyunun 20-də səhər saat 4:00 radələrində ABŞ-a məxsus "RQ-4 Global Hawk" markalı dünyanın ən bahalı və müasir texnologiyaları ilə təchiz edilmiş pilotsuz təyyarəsi, Fars körfəzinin Hormuz boğazından İran İR-nın hava məkanına daxil olmuş və İran ərazisinə təcavüz edəndən 5 diqəqə sonra, saat 4:05-də İranın Hormuzqan ostanı üzərində İran İR-nın İnqilab Keşikçiləri Korpusunun (Sepah) Hava və Fəza Qüvvələri tərəfindən vurularaq məhv edildi. 

Pilotsuz təyyarənin qiyməti 200 milyon dollardır.

İslam İnqilabı Keşikçilər Korpusu bəyan edib ki, İranın cənubunda ABŞ-a məxsus "Global Hawk" uçan pilotsuz kəşfiyyat aparatını vurub.
Tehran dronu İranın hava məkanını pozarkən vurduğu halda ABŞ dronun Hörmüz körfəzi səmalarında, beynəlxalq hava məkanında vurulduğunu iddia edib. Lakin İran tərəfi vurduğu aparatın qalıqlarını nümayiş etdirməklə, hadisənin İran ərazilərində baş verdiyini bir daha sübut edib.

İnsidentdən bir həftə əvvəl isə Oman körfəzində Hörmüz boğazı yaxınlığında üzən "Kokuka Courageous" və "Front Altair" neft tankerlərində partlayış və yanğın baş verib. İnsidentin səbəbləri aydın olmasa da, ABŞ İranı gəmilərə hücumda günahlandırıb.

ABŞ prezidenti Donald Tramp bu olayın təsadüf olduğuna inanmaq istədiyini bildirib. O, Kanadanın baş naziri Castin Trüdo ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən olaya fərqli münasibəti ilə diqqətləri özünə çəkib:

"İnanmaq çətindir ki, bu, qəsdən edilib. Düşünürəm ki, dronun vurulması səhvini edən qeyri-ciddi və axmaq bir generaldır, ya da başqa birisidir. Dronda heç kim yox idi və bu detal əhəmiyyət kəsb edir".