Cəyirlinin qəhrəman oğlu-Şəhid Rasim Hüseynov
Featured

18 Yanvar 2019

Bu gün Şəhid Rasim Hüseynovun dəfn günüdür. 

Vetenugrunda.az bu gün oxucularına Şəhid Rasim Hüseynovu xatırladacaq.

Rasim Hüseyn oğlu Hüseynov 1964-cü ildə Şamaxı rayonunun Cəyirli kəndində dünyaya göz açıb. Orta məktəbi bitirib hərbi xidməti başa vurduqdan sonra Əlibayramlı (indiki Şirvan) rayonu Sənaye Texnikumunda təhsil alıb. Təhsilini başa vurduqdan sonra Şirvanda işləməyə başlayıb.

1990-cı illərdən başlayan müharibə vəziyyəti və ermənilərin vətənimizin torpağına xaincəsinə soxulmaları Rasimi narahat edir. O, 1992-ci ildə könüllü olaraq cəbhəyə yola düşür. Ön cəbhədə bir çox döyüşlərdə iştirak edir. 

Qarabağ müharibəsinin ən qızğın çağlarında, 1994-cü ildə komandir Rasim Hüseynov Ağdamın Güllücə kəndində gedən döyüşlərdə qəhrəmanlıqla iştirak edir. Həmin döyüşlərin birində 6 yanvar günü o, öz əsgərləri ilə bərabər Şəhad zirvəsinə ucalır.

Rasim Hüseynovu yanvarın 18-də Şamaxı rayonunun Cəyirli kəndində torpağa tapşırırlar. Hazırda Cəyirli kəndinə yerləşən məktəblərdən biri Rasim Hüseynovun adını daşıyır. Həmin kəndin abidə kompleksində də Şəhidə bir büst qoyulub. Bundan başqa Hacıqabul rayonunun Muğan qəsəbəsində Şəhidin adına bir küçə var.

Qeyd edək ki, Qarabağ uğrunda gedən döyüşlərdə Cəyirli kəndi 3 Şəhid verib. Mirtalib Babayev isə itkin düşüb. Bu günə qədər bu döyüşçüdən xəbər yoxdur. 1993-cü ildə Qarabağ uğrunda canlarından keçmiş qəhrəmanlar Şəhid Rasim Hüseynov, Şəhid Ayaz Quluyev və Şəhid Hicran Səmədov könüllü olaraq döyüşlərə qoşulmuş və Şəhadət zirvəsinə ucalmışlar. Bütün Şəhid və itkin düşənlərə Allahdan rəhmət diləyirik. Vətən sağ olsun!

Top
JoomlaLock.com All4Share.net