Rövşən Abdullayev: Dostlarına və Vətəninə görə son nəfəsinədək döyüşən Şəhid
Featured

16 Yanvar 2019

16 yanvar Şəhid Rövşən Əbdülhüseyn oğlu Abdullayevin doğum günüdür.

Vetenugrunda.az bu gün oxucularına Azərbaycanın Milli Qəhrəmanını xatırladacaq.

Rövşən Abdullayev 1969-cu ilin 16 yanvarında Lerik rayonunda doğulub. Orta təhsilini Astara şəhər 1 saylı orta məktəbdə başa vurduqdan sonra ailəsi ilə birlikdə Lənkərana köçüb. 

O, 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi məktəbinə daxil olub. 1991-ci ildə ali məktəbi əla qiymətlərlə bitirən gənc leytenantın təyinatı Rostov şəhər Daxili İşlər Şöbəsinə verilib.

O, Azərbaycana qayıdan kimi DİN-in əməkdaşı olaraq daxili qoşunların tərkibinə qatılır. Gənc zabit bir müddət sonra Zəngilana göndərilir. Rövşən 70 nəfərdən ibarət tağımın komandiri təyin edilir. Onun başçılıq etdiyi tağım göstərdiyi şücaətə görə cəbhədə ad çıxarır. 

R. Abdullayevin köməkliyi ilə düşmənin Qafan rayonunda yerləşən obyektləri məhv edilib. 13 sentyabr 1993-cü il Rövşənin son döyüşü olub. Erməni faşistləri Zəngilan rayonunun Qazançı kəndinə hücum edir. O, döyüş yoldaşları ilə "QAZ-66" markalı avtomobilə əyləşib Qazançıya yollanır, onlar kəndin yaxınlığında düşmənin PDM-i və piyadaları ilə üzbəüz çıxr, güclü atəşə maruz qalan vətənimizin igid oğulları ölüm -dirim savaşına girir. Rövşən yoldaşlarına meşəyə çəkilməyə əmr edir, özü isə ağır yaralansada silahı yerə qoymur. O, son nəfəsinədək vətəni, dostları uğurunda döyüşür və Şəhid olur.

R.Abdullayev Şəhid olanda subay idi. Lənkəran şəhər qəbristanlığında dəfn edilən Şəhidimizin Lənkəran şəhərində abidəsi qoyulub.  Adına Lerikdə mədəniyyət evi və küçə var. 

Şəhid olduqdan iki il sonra Rövşən Əbdülhüseyn oğlu Abdullayev "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Ruhu şad olsun!

Top
JoomlaLock.com All4Share.net