Mübariz İbrahimov: "Seyid nəvəsi olaraq bunu etməliyəm"-VİDEO
Featured

07 Fevral 2019

Bu gün Azərbaycanın Milli Ordusunun giziri, Azərbaycanın Milli Qəhrəmanı, etdiyi qəhrəmanlıqla dünyaya ün salan böyük azərbaycanlı Mübariz İbrahimovun doğum günüdür.
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid olmuş M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olub. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılıb.

Hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət "İnter Sekyuriti" MMC-də mülki işlərdə işlədikdən sonra, 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına Şəhid olur. O, 145 nəfərə yaxın erməni işğalçısını təkbaşına məhv edir. 

2010-cu ildə Mübariz İbrahimovun valideynlərinə yazdığı son məktubunun əlyazması:

"Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz.. Haqqınızı halal edin."

Həmin ildə Mübariz İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi. Prezidentin başqa bir sərəncamı ilə İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakılar qərara alınıb:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.
2. Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.

Mübariz İbrahimovun ölməsinə baxmayaraq, Ermənistan onun cəsədini 141 gün saxladı. Ermənilər İbrahimovun cəsədinin şəkillərini internet saytlarında yayımladı.

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm danışıqların nəticəsində, İbrahimovun meyidi 6 noyabr 2010-cu il tarixdə Ağdam-Bərdə yolunun üzərində, işğal altındakı Baş Qərvənd kəndi yaxınlığında Ermənistan tərəfdən alındı. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Azərbaycan Respublikası Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirildi.

Top
JoomlaLock.com All4Share.net