Bu gün Şəhid Raquf Orucovun mövlududur-VİDEO
Featured

12 İyul 2018

Bu gün Şəhid Raquf Orucovun mövlududur.

Vetenugrunda.az bu gün oxucularına Raquf Orucovu xatırladacaq. Raquf İbrahim oğlu Orucov 12 iyul 1972-ci ildə Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovların ailəsində anadan olub. Ailənin birinci övladı olan Raqufun özündən başqa üç qardaşı və bir bacısı olub.

1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrıldı və çətin günlərdə Azərbaycan Ordusunun sıralarına qoşuldu. O, üç-dörd ay ərzində Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlarda iştirak edib və  ayağından ağır qəlpə yarası alıb.

Elə həmin günlərdə ermənilərin Ağdam rayonunu atəşə tutması nəticəsində Raquf Orucovun dayısı Azər Rəhimov şəhid oldu. Qanlı döyüşlərdə Azərbaycan ordusu nə qədər şücaət göstərsədə, 1993-cü ilin 12 iyun günündə rus-erməni ordusu Ağdam rayonunun Cinli kəndini işğal etdi. İşğal zamanı beş övlad anası olan Raya xanım erməni gülləsindən Şəhid oldu. Elə həmin ildə Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verdi, amma məktəbə qəbul ola bilmədi. Buna baxmayaraq o, ruhdan düşmədi və ertəsi il həmin məktəbə qəbul oldu. Anasının qisasını ermənilərdən alacağı ümidilədə onun şərəfli hərbçi həyatı başladı.

Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində iki il ərzində lazımi biliklərə yiyələndi. Kursant Orucov, ona məktəbdə verilən müavinatları özünə xərcləmir, gətirib atasına, onlara analıq edən nənəsi və ömrünü qardaşının dörd övladına həsr edən, bibisi Səyyarə xanıma verir.

1996-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat aldı, amma gənc zabit ön cəbhədə olmağa üstünlük verdi. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murovdağa aldı və kəçfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam etdi.

2016-cı ilin aprel ayının əvvəlindən polkovnik-leytenant Raquf Orucov sonuncu döyüşünə qatıldı. Aprelin 5-i polkovnik-leytenant Raquf Orucov son mənzilə yola salındı. Sumqayıt şəhərində baş tutan dəfn mərasiminə 10 000-dən çox insan, Müdafiə Nazirliyinin üst rütbəli zabitləri Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunan Raquf Orucovun məzarının solunda 2014-cü il doyüşlərində şəhid olan əsgər Hüseyn Abdulov, sağında elə Aprel döyüşlərində şəhid olan Murad Məmmədov dəfn edilib. Həm Hüseyn Abdulov, həmdə Murad Məmmədov polkovnik-leytenant Raquf Orucovun əsgərləri idi.

2017-ci il 13 fevralda isə Oxford Məktəbində Raquf Orucovun həyatından bəhs olunan "Murov qartalı" kitabının təqdimatı mərasimi oldu. Elşən Əliyev və Elxan Salahovun müəllifliyi və tərtibçili ilə ərsəyə gələn kitabda şəhidin həyat yoldaşı Sevinc Orucovanın yazdığı olduğca təsirli esse də yer alıb.

Kitab Raquf Orucovun əsgər yoldaşları, dostları və ailə üzvlərinin xatirələri əsasında yazılıb.

Təqdimat mərasiminin sonunda Raquf Orucov haqqında sənədli film nümayiş olundu. 

Qeyd edək ki, Raquf Orucov 1999-cu ildə Sevinc Alızadə ilə ailə həyatı qurub.  Aqşin və Nihad adında iki oğlu yadigar qalıb.

Top
JoomlaLock.com All4Share.net