İlxıçılar kəndinin qəhrəman oğlu Elman Hüseynov...
Featured

28 Fevral 2019

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi Şəhidi Hüseynov Elman Süleyman oğlunun mövlududr. 

Vetenugrunda.az bu gün oxucularına Elman Hüseynovu xatırladacaq.

Hüseynov Elman Süleyman oğlu 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azad Qaraqoyunlu (İlxıçılar) kəndində doğulub. 1958-1968-ci illərdə Azad Qaraqoyunlu kənd orta məktəbində orta təhsil alıb. 1968-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitunun hidro-meliorasiya fakültəsinə qəbul olub. 1973-cü ildə mühəndis ixtisası alaraq təhsilini başa vurub. 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant rütbəsində zabit kimi xidmət edib. 

1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. 1982-1985-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1985-1988-ci illərdə Tərtər rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1988-1990-cı illərdə Tərtərçay hidroqovşağı İstismar İdarəsinin rəisi, sonra isə rayon Partiya Komitəsində təlimatçı vəzifələrində çalışıb. Dəfələrlə rayon sovetinə deputat seçilib.

Nazirlər Kabineti nəzdində Xalq Təsərüffatını İdarəetmə İnstitunu fərqlənmə diplomu ilə bitirib.

1991-ci ildə yüksək dövlət vəzifələrində işləməsinə baxmayaraq könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib və həmin ilin sentyabrında Tərtər özünümüdafiə qərərgahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünü müdafiə batalyonunun komandiri təyin olunub. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak edib. Şəxsi rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib. 

Döyüşlərdə iki dəfə yaralanıb. 1993-cü il yanvarın 14-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına Şəhid olub. 

Top
JoomlaLock.com All4Share.net