Bütün vəzifəlilər Laçından bir ay öncə çıxmışdı-VİDEO
Featured

18 May 2018

Laçın Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən bölgəsidir. Biz bu bölgəni düz 26 ildir ki itirmişik. 26 ildir ermənilər Laçında ürəkləri istədiyi turizm mərkəzlərini açaraq dünyaya bu gözəl diyarı qədim erməni torpaqları kimi tanıdır.

1992-ci il may ayının 17-18-də erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan etdi. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşdü, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu, bəziləri itkin düşdü.

Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qaldı. Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən mayın 18-də Laçını tamamilə ələ keçirdi. 

Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turştiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqları bu gün ermənilər dünyaya tanıdır və sularının satışından milyonlar qazanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayonun işğalı ilə bağlı yaydığı məlumatda isə deyilir ki, Laçın rayonu ərazisində ümumi ehtiyatları 1124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), 2 əlvan bəzək daşı, vulkan külü və digər təbii sərvətləri var.

Laçın rayonundakı Qaragöl Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlığı da hal-hazırda işğal altındadır. Ümumi sahəsi 240 hektar olan qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü var. 1961-ci ilin noyabr ayında heyvan və quşları qoruyub saxlamaq və artırmaq məqsədilə yaradılan Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb.

1989-cu ildə aparılan yoxlama zamanı 96 dağ-keçisi (bezoar keçisi), 360 qaban, 320 cüyür, 110ayı, eləcə də çoxlu sayda canavar, porsuq, dələ, qırqovul, kəklik qeydə alınıb.

Laçında gedən döyüşlər zamanı yüzlərlə azərbaycanlı Şəhid oldu və ya itkin düşdü.

 

 

Top
JoomlaLock.com All4Share.net