Milli Qəhrəman Şikar Şikarovun doğum günüdü
Featured

03 Dekabr 2018

Bu torpağın uğrunda canını fəda edənləri xalq unutmayacaq.

Vetenugrunda.az bu gün Şəhidimiz, Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarovu xatırladacaq oxuculara.

Şikar Şikarov 3 dekabr 1953-cü ildə Bakı şəhərində anadan olub. 1961-ci ildə 164 saylı orta məktəbə gedib, 1971-ci ildə 46 saylı orta məktəbi bitirib. Elə həmin il Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə qəbul olunub. 1975-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra, təyinatla Rusiyanın Primorsk vilayətindəki hərbi hissələrin birində rota komandiri kimi fəaliyyətə başlayıb. O, işləyə-işləyə təhsilini artırmağı da unutmayıb, o, Moskvada Frunze adına Hərbi Akademiyaya qəbul olunub.

1989-cu ildə Akademiyanı bitirərək, polkovnik-leytenant rütbəsi ilə Ukraynanın Luqansk şəhərində yerləşən hərbi hissələrdən birinə qərargah rəisi göndərilib. Bununla yanaşı, Almaniyada təkmilləşdirmə kursu da keçib.

1990-cı ildə 20 Yanvar hadisəsindən sonra Şikar Şikarov Azərbaycana qayıdıb. O, Mülki Müdafiə Baş Qərargahında əməliyyat şöbəsinin rəisi, 1992-ci ilin fevral ayında isə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini təyin edilib. Xidməti vəzifəsi ilə əlaqədar olaraq tez-tez sərhəd bölgələrində olurdu. 1992-ci il mart ayının əvvəllərində Goranboy rayonuna gələrək, işğal olunmuş ərazilərin erməni yaraqlılarından azad olunması əməliyyatını hazırlayıb və həmin əməliyyata bilavasitə rəhbərlik edib. Bu əməliyyat zamanı rayonun bir sıra kəndləri düşmən tapdağından azad olunub.

Növbəti dəfə Ağdərədə uğurlu əməliyyat həyata keçirib. Bu əməliyyat nəticəsində düşmənin xeyli hərbi texnikası, canlı qüvvəsi məhv edilib, ən başlıcası isə Tərtər rayonunun top və raket atəşinə tutulmasına son qoyulub.

12 iyun 1992-ci il ordumuzun başladığı genişmiqyaslı hücum cəmiyyətimizdə "Ağdərə əməliyyatı" kimi tanınsa da, yay hücum əməliyyatı "Əsgəran və Şaumyan əməliyyatlarından", ayrıca "Ağdərə əməliyyatından" ibarət olub. Bu əməliyyatda Şikar Şikarov xüsusi qəhrəmanlıq göstərib və Şəhid olub. Uğurlu döyüş əməliyyatları nəzərə alınaraq ona polkovnik rütbəsi verilmişdi.

23 iyun 1992-ci ildə polkovnik Şikarov Şikar Şükür oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Qobustan rayon Sündü kənd orta məktəbi onun adını daşıyır.

Ailəli idi. İki övladı yadigar qalıb.

Top
JoomlaLock.com All4Share.net