"Qarabağ iftixarımdır" deyən Şəhidimiz Yuri Kovalyovun doğum günüdür
Featured

29 Noyabr 2017

Bu gün Milli Qəhrəmanımız Yuri Kovalyovun doğum günüdür.

Yuri Kovalyov 1965-ci il noyabrın 29-da Göyçay rayonunda rus ailəsində anadan olub. 

Üç yaşından atası onları atır. Yuri atasız böyüyür. Ailə 1972-ci ildə ailəliklə Rusiyanın Krasnodar vilayətinə köçsə də, 5 ildən sonra Bakıya geri dönür.

Y.Kovalyov orta təhsillə yanaşı idmana da böyük maraq göstərirdi. 11 yaşında olarkən idman ustası və Azərbaycanın əməkdar məşqçisi Ravil Cəlilovun rəhbərliyi ilə futbol məktəbinin ixtisaslaşdırılmış sinfində sevdiyi idman növünün sirlərinə yiyələnir. Hələ futbol məktəbində oxuyarkən bacarıqlı qapıçı kimi formalaşan Yuri öz çevikliyi ilə yoldaşları arasında fərqlənirdi. O, iki dəfə Bakı çempionu olmuş, Respublika və Ümumittifaq turnirlərində Bakının gənclərindən ibarət yığma komandasının qapısını qorumuşdu.

1981-ci ildə Bakının Nizami rayonundakı 229 saylı orta məktəbi bitirib. 1982-ci ilə kimi Azərittifaqın reklam istehsalat kombinatında çalışıb. 1983-cü ildə Pribaltika hərbi dairəsinin sıralarına çağırılmış, hava desant qoşunlarında xidmət edib, 1985-ci ildə ordudan tərxis olunub. 1987-ci ildə Bakı Qırmızı bayraqlı Qara Dəniz Hərbi Donanmasının 109 saylı Miçmanlar və Praporşiklər Məktəbinə daxil olub.

O, 1990-cı il sentyabr ayının 15-də Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilir, Azərbaycanın bir çox döyüş bölgələrində mərdliklə vuruşur.

Kovalyov Goranboy rayonunun kəndlərinin azad edilməsində böyük şücaət göstərib. Düşmən tərəfindən "Əsədovun bandası” adlandırılan XTMD-nin əməkdaşları ilə düşmənin rahatlığını əlindən almışdı. Düşmən snayperləri onu dağlar, daşlar arasında da axtarırdı. Başına yüz min rubl qiymət qoyulmuşdu. General Məhəmməd Əsədovun və nazir müavini polkovnik Ramiz Məmmədovun Yura Kovalyova böyük rəğbəti var idi, Kovalyov onları tez-tez müşayiət edərdi.

1991-ci ilin aprel ayında döyüş zonalarında fərqlənmiş bir qrup OMONçunu mükafatlandırmaq üçün Daxili İşlər Nazirinin müavini Rəhim Quliyev və nazirliyin şöbə rəisi Həmid Cəfərov XTMD-yə gəlir. Mərasimdə çıxış edən Həmid Cəfərov 1991-ci il aprel ayının 3-də respublikanın xalq deputatlarından Aydın Məmmədovun, Tamerlan Qarayevin, Ramiz Fətəliyevin və bir sıra rəsmi şəxslərin və özünün vertolyot qəzasına uğramalarından söhbət açaraq vertolyotdakıların xilas olmasında Yuri Kovalyovun yüksək peşə səriştəliyi nümayiş etdirməsini xüsusilə qeyd eib. Söhbət zamanı Yura ünvanına deyilən təriflər qarşısında təvazökarcasına susur və sonda "Mən də azərbaycanlıyam, bu torpağın çörəyini yemişəmsə, suyunu içmişəmsə, ona da xidmət etməliyəm" deyir.

Onun rus olması xarici jurnalistləri təəccübləndirirdi. Yuri Kovalyov Şuşanın Qaladərəsi kəndində Azərbaycan jurnalistlərini müşayiət edərkən, gözlənilmədən ora Ermənistan vertolyotu enmiş və vertolyotdakı xarici müxbirlər onunla görüşmək istəmişlər. Xarici jurnalistlər Kovalyovu suala tutmuşlar:

- Siz russunuzmu?
-Bəli, mən rusam, Azərbaycan isə vətənimdir.

O, cəbhə xəttindən anasına göndərdiyi şəklin arxasına "Qarabağ mənim vətənimdir, iftixarımdır, sevincimdir, kədərimdir" kəlmələrini yazır.

1991-ci il sentyabrın 13-ü Yuri Kovalyov Bakıdan döyüş bölgəsinə yollanıb, həlak olduğu gündən iki gün əvvəl axırıncı dəfə evə zəng vurub hal-əhval tutub. 

1991-ci il 3 oktyabrda digər OMON-çu dostları – Sergey Barınin, Andrey Kudenin, Aleksandr Abramovla birlikdə Ağdam ərazisində Xocavənddən növbəti tapşırıqdan qayıdanda içində olduqları UAZ-ı ermənilər fasiləsiz olaraq atəşə tuturlar. Yura Kovalyov Şəhid olur, Kudenin isə ağır yaralanır. Ermənilər UAZa yaxınlaşanda partlayış baş verir. Azərbaycanın qəhrəman oğulları ölüm ayağında belə bir neçə düşməni məhv edirlər.

Yuri Kovalyov Bakı şəhərdə Şəhidlər Xiyabanında dəfn edilib.

Qeyd edək ki, Yuri Kovalyov Tamara adlı xanımla ailə həyatı qurmuşdu. Onun Regina və Yuliya adlı qızları yadigar qalıb.

Top
JoomlaLock.com All4Share.net